PDF Oxu

Siyasət

  • 2 060

Beynəlxalq layihələrin müəllifi və təşəbbüskarı - Azərbaycan TƏHLİL

Beynəlxalq layihələrin müəllifi və təşəbbüskarı - Azərbaycan TƏHLİL

Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artır, ölkəmiz etibarlı tərəfdaşa çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Avropa ölkələri, Türk dünyası ilə olduğu kimi, ərəb dövlətləri ilə münasibətləri də yeni inkişaf mərhələsinə qədəm qoyub. Əlbəttə ki, Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumini qəbul etməsi bu əlaqələrin davamlığına söykənir.Ötən tarixi dövrə nəzər salsaq görərik ki, Azərbaycanın ərəb dünyası ilə tarixi-mədəni bağlılığı yaradan sənədlər mövcuddur. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələrimiz arasında diplomatik əlaqələr yaradılıb. İki ölkə arasında səfirlik səviyyəsində rəsmi münasibətlər qurulub. Belə ki, Azərbaycanın 1997-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində Səfirliyi təsis edilib. Həmin səfirlik 2001-ci il 16 iyun tarixindən etibarən BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhərində fəaliyyət göstərir. Bundan başqa 14 mart 2012-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dubay şəhərində Baş Konsulluq təsis edilib. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanması, 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri və s. bu ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə cari ildə işgüzar səfəri mövcud münasibətlərin davamlığını, strateji əhəmiyyət kəsb etdiyini göstərir. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında dünyanın dayanıqlı inkişafının sürətləndirilməsini hədəfləyən beynəlxalq platforma olan Əbu-Dabi Dayanıqlılıq Həftəsinə Azərbaycan Prezidentinin dəvəti dövlət başçısının rəhbərliyi ilə sürətlə inkişaf edərək mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi planetimizin gələcəyində payı olan dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, sərmayəçiləri, iş adamlarını və gəncləri aktual məsələlərin müzakirəsi üçün bir araya gətirir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asuminin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakından məmnunluğunu ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin Azərbaycanın ərəb ölkələri ilə münasibətlərinin inkişafına çox böyük töhfə verdiyini qeyd edib. Bu gün də bu siyasət Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ərəb Parlamentinin prezidentinin ölkəmizə səfərinin əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib. "Sizin kimi böyük dünya lideri ilə görüşməkdən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən bu tədbirlərdə iştirak etməkdən şərəf hissi duyuruq, - deyə qonaq bildirib.

XALQLARIMIZI BİRLƏŞDİRƏN ORTAQ TARİX

Dövlət başçımız özünün ərəb ölkələrinin rəhbərləri ilə çoxsaylı görüşlərinin və qarşılıqlı səfərlərin bunun əyani sübutu olduğunu bildirib. Xalqlarımızı ortaq tarixin birləşdirdiyini vurğulayan dövlətimizin başçısı ərəb ölkələri ilə münasibətlərin uğurla və hərtərəfli inkişaf etdiyini söyləyərək, ötən il Ərəb Liqasının Zirvə Toplantısına dəvət olunmasını əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirib. Məlumdur ki, ərəb ölkələri mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də Zəfərimizdən sonra Azərbaycanla həmrəy olmuş, eləcə də Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çoxsaylı qətnamələr qəbul edilmişdir. Azərbaycan Prezidenti 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı mədəni soyqırımı törətdiklərini bildirərək, həmin ərazilərdə onların İslam maddi-mədəniyyət irsini məhv etdiklərini, 67 məsciddən 65-ni dağıtdıqlarını diqqətə çatdırıb. Azərbaycanın erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərində törədilmiş vandalizm əməllərinin nəticəsi olaraq evlər talan edilərək sökülüb, yandırılıb, tarixi abidələr, xüsusilə, qəbiristanlıqlar dağıdılıb. İşğal olunmuş Azərbaycan rayonlarının talan və qarət edilməsində, o cümlədən, evlərin, abidələrin, qəbiristanlıqlardakı qəbir daşlarının sökülməsində əsir və girovların əməyindən istifadə edilməsi də danılmaz faktdır. Bu baxımdan, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir. Dövlətimizin başçısı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa-quruculuq işləri haqqında məlumat da diqqətə çəkib. Yaşıl enerji zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı layihələr həllini tapmaqdadır. Əlbəttə ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir. İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Həmin ərazilərimizin hər biri məhz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ağalı kimi müasir məkana çevriləcək və buranın əzəli sakinləri rahat, təhlükəsiz bir şəraitdə bu yerlərdə əbədi olaraq yaşayacaqlar.

MÖVCUD MÜNASİBƏTLƏR ÇOXŞAXƏLİ, QARŞILIQLI MARAQLAR

Azərbaycan Prezidenti ölkəmizin İslam həmrəyliyini hər zaman dəstəklədiyini bildirdi. Bu xüsusda bir müddət əvvəl Fələstində Azərbaycanın diplomatik nümayəndəliyinin açılmasını, Azərbaycanın xarici işlər nazirinin Fələstinə səfərini və orada ölkəmiz tərəfindən məktəbin inşasını qeyd edib. Dövlətimizin başçısı Azərbaycanın İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsini xatırladıb və ölkəmizin Avropada islamofobiya meyillərinin artmasından narahatlığını ifadə edib. İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsi təkcə idman deyil, eyni zamanda böyük beynəlxalq ictimai-siyasi, mədəni və humanitar əhəmiyyətli hadisədir. Müsəlman ölkələrində baş verən acınacaqlı proseslərin fonunda Azərbaycanın bu ölkələrin idman yarışlarını təşkil etməsi, onları bir araya gətirməsi və birləşdirici funksiyanı öz üzərinə götürüb nümunə göstərməsi ölkəmizin artan beynəlxalq nufuzuna əsaslanır.Görüşdə Azərbaycanla İslam və ərəb dövlətləri arasında iqtisadiyyat, ticarət, investisiya sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb, əməkdaşlığın birgə səylərlə daha da inkişaf edəcəyinə əminlik ifadə olunub. Mövcud münasibətlər çoxşaxəli, qarşılıqlı maraqlar əsasında qurulub və əməkdaşlıq əlaqələrinin inkişafında yeni hədəflər müəyyənləşdirilib.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər