Prezident İlham Əliyev: "Müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib"
Sosial, siyasi, eləcə də iqtisadi sahədə dünyaya inkişafını nümayiş etdirən Azərbaycanın dövlət başçısının rəhbərliyi ilə vətəndaşlara olan münasibəti dünyaya nümunədir. Belə ki, dövlət başçısının müxtəlif görüşlərdə, tədbirlər çərçivəsində, baş verən hadisələr zamanı vətəndaşların yanında olması, onların problemlərinin həllinə operativ şəkildə reaksiya verməsi, artıq bütün dünya üçün yeni model və təcrübədir. Əlbəttə ki, Azərbaycan dövlətinin siyasətinin əsasında xalqın rifahının yüksəlməsi dayanır. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı, sağlamlığı və təhlükəsizliyi dayanır".Vətənin müdafiəsi yolunda canını fəda etmiş, şəhidlik zirvəsinə yüksəlmiş, eləcə də əlil olmuş insanlara həssas münasibət də dövlətimizin humanizm prinsiplərini özündə ehtiva edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev həm I Qarabağ, həm də II Qarabağ müharibəsinin ağır nəticələri ilə üzləşənlərə həssas münasibət göstərir. Onların sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bu sahədə müxtəlif böyük maliyyə tutumlu proqramlar reallaşır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur".
44 günlük Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Şəhidlərin ailə üzvləri və müharibə veteranlarından ibarət 103 min şəxsə 115 min aylıq sosial ödəniş təyin olunması, 3 565 şəxsə sığorta ödənişinin edilməsi əlbəttə ki, bu qəbildən olan insanlara olan qayğının göstəricisidir. Statistik rəqəmlər deməyə əsas verir ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara yönələn sosial ödənişlərin hər il artırılması təmin edilib, müharibə veteranlarına aylıq təqaüd təyin edilib. 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldığı xəsarətlə bağlı əlilliyi olan 17 164 şəxs üzrə birdəfəlik ödəmə verilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçılarından ibarət 11 min şəxsə 43 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib.
411 HƏRBÇİ 428 YÜKSƏK TEXNOLOGİYALI SON NƏSİL PROTEZLƏ TƏMİN EDİLİB
Son illər yaradılan müasir reabilitasiya infrastrukturu Zəfərimizin qəhrəmanları olan, müharibədə yaralanmış hərbçilərimizin səmərəli, keyfiyyətli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunması üçün də mühüm potensialdır. İkinci Qarabağ müharibəsindən sonra reabilitasiya müəssisələrində müharibə ilə əlaqədar əlilliyi olan 2722 şəxsə reabilitasiya xidmətləri göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 1913 şəxs 35,5 min reabilitasiya vasitəsi ilə təmin olunub. 2020-ci ilin dekabr ayından isə müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlə təminat proqramına başlanıb və I və II Qarabağ müharibəsində yaralanaraq aşağı və yuxarı ətrafları amputasiya olunmuş 411 hərbçi 428 yüksək texnologiyalı son nəsil protezlə təmin edilib.Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından ibarət 17,7 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 9,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
ŞƏHİD AİLƏLƏRİ VƏ ƏLİLLƏR 13560 MƏNZİL VƏ FƏRDİ EVLƏ TƏMİN OLUNUB
Bütün bunlarla yanaşı, təqdim edilən mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4760, bu il 260, ümumilikdə ötən dövrdə isə 13560 mənzil və fərdi ev verilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkəmizin bir çox yerlərində 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib. Xatırladaq ki, 2021-ci ilin əvvəlindən Vətən müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlərlə təminatı proqramına da Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu tədbirlər ildən-ilə uğurla davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi: "Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib".Şəhid ailələrinə və əlillərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir və dövlət başçısı qayğıya ehtiyacı olan insanların, xüsusilə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş insanların ailələrinin, əlillərin sosial məsələlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır..
Azərbaycan Prezidenti İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə ardıcıl sosial islahatlar aparılmaqla sosial müdafiə və aktiv məşğulluq proqramlarının xeyli genişlənməsi, müasir və etibarlı, dayanıqlı sosial müdafiə sisteminin qurulması, sosial ödənişlərdə davamlı artımlar təmin edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə, sosial sahəyə xüsusi diqqət və qayğı ilə davam etdirilən uğurlu sosial inkişaf strategiyası ölkəmizdə qarşıdakı dövrdə də yeni-yeni sosial uğurların əldə olunmasına təminat yaradır.
Müstəqil Azərbaycanımız 44 günlük Vətən müharibəsində Zəfərimizi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, məhz şəhidlərimizin, qazilərimizin qanı və canı bahasına əldə edib. Şəhidlər və müharibə əlilləri böyük fədakarlıq göstərək öz həyatlarını və sağlamlıqlarını Vətən yolunda qurban veriblər. Odur ki, şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət və qayğı davamlıdır. Bütün bunlar ölkədə aparılan uğurlu sosial siyasətin və Vətən uğrunda öz canını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvlərinə və sağlamlığını itirmiş müharibə əlillərimizin daim dövlətin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Nəzakət ƏLƏDDİNQIZI