2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi hər bir soydaşımız tərəfindən böyük rəğbətlə qarşılandı. Çünki xalqımız çox yaxşı bilir ki, ölkəmiz Heydər Əliyev siyasəti sayəsində dünyada söz və nüfuz sahibi olub. 1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərində xalqın Ulu Öndər Heydər Əliyevə etimad göstərməsi müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi idi. «Heydər Əliyev İli» dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. Lakin 2023-cü ilin ümumilikdə “Heydər Əliyev İli” elan edilməsi bu dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, bu günədək çap olunan elmi əsərlərin, kitabların sırasına yenilərinin əlavə olunmasına geniş imkanlar yaradacaq.
Tədbirlər Planında da bu kimi müddəalar öz əksini tapır. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü (1969-1982), istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir.
Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar. Bu gün Prezident İlham Əliyevin gördüyü işlərin zirvəsində ərazi bütövlüyümüzü bərpa etməklə Ata vəsiyyətini yerinə yetirməsi dayanır. Ümummilli Lider qeyd olunan müraciətində axıra çatdıra bilmədiyi işlərin Prezident İlham Əliyevin xalqın dəstəyi ilə həyata keçirəcəyinə böyük inamını ifadə etmişdi. Ulu Öndər “Ona Özüm qədər inanıram” söyləməklə gələcək inkişafın aydın mənzərəsini təqdim etmişdi. Prezident İlham Əliyev bu müddət ərzində torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işləri çərçivəsində bütün zəruri addımların atılmasına nail oldu. Azərbaycanın iqtisadi imkanları daha da genişləndi. Beynəlxalq münasibətlər sistemində rolu artdı. Münaqişənin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Ordu quruculuğu prioritet sahə kimi öndə oldu. Dövlətimizin qətiyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi sayəsində Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir oldu. 44 günlük Vətən müharibəsində şanlı Zəfərimiz Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ümummilli lider Heydər Əliyev müstəqilliyimizin, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi adlarını tarixə qızıl hərflərlə yazdılar.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə
ərazi partiya təşkilatının sədri