Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edib.Müraciətdə qeyd edilir ki, “bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il mənim Sərəncamımla “Heydər Əliyev İli” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.”Bəli, xalqımız iki gün əvvəl bütün ömrünü doğma Azərbaycanımızın inkişafına, xalqın rifahına həsr etmiş bu dahi şəxsiyyətin anadan olmasının 100 illik yubileyini təntənə ilə qeyd etdi. Bu bir həqiqətdir ki, tarixin yetişdirdiyi dahilərə Allah bir xilaskarlıq missiyası verir. Öz xalqını məhvolma təhlükəsindən qurtarmasına, öz işıqlı ideyaları və əməlləri ilə insanları uzun illər həsrətində olduğu azadlığa, müstəqilliyə qovuşdurmaq nailliyəti hər kəsə qismət olmur. Allah xalqımıza bu şərəfli missiyanı daşıması üçün Böyük İnsan, Müdrik Xilaskar Heydər Əliyevi göndərmişdi. Həyat və fəaliyyəti tarix üçün bir örnək, xalq üçün bir nümunə olan ümummilli lider Heydər Əliyev nəsillərin minillik arzusunu tarixi reallığa çevirdi. Azərbaycan xalqına böyük zəhməti hesabına ərsəyə gətirdiyi şah əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etdi. O, Azərbaycanı öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdırdı. Danılmaz faktdır ki, Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda məhz Ulu Öndər Heydər Əliyevin Respublikaya birinci rəhbərliyi dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Heydər Əliyev ötən əsrin hələ 70-80-ci illərində Respublikanı nəhəng tikinti meydançasına çevirərkən, irimiqyaslı obyektlərin, strateji əhəmiyyətli sənaye müəssisələrinin inşasına xüsusi əhəmiyyət verərkən, bir sıra yeni təhsil ocaqlarının, o cümlədən mədəniyyətin, fundamental və tətbiqi elmlərin sıçrayışlı inkışafına nail olarkən məhz bugünkü və gələcək tərəqqinin, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməlini qoymuşdur.Ulu Öndər ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkəni düşdüyü ağır vəziyyətdən, parçalanmaqdan, müstəqilliyin itirilməsindən xilas etdi, ölkəni yeni inkişaf yoluna çıxardı.Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyev siyasi kursunu dönmədən, ardıcıl və layiqli şəkildə həyata keçirir. Bu siyasi kurs Azərbaycanın siyasi və iqtisadi qüdrətinin artmasına və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarmışdır. Məhz bu siyasi kursun nəticəsidir ki, indi Respublikamızda heç də bütün ölkələrdə mövcud olmayan ictimai - siyasi sabitlik hökm sürür. Ölkəmizdə siyasi sabitliyin mövcud olması və iqtisadi inkişafın Heydər Əliyev modelinin uğurla həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafına gətirib çıxarmışdır ki, bu səbəbdən də müasir Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Azərbaycanın ümummilli lideri Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır. Və bu gün böyük qürur hissi ilə deyə bilərik ki, ölkəmiz bu yüksək səviyyəyə böyük azərbaycanlı və işıqlı şəxsiyyət Heydər Əliyevin müdrik siyasətini yeni dövrün tələblərinə uyğun, böyük əzmkarlıq və qətiyyətlə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin sayəsində ucalmışdır. Cənab İlham Əliyevin başçılığı altında Azərbaycan son illər ərzində istər siyasi, istər iqtisadi sahədə böyük uğurlara imza atmışdır ki, bu uğurlar da bugünkü Azərbaycanın reallıqlarıdır.Ölkə Prezidenti cənab İlham Əliyev Prezident seçildiyi 2003-cü ildən ordu quruculuğuna önəm verdi, güclü iqtisadiyyat bərqərar oldu. Bütün bu uğurlar 30 il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi. İndi işğaldan azad edilən ərazilərimizdə cənab Prezidentin rəhbərliyi ilə misli görünməmiş bərpa-quruculuq, yenidənqurma işləri həyata keçirir. Hava limanları, elektrik stansiyaları, yollar, yaşayış evləri tikilir, lazımi infrastruktur layihələr həyata keçirilir. Artıq bir sıra yaşayış məntəqələrində əhali öz dədə-baba torpaqlarına qayıdaraq orada məskunlaşmışlar. 44 günlük müharibədə təslim aktına qol çəkmiş Ermənistan hələ də xarici qüvvələrin diqtəsi ilə 10 noyabr bəyannaməsinin müddəalarına əməl etmir. Ölkə Prezidenti bütün siyasi və diplomatik kanallardan istifadə edərək Ermənistanla sülh müqaviləsinin bağlanmasına çalışır. Əgər xarici müdaxilələr olmasaydı Ermənistan artıq sülh müqaviləsinə imza atmışdı. Biz ümidvarıq ki, yaxın gələcəkdə Ermənistan reallıqları qəbul edərək Azərbaycanla sülh bağlamağa razılaşacaqdır.Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki onun arzuları Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun rəşadəti və Azərbaycan xalqının həmrəyliyi nəticəsində həyata keçdi.Allah Ulu Öndərimizə rəhmət etsin!
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini