“Türkiyədə keçirilən prezident və parlament seçkiləri hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının qələbəsi ilə başa çatdı. Hakim partiya müttəfiqi Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə parlamentdə-Millət Məclisində 321 yer qazanmaqla yanaşı, prezident seçkilərinin ilk turunun da qalibi oldu. Əksər müşahidəçilərin fikrincə, kimin dövlət başçısı olacağı mayın 28-də keçiriləcək ikinci turda müəyyən olunacaq. Ancaq səslərin bir hissəsi hələ də sayılmadığından hər cür sürpriz də istisna olunmur və Rəcəb Tayyib Ərdoğanın birici turda qalib gəlmək şansı hələ də qalmaqdadır”. Bunu siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Türkiyənin böyük dövlət adamlarından olan Süleyman Dəmirəl deyirdi ki, “boş təncərənin (qazanın) devirəməyəcəyi iqtidar yoxdur!”. Ancaq 20 ildən artıq qardaş dövlətin başında olan Rəcəb Tayyib Ərdoğan bunun həmişə belə olmadığını birmənalı şəkildə sübut etdi: “Tarixinin ən ağır böhranlarından birini yaşayan Türkiyədə üstəlik seçkilər ərəfəsində son yüz ilin ən dağıdıcı zəlzələsi də baş verdi. Nəticədə, 50 mindən çox insan uçqunlar altında qalaraq həlak oldu, on minlərlə insan yaralandı, itkin düşdü. Yaşayış evlərinin böyük əksəriyyəti sıradan çıxdı. Bu vəziyyətdə seçkiləri udmaq çoxlarına mümkünsüz görünsə də. Türkiyə prezidenti bunu bacardı. Xırda çətinliklər qarşısında özünü itirən dövlət başçılarından fərqli olaraq, o. böyük siyasi liderlərə xas dözüm və dəyanət göstərdi. Xalqla ünsiyyətini bir an da olsun kəsmədi. Səhhətində yaranan problemləri nəzərə almadan seçkiqabağı kampaniya dövründə Türkiyəni qarış-qarış gəzdi, milyonlarla insanın toplaşdığı mitinqlərdə çıxış etdi, seçicilərdə tərəddüdün, şübhənin, ümidsizliyin yaranmasına imkan vermədi.
Şübhəsiz ki, mübarizə bitməyib və müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlu ikinci turda qələbə şansını hələ də saxlayır. Onun hamıdan əvvəl səsvermədə üçüncü olan Sinan Oğanla əlaqə saxlaması və görüş təklif etməsi ikinci turun kəskin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Çox güman ki, prezident Ərdoğan da onunla görüşəcək və dəstəyini almağa çalışacaq. Səsverməyə bir gün qalmış müsahibə verən Sinan Oğan dəstək verəcəyi namizəddən edəcəyi tələbləri açıqlamışdı. Əsas şərtinin “terrordan uzaq olma”-tələbinin olduğunu bildirmiş və dəstək verəcəyi namizəddən prezident yardımçısı və bir neçə nazir postu istəyəcəyini demişdi. Bazarlıqlar necə keçiriləcək və son nəticədə Sinan Oğan kimin tərəfində olacaq? Çox istərdik ki, prezidentlik yarışının üçüncüsü hörmətli Rəcəb Tayyib Ərdoğanı dəstəkləsin və seçkilər onun qələbəsi ilə başa çatsın. Çünki Ərdoğanın qələbəsi həm də Azərbaycanın qələbəsidir!”.
GÜLYANƏ
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...