Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasından sonra ilin əvvəlindən həm ölkəmizdə, həm də müxtəlif ölkələrdə Ulu Öndərin əziz xatirəsinin yad edilməsi məqsədilə bir çox tədbirlər keçirilir və bu tədbirlər ilin sonuna qədər davam edəcəkdir. Çünki xalqımız öz böyük oğlunun xatirəsini hər zaman qəlbində yaşadır və ona böyük hörmət bəsləyir. Belə silsilə tədbirlərin davamı kimi Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar cənab Prezident İlham Əliyev tarixi şəhərimiz olan Şuşadan Azərbaycan xalqına müraciət etdi. Tədbirin məhz Şuşada keçirilməsi heç də təsadüfi deyildi. Şuşa bizim Zəfərimizin tacıdır və rəmzidir. Qəhrəman Azərbaycan ordusunun hərbçiləri Şuşada üçrəngli bayrağımızı sancandan bir gün sonra Ermənistan məğlub olduğunu elan edərək kapitulyasiya aktına imza atdı. Müzəffər Azərbaycan ordusu ali baş komandanın rəhbərliyi ilə düşmənə qalib gəldi və Ulu Öndərin arzusunu çin etdi. Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu idi. Artıq Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir. Genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Yeni yollar, körpülər, tunellər, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər infrastruktur obyektləri tikilir. Bütün bu işlərin təməlində Azərbaycan xalqının milli maraqları dayanır.Əminliklə deyə bilərik ki, bu gün xalqımız daha xoşbəxtdir. Xoşbəxtdir ki, Qarabağ və Şərqi Zəngəzur ümummilli lider Heydər Əliyevin görmək istədiyi kimi yenidən qurulur və inkişaf edir. Həyatının bütün dövrlərini öz xalqının rifahına və yaxşı yaşayışına həsr edən Heydər Əliyev hər zaman xalqına sədaqətlə xidmət etdi.Sovet dövründə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxardı. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı o illərdə formalaşdı. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər. Bu gün ölkəmiz bu siyasətin uğurlarını hiss edir, onunla yaşayır və faydalanır. Bu siyasətin icraçısı Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.
Behbud Quluzadə
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı