Rusiyalı mühəndis-fizik, Radioaktiv Tullantıların Təhlükəsizliyi proqramının eksperti Andrey Ozarovski “Caliber” analitik mərkəzinə müsahibəsində nüvə apokalipsisinin mümkünlüyünün nə qədər böyük olması və bunun qarşısını almaq üçün nəyin lazım olduğu barədə fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Nüvə müharibəsi təhlükəsi sözün əsl mənasında havada asılıb və bu barədə getdikcə daha çox müdaxilə edirlər. Yaxın gələcəkdə baş verəcəkmi və onun başlanmasına nə səbəb ola bilər?
- Fakt budur ki, nüvə silahı olan ölkələr onu saxlamaq üçün çoxlu pul xərcləyirlər. Nüvə bombası orta əsr qılıncı deyil ki, bir dəfə düzəldib divardan asasan və o, hər an istifadəyə hazır olsun. Nüvə silahı nüvə yanacağı zəncirində olan müəssisələrin işini tələb edir və ona sahib olan ölkələr bu və ya digər dərəcədə onlardan apriori istifadə etməyə hazırdır. Və onlardan ən azı biri, məsələn, Fransa dedi ki, bəli, biz şəhərləri bombalamaq, dinc insanları öldürmək istəmirik, bütün bunlar barbarlıqdır və orta əsrlərə qayıtmaqdır. Təəssüf ki, bütün nüvə ölkələrinin müasir hərbi doktrinası heç də ondan imtina etməyi təklif etmir. Deməli, nüvə silahına malik olan ölkənin ondan istifadə etməyə hazır olması barədə bəyanat təkcə Rusiyaya deyil, digər dövlətlərə də aiddir.

İndi biz yenidən nüvə arsenallarının ixtisarına doğru tendensiyanın iflasa uğradığının şahidi oluruq, baxmayaraq ki, bu sahədə 90-cı illərdə böyük uğurlar əldə edilib. Şəxsən mənim üçün bir ekoloq kimi bütün digər razılaşmalarla yanaşı, 34 ton plutoniumun məhv edilməsi ilə bağlı razılaşmaların əldə olunması vacibdir. Axı plutonium nüvə bombası üçün doldurma kimi istifadə edilə bilən materialdır.
Bununla belə, həm Rusiya, həm də ABŞ hazırda nüvə silahlarının yayılmamasına dair bir sıra müqavilələrdən çıxır və bu, son dərəcə mənfi tendensiyadır. Bu, nüvə silahlarının modernləşdirilməsinə sərbəstlik verir: Birləşmiş Ştatlar artıq yeni texnologiyalardan istifadə etməklə nüvə silahı istehsalını bərpa etmək niyyətində olduqlarını bəyan edib, bu da məhz nüvə silahının əbədi olaraq saxlanıla bilməyəcəyi ilə bağlıdır. 70-80-ci illərdə istehsal olunan cihazların istifadə müddəti bitir və indi onları yeniləmək lazımdır. Bütün bunlar Soyuq Müharibə dövründə olduğu kimi iki ölkənin deyil, bir neçə ölkənin, məsələn, Çinin də qatılacağı yeni silahlanma yarışı üçün növbəti addım ola bilər. Həm də sözün əsl mənasında bu sahədə sıçrayış edən KXDR də “nüvə klubu”na qoşulmaq istəyir. Dünya getdikcə daha təhlükəli olur. Bundan əlavə, yerli münaqişələr var: Rusiya və Ukrayna arasındakı müharibədən əlavə, bunlar Hindistan və Pakistan və ya eyni Şimali və Cənubi Koreya arasındakı çəkişmələrdir, əgər toqquşmalar gərginləşsə, nüvə silahından istifadə olunması ehtimalı var.
- İsrail və İran da var. Tehran, israilli ekspertlərin fikrincə, atom bombası yaratmağa yaxındır. Yəni İranın atom bombası illüziyadır, yoxsa realdır?
- Nüvə silahının mövcudluğuna gəlincə, dünya ictimaiyyəti əmindir ki, bu, rəsmi olaraq tanınmasa da, İsraildə var. Onu da xatırlatmaq yerinə düşər ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozaraq Hindistan, Pakistan və KXDR də onları əldə edib. Ən dəhşətli kütləvi qırğın silahı bütün planetə yayılır, onun yaradılması üçün artıq heç bir xüsusi sirr yoxdur. Amma bu fonda belə İranın nüvə proqramı xüsusi narahatlıq doğurur. Bəzi İran müəssisələrinin yaxınlığında nümunələrdə qeyri-səciyyəvi yüksək uran-235 konsentrasiyasının aşkar edildiyi barədə məlumatlar var, yəni İran rəsmi olaraq zənginləşdirilmiş uranın yalnız daxili enerjini təmin edəcəyini bəyan etsə də, onun hərbi sahədə istifadə olunacağı açıq-aydındır. Beləliklə, hər şeyə baxsaq, texniki cəhətdən İran hazırda partlayıcı nüvə qurğusu istehsal etmək üçün bütün şəraitə malikdir- həm zənginləşdirilmiş uran, həm də plutonium əsasında.
Qeyd etmək lazımdır ki, İranda Buşehr AES-i Rosatom tikib, burada nüvə xammalı, hətta silaha yararlı plutonium da istehsal edə bilər. Təfərrüatlara varmadan, sadəcə olaraq bir atom elektrik stansiyasının işini nüvə yanacağının boşaldılmasının fərqli bir rejiminə keçirməklə nüvə bombası istehsalı üçün kifayət qədər yaxşı xammal əldə edə biləcəyini iddia etmək olar. Təəssüf ki, nüvə silahları indi beynəlxalq konvensiyalarla qadağan olunmayan yeganə kütləvi qırğın silahıdır. Çünki heç bir nüvə dövləti bu ideyanı dəstəkləmədi. Lakin kimyəvi, bakterioloji və digər kütləvi qırğın silahları qadağandır.
- Bu gün Ermənistanın Metsamor Atom Elektrik Stansiyası da ciddi narahatlıq doğurur. Bu stansiya Cənubi Qafqaz üçün nə dərəcədə təhlükəlidir?
- Dərhal qeyd etmək lazımdır ki, hər hansı reaktoru olan istənilən AES ümumən təhlükəlidir. Metsamordakı atom elektrik stansiyasının xüsusiyyətləri isə ondan ibarətdir ki, oradakı reaktorlar arxaikdir, bunlar 60-70-ci illərin qurğularıdır - WWR 440 reaktorları, müəyyən mənada, bəlkə də Çernobıldan bir az daha etibarlıdır, ancaq mühəndislik, texniki problemlər, təhlükəsizlik analizi tam təhlilinə görə Avropa İttifaqında təhlükəli olaraq tanınan və dayandırılmalı olanlar reaktorlardandır. Ermənistanın AES-in əsas problemi, fikrimcə, iki mühüm aspektdədir: onun yüksək hündürlükdə yerləşməsi, qəza zamanı radioaktiv maddələrin spektrini xeyli artırır. Digər problem isə tullantılarla bağlı vəziyyətdir. Həqiqətən də Metsamor AES-in ömrünün uzadılması, üstəlik onun modernləşdirilməsi qərarından sonra bu məsələ daha da aktuallaşıb. Sovet dövründə, mövcud müqavilələrə əsasən, AES-dən bütün işlənmiş yanacaq emal üçün respublikalardan RSFSR-ə ixrac edilirdisə, indi Rusiya qanunvericiliyi buna mane olur. Beləliklə, təhlükəsizlik problemi, o cümlədən tullantı problemi tam inkişaf edir. Ermənistanın atom elektrik stansiyası şübhəsiz ki, böyük narahatlıq doğuran obyektdir.
Eyni zamanda, stansiya ölkənin energetika sektorunda böyük paya malikdir və onun hakimiyyət orqanları onu qətiyyən bağlamaq niyyətində deyil...
Bununla belə, mən inanıram ki, bütün Qafqaz üçün ekoloji riskləri azalda biləcək bəzi ümidlər və alternativlər var. Məsələn, Ermənistan qonşu dövlətlərlə, o cümlədən, Azərbaycanla münasibətlərini yaxşılaşdırsa, bərpa olunan enerji mənbələrindən, ilk növbədə külək və günəş enerjisindən istifadəni sürətləndirmək tamamilə mümkündür. Bu yeni “yaşıl” texnologiyaların təşviqi bu köhnə, təhlükəli zavodu işlək vəziyyətdə saxlamaqdan qat-qat sərfəli və rahatdır. Amma bu, daha çox Ermənistan rəhbərliyinə aid olan məsələdir- ümumiyyətlə, mənə elə gəlir ki, təkcə Azərbaycanın deyil, Avropa İttifaqının da bu məsələyə münasibətini nəzərə alsaq, Ermənistanın geniş miqyaslı bərpa olunan enerji proqramının hazırlanması üçün müəyyən qədər maddi və mühəndislik yardımı almaq şansı var. Bu, ölkə üçün ən yaxşı addım olacaq. Ermənistan AES-də ciddi qəza baş verməmiş və ya radioaktiv tullantı ətrafı zəhərləməmiş onu bağlamaq lazımdır.
Tərcümə - Elçin Bayramlı