Dünya tarixində amansız terror fəaliyyətləri ilə seçilən dəstələr, qruplar çox olub. Onların qanlı cinayətləri nəticəsində yüzlərlə, minlərlə insan həyatlarını itirib, sağlamlıqlarından olublar. Faktlar sübut edir ki, terrordan ən çox əziyyət çəkən Azərbaycan xalqı olub. Təkcə iki əsr ərzində erməni terror təşkilatları tərəfindən iki milyondan çox insan terrorun qurbanı olub, yüz minlərlə azərbaycanlı şikəst olub, sağlamlığından məhrum edilib, on minlərlə ev dağıdılıb, qəsəbələr, şəhərlər yerlə yeksan olunub. Azərbaycan müstəqillik qazandıqdan sonra erməni terror təşkilatları və onlara siyasi hərbi dəstək göstərənlər fəaliyyətlərini daha da genişləndirmişlər. Nəticədə aşağıda qeyd edəcəyimiz, faciələr, fəlakətlər yaşanıb.
Belə ki, 16 sentyabr 1989-cu il. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 5 nəfər həlak olmuş, 25 nəfər yaralanmışdır.
18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də "Şuşa-Bakı" marşrutu ilə hərəkət edən avtobus partladılmış, çoxlu insan tələfatı olmuşdur.
11 iyul 1990-cı il. "Tərtər-Kəlbəcər" sərnişin avtobusu partladılmış, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilmiş, nəticədə 14 nəfər qətlə yetirilmiş, 35 nəfər yaralanmışdır.
10 avqust 1990-cı il. "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılmış, 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları A.Avanesyan və M.Tatevosyan cinayət məsuliyyətinə cəlb olunmuşlar. Həmin gün "Şəmkir-Gəncə" avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında "LAZ" markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 17 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdır.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılmış, 2 nəfər həlak olmuş, 11 nəfər yaralanmışdır.
9 yanvar 1991-ci il. "Molodyoj Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilmişdir. Terrorçu qrupun üzvləri A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan və Q.Arustamyan cinayət məsuliyyətinə cəlb olunmuşlar.
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 11 nəfər həlak olmuş, 22 nəfər yaralanmışdır.
Dünyada erməni terrorundan ən çox əziyyət çəkən dövlət Azərbaycandır
19 iyun 1991-ci il. "Yevlax-Laçın" avtomobil yolunun 106-cı kilometrində 5459 saylı hərbi hissəyə məxsus "UAZ-469" markalı avtomaşın partladılmış, 3 nəfər həlak olmuş, 3 nəfər ağır yaralanmışdır.
31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, nəticədə 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində "QAZ-53" markalı avtomaşın partladılmış, nəticədə 4 nəfər həlak olmuş, 8 nəfər yaralanmışdır.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 10 nəfər ağır bədən xəsarəti almışdır.
8 sentyabr 1991-ci il. "Ağdam-Xocavənd" avtobusunun atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilmiş, 34 nəfər müxtəlif dərəcəli xəsarət almışdır. Terrorun Xaçaturyan Volodi, Yeremyan Saro, Çalyan Saşa, Arustamyan Armo tərəfindən törədildiyi sübuta yetirilmişdir. Həmin gün "Ağdam-Qaradağlı" marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulmuş, 8 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcədə xəsarət almışdır.
26 sentyabr 1991-ci il. "Yevlax-Laçın" yolunda "VAZ-2106" markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılmış, nəticədə 2 nəfər həlak olmuş, 14 nəfər yaralanmışdır.
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər ağır yaralanmışdır.
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökumət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olmuşdur.
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində "ZİL-130" və "Moskviç" maşınları partladılmış, 5 nəfər həlak olmuş, 4 nəfər yaralanmışdır.
8 yanvar 1992-ci il. Türkmənistandan "Krasnovodsk-Bakı" marşrutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olmuş, 88 nəfər yaralanmışdır.
28 yanvar 1992-ci il. "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulmuşdur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.
1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirmiş, 650 nəfəri isə yaralamışlar.
22 mart 1992-ci il. "UAZ 469" markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
28 mart 1992-ci il. "Kamaz-5410" markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılmış, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
18 aprel 1992-ci il. "Qazax-Cəfərli" yolunun 10-cu kilometrliyində "Vaz" markalı maşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər ölümcül yaralanmışdır.
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında "UAZ-469" markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalmış, nəticədə 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır.
1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında "Kislovodsk-Bakı" sərnişin qatarında terror aktı törədilmiş, 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır.
19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir. "20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
13 aprel 1994-cü il. Dağıstan Respublikasının "Daqestanskiye Oqni" stansiyası yaxınlğında "Moskva-Bakı" sərnişin qatarı partladılmış, 6 nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır.
3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. İkili stadartlardan əl çəkməyən beynəlxalq təşkilatlar və aparıcı dövlətlər hələ də erməni terroruna qarşı heç bir təsirli tədbirlər görməyir. Hətta BMT Təhlükəsizlik Şurası Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qeyri-şərtsiz boşaltması barədə 4 qətnamə qəbul etsədə qətnamənin icrası kağız üzərində qalmışdır. Elə ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarını azad etməyə başladı bəzi ikiüzlü siyasət yeridən, ermənipərəst dairələrin qazanından bəhrələnən dövlətlər hay-küy qaldırmağa cəhdlər göstərdilər. Lakin Azərbaycan öz yolundan, torpaqlarını azad etmək məqsədindən dönmədi, nəhayətdə ərazi bütövlüyümüz bərpa edildi. Hazırda işğaldan azad edilən torpaqlarda dostları sevindirib, düşmənin bağrını çatladan geniş quruculuq abadlıq işləri həyata keçirilir. Keçmiş qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı istiqamətində əhəmiyyətli layihələr icra olunur. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışın təməli artıq bütün Qarabağımızı əhatə etməkdədir.
Molla rejimi dünya üçün təhlükə yaradır
Ermənistanla yanaşı, qonşuluğumuzda fəaliyyət göstərən molla rejimi də Azərbaycana qarşı təxribatlar törədir. Daha doğrusu, erməni-daşnak terrorçu birləşmələri ilə həmrəylik nümayiş etdirən molla rejimi Azərbaycanın suvern ərazilərində terror aktları həyata keçirir, təxribatlara cəhdlər göstərir. Ümumiyyətlə, mövcud fakt ondan ibarətdir ki, müxtəlif vaxtlarda molla rejiminin Bakıdakı əlaltıları və xaricdəki terrorçu dəstələri Azərbaycan dövlətinə və xalqına yönələn təxribatlar həyata keçirib. Azərbaycan ərazilərinin işğalı zamanı molla rejimi erməni - daşnak qüvvələri ilə birlikdə talançılıq həyata keçirib, xalqımıza məxsus maddi mədəniyyət nümunələrinin dağıdılmasında yaxından iştirak edib. Yəni, işğal dövründə molla rejimi bütün imkanları ilə ermənilərin yanında olub. Hətta torpaqlarımızın işğal edilməsində daşnaklarla birlikdə iştirak edib. Bunu terrorçu erməni təşkilatının üzvləri də etiraf edirlər. Terror təşkilatının keçmiş üzvü Martiros Jamkoçyan Ermənistan KİV-inə etirafında bildirib ki, “ASALA”-nın rəhbərlərindən biri olan beynəlxalq terrorçu Monte Melkonyan Azərbaycan torpaqlarının işğalı zamanı molla rejimin xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşüb: “1993-cü il avqustun 31-də işğal edilən Qubadlının zəbt olunmasından əvvəl farslar Monteyə zəng ediblər. İranın xüsusi xidmət orqanlarının nümayəndələri Melkonyanla görüşmək üçün Gorusa gəliblər. Keçmiş terrorçu deyib ki, farslar əməliyyatın hazırlığından xəbərdar idilər. Həmin vaxt İran tərəfinin marağı müharibənin nəyin bahasına olursa-olsun, Arazın o tayına keçməməsi idi. Ona görə də onlar bizimlə hesablaşıb, əməkdaşlıq edirdilər”.
Molla rejimi erməni vəhşiliyinə ortaqdır
Tarixi faktlara istinad etsək məlum olar ki, indiki molla rejimi 1090-cı ildə Həsən ibn Səbbah tərəfindən qurulan “Xaşxaşilər”in davamçılarıdır. “Xaşxaşilər” çalışırdılar ki, ətrafda səs-küy yaradan vəhşiliklər, qətliamlar törətsinlər, eyni ilə indiki molla rejimi də böyük ajiotaj yaradan terror aktları həyata keçirirlər. Molla rejimi qanlı terror əməlləri ilə dövlətlərdə və xalqlarda qorxu yaratmağa çalışırlar. Öz xalqı acından ölür, insanlar dilənçi kökündə yaşayır, kənd və qəsəbələr, iri şəhərlər bataqlıq içində inildəyir insanları öldürmək, şəhərlərə fəlakətlər yaşatmaq üçün on milyardlarla dollar terror aktlarının həyata keçirilməsinə pullar xərcləyir. Molla rejimi “HƏMAS”ı, “Hizbullah”ı və Əl-Qaidəni silahlandırır. Hər il bu terrorçu təşkilatların ayaqda qalması üçün 16 milyard dollar vəsait xərcləyir. Məlumatlara istinadən qeyd etmək olar ki, xərcləri bölgüsü aşağıdakı kimidir:
- Suriyada Əsəd rejiminə ödənilən məbləğ 4,7 milyard dollar
- Livanda “Hizbullah” üçün illik ödənilən məbləğ 700 milyon dollar
- Yəməndə Husilərə ödənilən məbləğ ildə 100 milyon dollar
- İraqda “Şiə keşikçiləri” adlı təşkilata ödənilən məbləğ 100 milyon dollar və sair
Amerika Birləşmiş Ştatlarının 2019-ci ildə tərtib edilən “Terrorla bağlı Ölkələr Hesabatı”nda (Country Reports on Terrorism) bütöv bir fəsil Molla rejiminin terrorçu dövlət olaraq törətdiyi vəhşiliklərə, terrorçu təşkilatları silahlandırmasına, maliyyələşdirməsinə həsr edilib. Hesabatda qeyd edilir ki, 1979-cu ildə “İslamçıların” hakimiyyətə gəlişindən sonra, molla rejimi dünyanın 20-dən çox ölkəsində sui-qəsdlər və ya terror aktları təşkil edilib. Bu aktlar Avropa, Şimali və Cənubi Amerika, Afrika və Asiya daxil olmaqla, dünyanın 5 qitəsində həyata keçirilib.1980-ci ildə Livanda Molla rejiminin dəstəklədiyi və sifarişlər verdiyi “Hizbullah” tərəfindən 14 nəfər amerikalı daxil olmaqla, çoxsaylı Qərb mütəxəssisləri girov götürülüb. Girovlar 1980-ci illərin ortalarında “İran-Kontra mövzusu” üzrə aparılan məxfi danışıqlarda İranın mövqeyini gücləndirmək üçün vasitə kimi istifadə ediliblər.18 aprel 1983-cü ildə ABŞ-ın Beyrutdakı səfirliyinə kamikadze hücumu təşkil edilib. Yük maşınından istifadə etməklə törədilən partlayışlar nəticəsində 17 nəfər amerikalı daxil olmaqla, 63 nəfərin həyatına son qoyulub. 1983-cü ilin oktyabrın 5-də Beyrutun hava limanında törədilmiş partlayış nəticəsində Livanda sülhməramlı qüvvələr kimi yerləşdirilmiş, müxtəlif millətlərə məxsus 241 nəfər dəniz piyadası öldürülüb.1985-ci ilin iyun ayında “Hizbullah” qruplaşmasının üzvləri İranın maddi-texniki dəstəyindən faydalanaraq, Afinadan (Yunanıstan) TWA 847 saylı reys üzrə uçan təyyarənin bort heyətini qaçırıb qətlə yetiriblər. 1985-ci ilin dekabrında, həmçinin, 1986-cı ilin sentyabrında isə Parisdə partlayışlar həyata keçiriblər. Bu teraktlar üçün logistik dəstəyi İranın dövlət strukturları göstəriblər. Nəticədə, 12 nəfər ölüb, 200 nəfərə yaxın şəxs yaralanıb.
Görünən odur ki, molla rejiminin terror maşını dayanmaq bilmir. Hər gün müxtəlif bölgələrdə terror aktları törədilir və insanlar həlak olur. Dünya birliyi isə susur. Hələ də nəyisə gözləyir. Təcili və təsirli tədbirlər görüb, dünya üçün təhlükə mənbəyi olan molla rejimi cəzalandırılmalıdır. Nə qədər kecikmə olsa, bir o qədər insan tələfatları, insan əziyyətləri olacaq. Azərbaycanda molla rejimi dəfələrlə terror aktları həyata keçirib və bu zaman insanlar həlak olublar. Dünyaşöhrətli akademik Ziya Bünyadov molla rejiminin terror maşınının qurbanı oldu, az keçmədi ki, jurnalist, yazıçı Rafiq Tağı qətlə yetirildi. Eyni zamanda, Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi zamanı molla rejimi terror aktı törətməyə cəhdlər göstərdi, xoşbəxtlikdən Azərbaycanın hüquq-mühafizə orqanları fəlakətin qarşısını ala bildilər. “SEPAH”-ın əməkdaşı Yasin Hüseynzadə adlı Tehran vətəndaşı Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirdi, iki nəfəri yaraladı. Terror aktına görə molla rejimi Azərbaycan xalqından üzr istəməkdənsə, həyasızcasına hadisəyə öz terrorçu düşüncələrinə xas münasibət bildirməyə cəhd etdilər. Tehranın polis rəisi Hüseyn Rəhimi yalandan bildirib ki, guya hadisəni törədən şəxs səfirliyə iki uşağı ilə gəlib, hücum ailə-məişət zəminində baş verib. Lakin kamera görüntüləri onun yalanını ifşa edib. Görüntülərdən aydın olur ki, həmin şəxs səfirliyin qarşısına tək gəlib, maşından düşüb, əlində silah səfirliyin binasına daxil olub, atəş açmağa başlayıb. Kamera görüntüləri təsdiq edir ki, terrorçu öz ağaları ilə hadisəni razılaşdırıb. Çünki səfirliyə hücum edərkən terrorçu qapının önündə dayanan paqon dostunu əli ilə salamlayır. Polis istəsəydi, anındaca terrorçunu zərərsizləşdirə bilərdi, lakin buna cəhd etmədi. Şübhəsiz ki, Azərbaycan səfirliyinin əməkdaşı SEPAH zabiti olan terrorçunu zərərsizləşdirməsəydi, faciənin miqyası daha böyük ola bilərdi. Görünən ondan ibarətdir ki, molla rejimi öz terrorçu xislətindən və Azərbaycan vətəndaşlarına qarşı təxribatçı əməllərindən əl çəkmir. “Kalaşnikov” avtomatı ilə silahlanmış terrorçunun Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı terror aktını törətməsinin arxasında molla rejiminin dünyamiqyaslı cinayətkar dəstəsinin dayandığı şübhəsizdir. “SEPAH”-ın və molla rejiminin digər hüquq-mühafizə orqanlarının qanlı terror aktı ilə bağlı ziddiyyətli, həm də deputatı “qatı şiə”, “anti-İran” adlandırması da F.Mustafaya qarşı törədilən terrorun arxasında molla rejiminin dayandığını göstərir. Milli Məclisin deputatı Fazil Mustafa baş verən hadisə ilə bağlı mətbuata açıqlamasında bildirib ki, onun düşməni yoxdur və ilkin versiya kimi ona sui-qəsd edilməsində molla rejiminin əli var. Fazil Mustafa mətbuatda, eləcə də Milli Məclisin iclaslarında molla rejiminə qarşı tənqidlər səsləndirən deputatlardan biri olub. Məhz bu da terrorçu dövlət olan molla rejiminin başbilənlərini hiddətləndirib və deputatı zərərsizləşdirmək, həm də digər insanlarda qorxu və vahimə yaratmaq üçün qanlı cinayətin törədilməsi sifarışini veriblər. Artıq Fazil Mustafaya terror aktı törədənlər həbs olunublar. Yəqin ki, istintaq terroru törədənlərin kimdən və necə sifariş aldıqlarını üzə çıxaracaqlar.
Bir sözlə, məlum olan gerçəklik ondan ibarətdir ki, erməni terror təşkilatları və molla rejimi nəinki Azərbaycan üçün, ümumilikdə dünyaya təhlükə mənbəyidir. Bu təhlükənin aradan qaldırılması, dünya xalqlarının sülh və əmin-amanlıq şəraitində yaşayışının təmin olunması üçün beynəlxalq aləmin ümumi düşmənə qarşı birlik və bərabərlik nümayiş etdirməlidir. Əks halda, dünya dinclikdən uzaq olacaq.
İ.ƏLİYEV