İşğaldan azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Laçın rayonunda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarəti altındadır. Rayona səfəri zamanı Prezidentimiz təməlqoyma və açılış mərasimlərində iştirak edir, aparılan işlərlə yerindəcə tanış olur, tapşırıq və tövsiyələrini verir. Məlumdur ki, dekabrın 1-i 2020-ci il tarixində Laçın rayonu Azərbaycan Respublikasına qaytarıldı. Bu, Azərbaycan Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatında öz əksini tapmış oldu. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir", - deyə bildirmişdir.
QARABAĞIN BƏRPASI VƏ İNKİŞAFI
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olunması ilə Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Ermənistan tərəfindən işğal altında saxlanılmış ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılıb, milli-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. Bu gün işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 1,3 milyard, 2022-ci ildə isə 2,2 milyard ABŞ dolları məbləğində vəsait ayrılmışdır. Təbii ki, Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıq Qarabağın bərpası və inkişafını nəzərdə tutan Böyük Qayıdış strategiyasının aktuallığını təmin edir.
"ŞUŞANIN, ONDAN SONRA LAÇININ İŞĞAL ALTINA DÜŞMƏSİ AZƏRBAYCANDA ÇOX CİDDİ SİYASİ BÖHRANA SƏBƏB OLMUŞDUR"
18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçının işğalı zamanı 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır. İşğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Laçının işğalı zamanı bu məkanda 50 mindən artıq əhali yaşayırdı. Laçın rayonunda 1992-1993-cü tədris ilində - işğal olunana qədər 106 məktəb fəaliyyət göstərib. Məktəblərdə təhsil alan şagirdlərin sayı 8 min 877, müəllimlərin sayı isə 1390 nəfər olub. Laçın rayonunda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtomobil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur. Bütün bunlar dağıdılıb. Onların öz doğulduqları yerə göndərilməsi əsas məsələlərdən biridir. Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Dövlət başçımız Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, - deyərək, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi:"AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etmişdir və bu, daha böyük faciələrə yol açdı".
"2025-Cİ İLİN ƏVVƏLLƏRİNDƏ HAVA LİMANI İSTİSMARA VERİLƏCƏK"
İşğaldan azad olunan Laçınımız yenidən qurulur. Laçın rayonunun yenidən bərpası ilə bağlı işlər aparılır, bir çox işlər görülür. Laçın rayonunda Beynəlxalq Hava Limanının inşası davam etdirilir. "O bölgədə heç vaxt hava limanı olmamışdır və hava limanının yerini müəyyən edərkən böyük çətinliklərlə üzləşmişdik. Çünki orada uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadı. Biz dağları kəsərək və böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq ərazilərdə, dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanı inşa edirik. Yəqin ki, gələn ilin sonunda, ya da 2025-ci ilin əvvəllərində hava limanı istismara veriləcək", - deyə Prezident bildirib. Bildiyimiz kimi, işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə Böyük Qayıdışın ilk karvanı yola düşmüşdü. Birinci, İkinci, Üçüncü Ağalı kəndləri 2020-ci ilin oktyabrın 28-də işğalçılardan azad edildi və altı aydan sonra Ağalıda yeni kəndin təməl daşı qoyuldu. Böyük Qayıdışın ilk sorağı Ağalı kəndinə əhalinin köçürülməsi oldu. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən, daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediliblər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində və digər yerlərdə çalışırlar. Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair mövcuddur. Daha sonra Tərtər rayonunun Talış kəndinə köç başladı. Artıq yollar açılıb. Əzəli sakinlərin əzəli torpaqlarına yol aldıqları yollar. Laçın rayonunun əzəli sakinləri öz ata-baba yurduna dönəcəklər.
GÜLƏBİRD KƏNDİNDƏ 581 AİLƏ MƏSKUNLAŞACAQ
Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Güləbird kəndinin təməlqoyma mərasimində iştirak edib. Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Birinci mərhələdə kəndə 150 ailənin köçürülməsi üçün fərdi evlərin inşası planlaşdırılır. Kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olacaq. İkiotaqlı evlərin sahəsi 70, üçotaqlılar 88, dördotaqlılar 103, ikimərtəbəli olacaq beşotaqlıların sahəsi isə 120 kvadratmetr təşkil edəcək. Burada, həmçinin 432 şagird yerlik məktəb, 80 yerlik uşaq bağçası tikiləcək. Güləbird kəndində əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılacaq. Kənddə klub icma, ailə sağlamlıq və idman sağlamlıq mərkəzləri və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. Burada istirahət parkı salınacaq, idman və uşaq meydançaları yaradılacaq, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
LAÇIN RAYONUNA 10 MİNƏ YAXIN ƏZƏLİ SAKİNİ KÖÇ EDƏCƏK
Qeyd edək ki, birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. "Mənim göstərişimlə bütün bu işləri biz bu ilin sonuna qədər başa çatdırmalıyıq, bu, sadəcə, birinci mərhələ olacaq. Bu evlərin sayı göstərir ki, minlərlə insan artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacaq və laçınlılar bu il öz doğma diyarına qayıdacaqlar", - deyə Prezident bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında" məlum Sərəncamı işğaldan azad olunan ərazilərimizin tezliklə abadlaşacağını və öz torpaqlarından didərgin düşmüş minlərlə insanın öz dədə-baba yurduna tezliklə qayıdacağını özündə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikinti işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 800,0 (səkkiz yüz) min manat ayrılıb. Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start verilib. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək. Bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Dövlət başçısının bildirdiyi kimi, Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcəkdir.
Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı layihələrin reallaşlmasına imkan verir. Zaman və görülən işlər bunu göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, Böyük quruculuq-abadlıq işlərini də uğurla davam etdirir. "Azərbaycanın əzəli, tarixi torpaqları işğaldan azad olunub. "Bizim ölkəmiz üçün yeni dövr başlayır", deyən dövlət başçısının bu fikirlərini vurğulamaq yerinə düşər: "Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir".
Zümrüd BAYRAMOVA