Azərbaycan qədim zamanlardan bu günə qədər müxtəlif transformasiya mərhələlərindən keçmiş unikal tarixə malik ölkədir. Zəngin tarixə malik bu ölkə, dünyaya Azərbaycan xalqının mədəniyyətində və dövlətçiliyimizin formalaşmasında mühüm rol oynamış çoxlu sayda, görkəmli şəxsiyyətlər bəxş etmişdir. Böyük qürur və inamla Azərbaycanın dahi oğlu - Heydər Əliyevin adını çəkmək mütləqdir. Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycan xalqına həsr etmiş dahi şəxsiyyətdir. Onun ölkəmiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir və bütün dövrlərin ən qızğın rəqibləri tərəfindən qəbul edilib və bu gün də dünyada dünya nüfüzlu xadimlər tərəfindən heyranlıqla yad edilir. Heydər Əliyev şəxsiyyətinin dərinliyi, vətənə və xalqa məhəbbət, polad iradə, yüksək intellekt, cəsur ürək, praqmatizm və s. saysız-hesabsız özəlliklərə əsaslənır. Müasir və suveren Azərbaycan Respublikasının qurulmasının əsası məhz dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin dünya nüfuzli adi ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərində, Ümummilli Lider Heydər Əliyevin 100-cü ildönümündə xalqa təbrik müraciətində, Ulu Öndərin taleyüklü fəaliyyəti haqqında geniş nitq ilə çıxış edərkən, bir çox fundamental məsələlərə toxunub.
Bir sıra obyektiv və subyektiv səbəblərdən 60-cı illərdə Sovet Azərbaycanı iqtisadiyyatının bir çox sahələrində, istər sənayedə, istərsə də kənd təsərrüfatında mənfi meyillər görünməyə başladı. Respublikanın düşdüyü bu çətin vəziyyətdə, Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başladı. Totalitar rejimin hökmranlığının ağır tarixi şəraitində Ulu Öndər Heydər Əliyev Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək məqsədi ilə, həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı. Onun planlarının başında Azərbaycanın elmi-texniki baxımdan özünü təmin edən və yüksək inkişaf etmiş ölkəyə (o dövrün terminologiyası ilə desək, inzibati-iqtisadi vahidə) çevrilməsi dayanırdı. Bir sözlə, Heydər Əliyev hələ o zaman Vətənimizin müstəqilliyinə aparan yola başladı. 1978-ci ildə Ümummilli Liderin təşəbbüsü ilə, Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili statusu almışdır. Ulu Öndərin sayəsində Azərbaycan xalqının tarixi keçmişinə maraq artdı, ziyalıların qabaqcıl dairələrində mənlik şüuru yüksəldi, milli-mənəvi dirçəliş başlandı. 1970-1985-ci illərdə qısa tarixi dövrdə respublikanın hər yerində yüzlərlə zavod, fabrik, sənaye müəssisələri yaradılmışdır. Azərbaycan istehsalın bir çox sahələrində Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirilən bütün bu əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti ondan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq və müstəqillik hissləri dirçəldi.
80-ci illərdə daxili çəkişmələr və tənəzzül dövrünü yaşayan nəhəng imperiyada ən çətin sahələrin idarə olunmasında böyük uğurlar qazanan Heydər Əliyev, qısa müddətdə bütün SSRİ-də böyük nüfuz qazandı. O zaman Heydər Əliyev Siyasi Büroda yeganə dövlət xadimi idi ki, Sovet dövlətini idarə edə, onu dərin böhrandan çıxara bildi. Bu səbəbdən də Kremlin səriştəsiz və bacarıqsız rəhbərləri, xüsusilə M.Qorbaçov Heydər Əliyevi ciddi rəqib hesab edirdilər. Xalqımızın böyük oğlunun Sovet İttifaqının başında formalaşmasına yeganə maneə, onun türk-müsəlman əhalisinin nümayəndəsi - azərbaycanlı olması idi. Belə bir şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Heydər Əliyev sovet rəhbərliyində olarkən, vətənini daim diqqət mərkəzində saxlayır, onun inkişafına hər cür köməklik və qayğı göstərirdi. O zaman, xalqımızın dahi oğlu həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparmağa çalışan erməni millətçilərinin qarşısında güclü maneə, alınmaz divar idi. Məhz buna görə də, Stavropolda fəaliyyəti dövründən, erməni mafiyasının əlində itaətkar alət olan M.Qorbaçov, öz çirkin məqsədinə nail ola bildi: xalqımızın dahi oğlu SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Əslində bu, sovet hakimiyyətinin bütün illərində xalqımıza vurulan ən güclü zərbə idi. Təsadüfi deyil ki, bundan dərhal sonra M.Qorbaçovun himayə etdiyi erməni millətçiləri Dağlıq Qarabağın Azərbaycandan ayrılması uğrunda fəal mübarizəyə başladılar. Moskvadan hər cür yardım alan erməni silahlı birləşmələri tərəfindən, Azərbaycan torpaqlarının işğalı üçün əlverişli şərait yaradıldı. Ulu Öndərin Moskvadakı həyatının 1987-1990-cı illəri M.Qorbaçovun başçılıq etdiyi Kreml rejimi tərəfindən xalqımızın dahi oğluna qarşı ağır təqiblər illəri olmuşdur. Ömrünün bütün dövrlərində olduğu kimi, bu illərdə də Heydər Əliyev öz doğma xalqı naminə yaşamış, bütün gücünü sərf edərək, Azərbaycanı ağır böhrandan çıxarmaq üçün əlindən gələni etməyə çalışmışdır. Lakin, Azərbaycana rəhbərlik edən, Moskvaya tabe olan səriştəsiz rəhbərlərin xəyanətkar siyasəti nəticəsində, Azərbaycan xalqı dahi oğlunun əqli potensialından məhrum oldu.
1990-cı il 20 Yanvar qanlı faciəsinə görə Ulu Öndər Moskvada Qorbaçovun apardığı qanlı siyasəti kəskin şəkildə pislədi, bu dəhşətli və ədalətsiz vəhşiliyə ilk dəfə siyasi qiymət verildi. Xalq üçün çətin günlərdə Kremlin təqiblərindən qurtulan dahi siyasətçi 1990-cı il iyulun 20-də vətənə qayıtdı. Lakin Vətəndə - paytaxt Bakıda tariximizin ən biabırçı faktlarından biri baş verdi: xalqın xilaskarının vaxtı ilə qurduğu paytaxtda qalmasına, doğma xalqının yanında olmasına imkan verilmədi. Böyük dövlət xadimi Bakıya gəldikdən iki gün sonra, 1990-cı il iyulun 22-də həyatının başladığı Naxçıvanda dayaq tapır.
1990-cı il iyulun 22-də Naxçıvana gələn Ulu Öndər, Muxtar Respublikanın əhalisində gələcəyə ümid oyatdı, Ermənistanın işğal təhlükəsindən xilas etdi. Qısa tarixi dövrdə Naxçıvan Muxtar Respublikası dövlətçiliyin möhkəmləndirilməsində və demokratikləşməsində mühüm uğurlar əldə etmiş, bütün Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynamışdır. 1990-cı il yanvarın 17-də Muxtar Respublika Ali Sovetinin ilk sessiyası milli oyanışın və siyasi dirçəlişin təntənəsi oldu. Sessiyada Naxçıvanın dövlət rəmzləri müzakirə edilib və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi bərpası haqqında qərar qəbul edilib. 1991-ci il sentyabrın 3-də dahi Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Muxtar respublikada Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda müstəqil, demokratik və dünyəvi dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciətində qeyd etmişdir: “Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır”.
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ciddi blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası İran və Türkiyə ilə əlaqələr qurmuş, Naxçıvanın təcili ehtiyaclarını ödəmək, rabitəni bərpa etmək üçün protokollar imzalamışdır. Muxtar Respublikaya rəhbərlik etdiyi 1 il 9 ay ərzində Heydər Əliyevin qurduğu xarici əlaqələr rayonu istər-istəməz fəlakətdən xilas etdi. 1992-ci ildə ağır şəraitdə Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması, həm də Azərbaycanın gələcəyində xüsusi yer tutan ümumxalq siyasi hadisəsi idi. Əvvəlki hakimiyyət dairələrinin, AXC-Müsavat Birliyinin maneələrini qətiyyətlə dəf edən Ulu Öndərin rəhbərliyi ilə, Naxçıvanda yaradılmış Yeni Azərbaycan Partiyası demokratik seçkilərdən qısa müddət sonra, Azərbaycanda hakimiyyətə gələrək, xalqımızın və dövlətimizin gələcək inkişafı böyük töhfə verdi. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndərinin başlatdığı xilaskarlıq missiyası Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirdi.
Ümummilli Lider Heydər Əliyevin prezidentliyi 2003-cü il dekabrın 12-də vəfat edənə qədər davam etdi. Və yenə də Heydər Əliyevin adı Azərbaycanın çiçəklənməsi və inkişafı ilə bağlı oldu. O, demək olar ki, dərhal Xəzərdə karbohidrogenlərin çıxarılmasına böyük beynəlxalq sərmayələr cəlb edə bildi. 1994-cü ildə dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın zəngin təbii sərvətlərini dünya bazarlarına çıxaran müqavilədir. Dahi rəhbərin əsas nailiyyətlərindən biri isə, Xəzər neftinin birbaşa Aralıq dənizinin limanına çıxarılması üçün Avropanın ən böyük neft kəməri olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisidir. Bu, Azərbaycanın uzunmüddətli perspektivdə uğurlu inkişafı üçün zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin dövründə Azərbaycan beynəlxalq aləmdə sayılıb-seçilən, hörmət edilən bir ölkəyə çevrildi. Ümumilikdə, Azərbaycanda elə bir sahə yoxdur ki, orada Ulu Öndərin inkişaf təməli qoyulmamış olsun. Ümumiyyətlə, türk dünyasının dövlət xadimi olan Ümummilli Lider eyni zamanda müasir dövlətçiliyin yeni tipologiyasının yaradıcılarından biridir. Ümummilli Lider Heydər Əliyevin zəngin dövlət təcrübəsi bu gün bütün dünyada tanınır, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir.
Bu gün biz hamımız Ulu Öndərin nəhəng əməyinə hörmətlə yanaşmalı, xalqımızın mənəvi dəyərlərini qoruyub saxlamalı, dövlətçiliyimizi, həmrəyliyimizi və ən əsası Azərbaycan xalqının, dahi oğlu Heydər Əliyevdən bizə miras qalan dövlətin müstəqilliyini və suverenliyini möhkəmləndirməliyik. Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulmuş Müstəqillik təməli, Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Zəfər tacına çevrildi. Dövlətimizin Başçısı cənab İlham Əliyevin Şuşada qeyd etdiyi bu cümlələr: “Qarabağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının əsas arzusu idi. Biz bu arzunu, Azərbaycan xalqının arzusunu yerinə yetirdik. 2020-ci il 8 noyabr tarixində əbədi qalacaq. O gün mənə, bax, bu meydandan Şuşanın azadlığı ilə bağlı hərbi raport veriləndən sonra, bu binanın üstünə Bayrağımız qaldırılandan sonra atamın məzarını ziyarət etdim və ürəyimdə dedim ki, “Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!”. Ondan sonra Şəhidlər xiyabanını ziyarət etdim, şəhidlərimizin ruhu qarşısında baş əydim, ürəyimdə dedim ki, qanınız yerdə qalmadı. Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq. Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik. Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək. Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” böyük fəxarət hissi ilə əbədi olaraq xalqın yaddaşına həkk olunacaq.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü