Həştərxanda səfərdə olan Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti "Əbədi məşəl" abidəsini və Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Nümayəndə heyəti İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə gül dəstələri düzüblər. Sonra qonaqlar Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, Onun xatirəsini ehtiramla yad edib və abidə önünə gül dəstələri düzüblər. Azərbaycan nümayəndə heyəti abidənin ətrafında salınmış və Ümummilli Liderin adını daşıyan parkda Onun 100 illik yubileyi şərəfinə ağacəkmə aksiyası keçirib. Qeyd edək ki, Həştərxanda Ümummilli Lider Heydər Əliyevin abidəsi 2010-cu ildə açılıb. 2012-ci ildə Heydər Əliyevin abidəsinin yaxınlığında Heydər Əliyev meydanı ilə Qujvin prospektini birləşdirən Rusiya-Azərbaycan Dostluq körpüsü açılıb.