PDF Oxu

Siyasət

  • 3 770

Yenidən qurulan və bərpa olunan ziyarətgahlar: SAATLI MƏSCİDİ TƏHLİL

Yenidən qurulan və bərpa olunan ziyarətgahlar: SAATLI MƏSCİDİ TƏHLİL

Dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyədə olduğunu göstərir. Dünyəvi, müasir, dünyaya açıq olan Azərbaycan milli dəyərlərə, adət-ənənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Çoxəsrlik tarixə malik olan abidələrimizə, dini ziyarətgahlarımıza, maddi-mədəniyyət abidələrimizə yeni həyat verilir. Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyətdədir. Azərbaycanda dini abidələrin dövlət tərəfindən qorunması, bərpası və tikintisi milli dəyərlərimizə olan münasibətin təzahürüdür. Müstəqillik dövründə yüzlərələ dini abidələrin bərpası və tikintisi fikrimizi əsaslandırır. Azərbaycan xalqının milli-mənəvi və dini dəyərlərinə böyük ehtiramla yanaşan Ümummilli Lider Heydər Əliyev müstəqilliyin ilk illərində sovet dövründə fəaliyyəti dayandırılmış və yararsız vəziyyətə düşmüş məscidlərin bərpası və yenidən qurulmasına xüsusi önəm verib. Belə ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, dağıdılmış tarixi Bibiheybət məscid-ziyarətgah kompleksi yenidən tikilərək 1998-ci ildə istifadəyə verilib. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dini məbədlərin bərpası və təmiri, eləcə də yenidən tikilməsi Prezident İlham Əliyev tərəfindən daha genişmiqyaslı şəkildə davam etdirildi. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır.

"DİNLƏRARASI, MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏR ƏN YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN OLUNUR"

Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".

Dini ocaqlarımız bu gün işğaldan azad olunmuş torpaqlarımızda da bərpa təmir olunur. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin Şuşaya səfəri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Saatlı məscidinin açılışı məhz dini abidələrimizə ayrılan diqqətdir. Şuşadakı Saatlı məscidi 1883-cü ildə memar Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında inşa olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəl Molla Pənah Vaqifin dərs keçdiyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub.
Şuşa şəhəri işğal altında olduğu müddətdə digər məscidlər kimi Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı. 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanılıb. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya və restavrasiya işləri Azərbaycan, İtaliya və Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparılıb. İşğal zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb və divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun gücləndirilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib.

QARABAĞDA XALQIN MİLLİ SƏRVƏTİ OLAN DİNİ ABİDƏLƏRİMİZƏ, MƏSCİDLƏRİMİZƏ YENİ HƏYAT VERİLİR

Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayarkən bu barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsindəki paylaşımında belə bildirmişdir: " Əlbəttə, işğaldan azad olunmuş torpaqlarımızdakı hazırkı mənzərəni hər birimiz ürək ağrısı ilə seyr edirik. Erməni təcavüzkarları bu illər ərzində şəhər və rayonlarımızı, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətlərimizi talan etmiş, bu ərazilərdəki dini, tarixi, mədəni abidələrimizi vandalizm aktlarına məruz qoymuşdur. Bir vaxtlar Azərbaycanın dilbər guşəsi olan Qarabağ bölgəsindəki abadlıqdan əsər-əlamət qalmamışdır. Amma əminliklə bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Qarabağ bölgəsini Azərbaycanın ən gözəl bölgələrindən birinə çevirəcəyik...Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəniyyət və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə sizə Heydər Əliyev Fondunun qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başladığını bildirmək istəyirəm. Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir".
Şuşada Yuxarı Gövhər Ağa məscidinin əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışı, eləcə də Saatlı məscidinin açılışı dini abidələrimizə Heydər Əliyev Fondu tərəfindən ayrılan diqqətdir. Dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər