PREZİDENT İLHAM ƏLİYEV: "Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, Qarabağı, Zəngəzuru yenidən quraq"
Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciətində deyib ki, Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq.
“1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir”, – deyən dövlətimizin başçısı əlavə edib ki, bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN AZƏRBAYCAN NEFT SƏNAYESİNİN MODERNLƏŞMƏSİNDƏ ROLU
Müstəqil Azərbaycanı müasir, güclü, davamlı iqtisadi inkişafa malik dövlətə çevirmək üçün ümummilli lider Heydər Əliyev gələcək siyasi-iqtisadi islahatların köklü transformasiyasının əsası olacaq neft strategiyasını müəyyənləşdirdi. Bu strategiya xarici sərmayədarların Azərbaycanın neft yataqlarının işlənilməsinə cəlb edilməsini, xam neftin daşınma yollarının şaxələndirilməsini, neft gəlirlərinin səmərəli idarə olunmasını və Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etdi.
1969-cu ildə birinci dəfə respublikamıza rəhbərliyi illərində Heydər Əliyev milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir",- deyən ulu öndər Heydər Əliyevin neft strategiyası Azərbaycanın güclənməsinə xidmət edib.
Belə ki, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanması Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının uğurla reallaşması Azərbaycanın güclənməsinə xidmət edir.
""Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl 21-ci əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, 21-ci əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır". Ümummilli lideri Heydər Əliyevin uzaqgörənliklə sölədiyi bu sözlər artıq bu gün tam təsdiqini tapıb. Ulu öndərin müdrikliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü, ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində Azərbaycan milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərə bilib.
ULU ÖNDƏRİN UĞURLU NEFT STRATEGİYASI PREZİDENT İLHAM ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ AZƏRBAYCANI DÜNYANIN APARICI DÖVLƏTLƏRİ İLƏ BİR SIRAYA YÜKSƏLTDİ
Bəli, bu gün ulu öndərin təməlini qoyduğu uğurlu siyasəti ölkə Prezidenti İlham Əliyev uğurla, layiqincə davam etdirərək Azərbaycanı dünyanın aparıcı dövlətləri ilə bir sıraya yüksəltdi. Son illər ölkəmizin sosial-iqtisadi, mədəni həyatında, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə bizim ölkənin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa indi, mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir. Bəli, bugünkü reallıqlarımız Azərbaycanın qarşıya qoyduğu bütün hədəflərə yüksək səviyyədə çatdığını təsdiqləyir. Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu məqamı xüsusi olaraq bildirmişdir: "Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik".
Bəli, ötən müddət ərzində Azərbaycan "Əsrin müqaviləsi"ndən geniş bəhrələndi. Ölkənin beynəlxalq aləmdə nüfuzu xeyli artdı, etibarlı tərəfdaş imici formalaşdı və əsas faktorlardan biri kimi, Azərbaycan zəngin məmləkətlərdən birinə çevrildi.
Bu gün isə, Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi müdrik siyasəti nəticəsində Azərbaycanı zirvələrə yüksəltdi. Və dövlət başçımızın dediyi kimi: "Bu uğurların davamı kimi “Yeni Əsrin müqaviləsi” imzalandı və neft kontraktlarının müddəti 2050-ci ilə qədər uzadıldı".
Bir sözlə, "Əsrin müqaviləsi"ndən "Yeni Əsrin müqaviləsi"nə gedən yola, Prezident İlham Əliyev bu istiqamətdə həyata keçirdiyi müdrik siyasəti nəticəsində neft strategiyasını daha da zənginləşdirərək yeni layihələrə imza atdı. Artıq qələbəmizin iki ili ərzində ölkəmizin həyatında yeni mərhələ-işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması uğurla həyata keçirilir. Həmçinin iqtisadi rayonların yeni bölgüsü, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiqlənməsi də qarşıdakı dövrün aydın mənzərəsini yaradır.
QARABAĞI VƏ ŞƏRQİ ZƏNGƏZURU FAKTİKİ OLARAQ YENİDƏN QURURUQ VƏ QURACAĞIQ
Prezident İlham Əliyevin zəfərdən ötən bu ikiillik qısa zaman kəsiyində mütəmadi olaraq işğaldan azad edilən ərazilərə səfərlər etməsi, erməni vəhşilərinin yerləyeksan etdiyi qədim şəhərlərimizin yeni bünövrələrini qoyması, yeni yolların, tunellərin, beynəlxalq hava limanlarının təməllərini atması, bütün infrastrukturu başdan yaratması Böyük qayıdışın tezliklə reallaşdırılmasına mühüm təkan verdi. Azərbaycan ağır müharibədən çıxsa da, işğaldan azad etdiyi bölgələri öz iqtisadiyyatının gücü sayəsində yenidən qurur, bu ərazilərdə irimiqyaslı müasir infrastruktur layihələri icra edir.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Böyük Qayıdış I Dövlət Proqram Qarabağ və Şərqi Zəngəzurda bu günə qədər aparılan geniş quruculuq işlərinin məntiqi davamıdır, strateji hədəflərə çatmaq üçün, eləcə də bundan sonra həyata keçiriləcək tədbirlərin mükəmməl yol xəritəsidir və müstəqil Azərbaycan tarixinə Qarabağın yenidən qurulmasını tənzimləyir. Proqramda deyilir ki, Azərbaycan hökuməti 2027-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 280 min ha ərazinin minalardan təmizlənməsini planlaşdırır. Dövlət Proqramında qeyd olunur ki, 2020-2022-ci illərdə 57,6 min ha ərazi minalardan təmizlənib.
Sənəddə qeyd olunan planlara əsasən, 2024-cü ildə Laçın Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. 2026-c ildə qədər Ağdam-Xankəndi qaz kəməri tikiləcək, sərhəddə keçid məntəqələri fəaliyyətə başlayacaq. 2026-cı ildək Qarabağ və Şərqi Zəngəzura 10 min 270 ailə, 2027-ci ilə qədər – 34 min 500 ailə köçürüləcək. 2027-ci ilədək burada 34,5 min mənzil və fərdi yaşayış evi inşa ediləcək. Bu vaxta qədər Qarabağ və Şərqi Zəngəzurda hərbi infrastruktur möhkəmləndiriləcək, burada həmçinin enerji, nəqliyyat, idman, sosial və digər infrastruktur inşa olunacaq. 2026-cı ilə qədər burada 197 məktəbəqədər və ümumi təhsil müəssisəsi tikiləcək və bərpa ediləcək, 2027-ci ilədək isə regionda ali məktəbin bir filialı fəaliyyətə başlayaq, DOST mərkəzlərinin 7 filialı açılacaq. Bir sözlə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, 30 illik işğala 44 gündə son qoyan və bu gün Zəfər yürüşünü inamla davam etdirən Azərbaycan Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirməklə, Böyük Qayıdışı ən yüksək səviyyədə təmin etməklə bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək və insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.
RƏFİQƏ KAMALQIZI