Bu gün birmənalı şəkildə demək olar ki, cəmiyyətin müxalifətə bəslədiyi dərin nifrətə baxmayaraq, liderciklər öz amplualarından əl çəkmirlər. Yenə də sərsəm, anormal fikirlərini yaymaqda davam edirlər. Hər dəfə də müxalif ünsürlərin yaydıqları şər-böhtan xarakterli məlumatlara dərhal xaricdəki qüvvələr reaksiya verir, hay-küylü bəyanatlar və hesabatlar yayırlar. Müxaliflər daha çox "Freedum Hous", "Soros" kimi qaraniyyətli fəaliyyətləri ilə seçilən təşkilatlarla əməkdaşlıq edir, onlara hər cür formada yarınmağa çalışırlar. Təbii ki, qarşılığında ödül alırlar. Hətta məslək və əqidələrini qara pul-paraya satan müxaliflər Azərbaycan Ordusunun Qarabağda şanlı zəfər qazanmasına kölgə salmağa cəhdlər göstərirlər. Misal olaraq, Qaragöl ətrafında Azərbaycan Ordusunun mövqelərini bir qədər irəli çəkən zaman Ə.Kərimli Sevinc Osmanqızının TV-sinə çıxaraq bunun yolverilməz olduğunu bildirdi. Eynilə ermənilər kimi Fəhmin Hacıyev, Ə.Kərimli, S.Osmanqızı, A.Hacılı və digərləri mövqelərimizin Qarabağda möhkəmlənməsində, separatçı, əli silahlı erməniləri zərərsizləşdirməyimizdən ciddi narahatlıq keçirib hay-küy salmışlar. Bu gün də eyni ampluadadırlar. Deyilənlərə və yazılanlara, həm də araşdırmalara görə, müxalif məxluqları hürdürən Corc Sorosun pullarıdır. O, C.Soros ki, artıq ciddi təlatümlər yaşayır. Hətta dünya mətbuatı yazır ki, C.Soros ölüb. Lakin yayılan məlumat hələ ki, öz təsdiqini tapmayıb. Ümumiyyətlə, müxtəlif vaxtlarda C.Sorosun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb. 2013-cü ildə “Reuters” Sorosun dünyasını dəyişməsi barədə məlumat yaymış, lakin yalan olduğu məlum olduqdan sonra nəşr üzr istəmişdi. Corc Soros macar əsilli amerikalı investor, iş adamı və bəzi ölkələrdə narıncı inqilabların əsas maliyyəçisidir. O, 1930-cu il avqustun 12-də Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Yəhudi olduğu üçün İkinci Dünya Müharibəsi zamanı ailəsi ilə birlikdə Macarıstandan qaçaraq İngiltərədə məskunlaşıb. Orada London İqtisadiyyat və Maliyyə Məktəbində PhD dərəcəsi alıb. C.Soros maliyyə bazarlarında və investisiya strategiyalarında müxtəlif maxinasiyalar etməklə böyük məbləğdə pullar qazanıb. O, 1992-ci ildə çökən Britaniya funt sterlinqinə qarşı spekulyativ pul qazanması ilə tanınıb. Soros Açıq Cəmiyyət Fondu adlı şəbəkə yaradıb və bu fondlar vasitəsilə insan haqları və demokratiya sahələrində layihələrə dəstək verib. Əslində isə, öz ictimai və siyasi maraqlarını həyata keçirməyə çalışıb. Müəyyən hallarda istəyinə də nail olub.
Sorosun adı terroru dəstəkləyən şəxs kimi tanınır
Məlumatlara istinad etsək aydın olur ki, C.Soros ən çirkin işlərə baş vurur, ölkələrdə iğtişaların, qarşıdurmaların törədilməsinə öz dəstəyini göstərir. Soros ABŞ-ın daxili siyasətinə də nüfuz edir, ölkənin və müxtəlif siyasi kampaniyalara maliyyə dəstəyi göstərir. D.Trampın hakimiyyəti dövründə bir neçə senator tərəfindən Trampdan Sorosun terrorçu kimi tanınması istənilib. Bununla bağlı petisiya 60 mindən çox imza toplamışdır. Lakin Trampın hakimiyyəti uzun çəkmədiyindən istək və tələb yarımçıq qalmışdır. Əgər Tramp ikinci müddətə prezident seçilsə idi, çox güman ki, C.Soros terrorçuluğu maliyyələşdirən şəxs kimi tanınıb həbs olunacaqdı. Hələlik isə, Soros Fondu bəzi yarım müstəqil dövlətlərdə öz planlarını həyata keçirməkdədir. Ermənistanda daha çox meydan sulayan bu təşkilat Paşinyan hakimiyyətinin bəzi qərarlarının qəbul edilməsində müstəsna rol oynayır. İddialara görə, Paşinyan hakimiyyətinin müəyyən nazirliklərinin əməkdaşlarının aylıq ödənişlərini Soros Fondu həyata keçirir.
“Ermənitanda hökumət dəyişikliyindən sonra Açıq Cəmiyyət Fondlarının (Soros fondu) veb saytında Ermənistanın bərpa olunmasına yönəlmiş zəruri islahatlar konsepsiyası (yol xəritəsi) dərc edilib. Həmin konsepsiyaya görə sahələr üzrə oliqarx Corc Soros tərəfindən maliyyələşdirilən, artıq ölkəmizdə dərin köklərə sahib olan və hökumət səviyyəsində məsələlər həll edən fond gələcək fəaliyyətlərini təqdim etmişdi”. Bu fikirlər Ermənistanda dərc olunan “168.am” nəşrində qeyd olunub. Məqalədə qeyd olunur ki, konsepsiyanın başlığının özü belə dəhşətlidir, sözdə konsepsiya adlanan bu sənədi sahələr üzrə araşdıranda, ciddi maliyyə, insan və digər qaynaq sərmayələri hesabına bunu addım-addım həyata keçirdiklərini, 2018-ci il hakimiyyət dəyişikliyini dəstəklədiklərini və bunun üçün hansı təminatları əldə etdiklərini başa düşürsən: “İllərdir dövlət işğalının əsas vasitə və xüsusiyyətlərindən biri hakimiyyətin üçüncü qolu olan məhkəmələrin qanunsuz nəzarəti olub. Hakimlər təyin olunan andan etibarən nəzarət altına alınıblar. Fərqli vaxtlarda hakimlərin təyin olunması üçün fərqli mexanizmlər olmasına baxmayaraq, hamısı hakim rejimin və ya partiyanın (əvvəllər prezidentin, daha sonra səs çoxluğu ilə olan partiyanın adından) məhkəmələrin tərkibini müəyyənləşdirəcək şəkildə qurulub. Siyasi qərarlarla seçilən həssas hakimlər irəli çəkilmələri, vəzifələrindən azad edilməsi və hesabatlılığı baxımından daima iqtidarın maraqlarına xidmət edib. Ədalət mühakiməsini həyata keçirə, insanları, o cümlədən öz hüquqlarını hökumətin və onunla əlaqəli olan şəxslərin zülümlərindən qorumaq iqtidarında olmayıblar. Məhkəmələrdə korrupsiyanın yüksək səviyyədə olması cəmiyyətin bu quruma qarşı inamının azalmasına səbəb olub”.
Azərbaycan müxalifəti təxribatçı şəbəkənin iştirakçısına çevrilib
Azərbaycan cəmiyyəti bu təşkilatın erməni lobbisinin əlində Azərbaycana qarşı bir istifadə olunan alət olduğunu çox yaxşı bilir. Ona görə də, Azərbaycan cəmiyyəti bu təşkilatın yaydığı hesabatları ciddi sənəd kimi qəbul etmir. Amma AXCP, Müsavat və "Milli Şura" rəhbərliyi bunun fərqində deyillər. Əli Kərimli, Arif Hacılı, Cəmil Həsənli kimi ünsürlər birbaşa xarici maraqlı dairələrin Azərbaycandakı əlaltıları rolunda çıxış edirlər. Hətta bəzən bunu dolayısı ilə göstərirlər də. Nədi-nədi, sözügedən təşkilatlar onlara maliyyə yardımları ayırır. Məhz pul xətirinə müxalifət Azərbaycanın milli və dövlətçilik maraqlarına qarşı mübariz metodu seçirlər. Artıq sübut olunub ki, Sorosun ayırdığı pullar hesabına doymuş məhlula çevrilən AXCP və Müsavat rəhbərliyi müəyyən sayda gənci "siyasi mühacir" adı altında xarici ölkələrə göndərib. Sonradan xaricə üz tutan gənclər səhvlərini başa düşüb, onları gedər-gəlməzə yola salan müxalifət liderlərini ifşa ediblər. Məlum olub ki, Ə.Kərimli, İ.Qəmbər, A.Hacılı 2500-3000 manat pul almaqla, onlara partiya vəsiqəsi verərək, həmin şəxsin guya mitinqlərdə polislər tərəfindən təzyiqlərə məruz qaldığını qeyd ediblər. Bu ifşaedici faktlardan sonra da sözügedən partiya sədrlərinin öz bəd əməllərini davam etdirmələri o fikri yaradır ki, bu adamlar əxlaqdan və mənəviyyatdan, həqiqətən də, uzaqdırlar. Məhz bu amil onları məhvə sürükləyir. Proseslər və araşdırmalar da təsdiq edir ki, bu gün müxalif düşərgə ən acınacaqlı günlərini yaşamaqdadır. Növbəti parçalanmalar və qopmalara da qaçılmazdır. Bununla belə, müxalifətdə belə parçalanmaların baş verməsinin hazırkı şəraitdə qarşısını almaq da mümkün deyil. Çünki uzun illərdən bəri yığılıb qalmış intriqalar, dedi-qodular birgə addımlamağa və konkret məqsədlər uğrunda mübarizə aparmağa imkan vermir. Bu reallığı dərk edən müxalifətin ayrı-ayrı isimləri sifarişlər əsasında erməni maraqlarına xidmət edən açıqlamalar verir, sosial şəbəkələrdə statuslar paylaşırlar. Lakin görünən ondan ibarətdir ki, Azərbaycanın dağıdıcı müxalifəti iflasa məhkumdur. Çünki C.Soros yoxdursa, deməli, pul da olmayacaq. Yəni hazırkı dönəmdə müxalifət başsız qalıb.
İ.ƏLİYEV