PREZİDENT İLHAM ƏLİYEV: "Enerji təhlükəsizliyi ilə bağlı planlarımızı həmişə gələcəyi nəzərə alaraq tənzimləmişik"
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib: "Enerji təhlükəsizliyinə gəlincə, biz həmişə planlarımızı gələcəyi nəzərə alaraq tənzimləmişik, çünki mənim atamın baxışı belə olub".
Dövlətimizin başçısı deyib: “Bakı-Tbilisi-Ceyhanın tutumu 50 milyon tondur. Bu, heç vaxt belə olmayıb. Lakin indi bizə Mərkəzi Asiyadan, Rusiyadan neft nəql olunur, bu mənbələrdən daha çox neft nəql olunacaq. Bizim “Şahdəniz”də kondensatımız var. Ümidvaram ki, bu il “Abşeron”dan və bir çox başqa yataqlardan kondensat hasil edəcəyik. Beləliklə, kəmərdə hətta bizim gözlədiyimizdən daha çox kondensat olacaq. Gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək”.
Aİ-NİN ENERJİ MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSARI AZƏRBAYCANI “ÜMUMAVROPA QAZ TƏCHİZATÇISI” ADLANDIRIB
"Uzun illər bundan əvvəl “Azərbaycanın nefti yoxdur", "Azərbaycanın qazı yoxdur" deyirlər. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simson Azərbaycanı "ümumavropa qaz təchizatçısı" adlandırıb". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında qeyd edib.
Dövlətimizin başçısı deyib: “Bu yaxınlarda mən söylədim ki, biz maksimum bir neçə ilə 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təchiz edəcəyik. Beləliklə, bu, onu göstərir ki, bizim layihələri təkcə kommersiya nöqteyi-nəzərindən deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırmağa ehtiyacımız var. Bu kompleksi davam etdirməyə ehtiyacımız var”.
BİZ AVRASİYANIN ENERJİ XƏRİTƏSİNİ YENİDƏN CIZIRIQ
Bəli, bu gün həqiqətən da Azərbaycanın adı qaz ixrac edən ölkələr sırasında çəkilir və tərəfdaş ölkələrin sayı getdikcə artır. Bunun əsas səbələrindən biri də Azərbaycanın etibarlı tərəfdaş funksiyasını uğurla yerinə yetirməsidir. Bu ulu öndər Heydər Əliyevin əzmkarlığı və İlham Əliyevin qətiyyəti sayəsində reallaşıb.
Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, "Azəri-Çıraq-Günəşli" yatağının təcrübəsi göstərir ki, "Qarabağ" neft yatağı daha böyük potensiala malik ola bilər.
Düz 32 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin «Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz» fikirlərinin təsdiqi olmaqla yanaşı, eyni zamanda, bu gerçəkliyi də şərtləndirir ki, ölkəmiz regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru addımlamağı əsas hədəf kimi qarşıya məqsəd qoyaraq bu istiqamətdə əhəmiyyətli layihələrə imza atır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı–Tbilisi–Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Prezident İlham Əliyev Avropaya digər enerji körpüsünü də salır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir.
Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana işgüzar səfəri bir həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenanın nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir. Və Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır və Azərbaycan əməkdaşlığın coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi nüfuzunu artırır, dünya birliyinin layiqli üzvü kimi söz sahibinə malik olduğunu təsdiqləyir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyevin həmişə olduğu kimi, yenə də daha irəli baxmağa üstünlük verir və Sofiyada bəyan etdiyi kimi: "Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var".
RƏFİQƏ KAMALQIZI