PDF Oxu

Siyasət

  • 2 989

Haqlı qalib AZƏRBAYCAN! - TƏHLİL

Haqlı qalib AZƏRBAYCAN! - TƏHLİL

PREZİDENT İLHAM ƏLİYEV: "Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz"

Prezident İlham Əliyev mayın 3-də Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, Azərbaycan güclü dövlətdir və heç bir kənar qüvvə iradəmizi sındıra bilməz və bu gün Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib: "Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda, güclü imkanlarımız var".

Bəli, regional güc mərkəzi olan Azərbaycan müstəqil xarici siyasət həyata keçirir və daxili siyasətə uyğundur, başqa sözlə, bu kursu tamamlayır. Reallaşdırılan uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Yəni Azərbaycanda həyata keçirilən siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunması, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsidir. Bütövlükdə, milli maraqlar Azərbaycanın siyasi kursunun əsasını təşkil edir. Amma bəzi dairələr Azərbaycanın müstəqil daxili və xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Azərbaycan dövlətinin milli - suveren siyasi iradəsi onu tələb edir ki, ikitərəfli münasibətlər sırf qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin, həm daxili, həm də xarici arenada milli maraqlar əsas strateji prinsip kimi qəbul edilsin.

Prezident İlham Əliyevin söylədiyi kimi: "Biz müstəqil siyasət aparırıq. Buna görə bir çox hallarda hədəfə çevrilirik. Bizə qarşı olan təzyiqlər, qarayaxma kampaniyalarının əsas səbəbi də odur ki, biz həmişə özümüzü ləyaqətlə aparırıq. Bütün auditoriyalarda, açıq və qapalı görüşlərdə sözümüzü deyirik, xalqımızın, dövlətimizin maraqlarını müdafiə edirik. Bəzilərinin bundan xoşu gəlmir. Ona görə müxtəlif yollarla bizə təzyiq etməyə başlayırlar".

Çünki haqqın nalibi Azərbaycandır və …

HAQQ YOLUNDA ADDIMLAYANIN KÖMƏYİ ÇOX, DÜŞMƏNİ YOX OLAR!

Çünki qələbəmizin rəmzinə çevrilən - Qarabağ Azərbaycandır və nida! Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 19 il əvvəl "Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam" məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır" fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir.

Prezident İlham Əliyev xalqa müraciətində də bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik: "Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik".

Bəli, 44 gün ərzində baş verən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Bu həm də xalqımızın birliyinin, Müzəfər Ordumuzun Gücünün, qəhrəman əsgər və zabitlərimizin öz Ali Baş Komandanı, Prezident İlham Əliyev ətrafında birliyinin dünyaya nümayişi oluğunun reallığıdır.

Artıq dünya birliyi, nəhayət ki, Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur. Şahidi olurlar ki, işğalçı dövlətinin ordusunun sərhədboyu ərazilərdə ağılasığmaz qəddarlıqlar nəticəsində minlərlə dinc azərbaycanlı həlak olub, kəndlər, qəsəbələr, taixi-mədəni abidələr viran edilib. Dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu işğal altında saxladığı əraziləri azad etməyə çağırır. Çünki…

AZƏRBAYCAN SABİTLİK ADASIDIR, TƏHLÜKƏSİZLİK ADASIDIR

Prezident İlham Əliyev mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirib ki, mstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir: «Bu gün biz bütün azərbaycanlılar qürur hissi ilə qeyd edirik ki, biz sözün əsl mənasında, müstəqil ölkə kimi yaşayırıq».
Azərbaycanda təhlükəsizliyin təmin edildiyini, əmin-amanlıq hökm sürdüyünü vurğulayan dövlətimizin başçısı deyib: "İndi dünyanın hər bir yerində müharibələr, toqquşmalar, qarşıdurmalar hökm sürür, hər gün biz bunu görürük. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır. Bu da böyük sərvətdir və Azərbaycan xalqı bunu yaxşı bilir. Çünki biz müstəqilliyimizin ilk illərində çətin günlər yaşamışdıq".

Prezident İlham Əliyev onu da bildirib ki, məhz haqqın yolunda addımlayan Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib: "Bu gün ölkəmizin beynəlxalq nüfuzu, görün, nə qədər yüksəlib. Bu gün beynəlxalq təşkilatlarda Azərbaycanın hörməti artır".

Dövlətimizin başçısı deyib: "Qoşulmama Hərəkatı kimi dünyanın ikinci beynəlxalq təsisatına 4 ilə yaxın biz rəhbərlik edirik və ümumi rəyə görə, ləyaqətlə rəhbərlik edirik. Əgər belə olmasaydı, bizim sədrlik müddətimiz 120 ölkənin yekdil səsi ilə daha bir il uzadılmazdı".

PREZİDENT İLHAM ƏLİYEVİN QOŞULMAMA HƏRƏKATINA 4 İLƏ YAXIN RƏHBƏRLİK ETMƏSİ AZƏRBAYCAN LİDERİNİN QLOBAL NÜFUZUNDAN QAYNAQLANIR

Bəli, öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. Və prosedura görə, Azərbaycanın sədrlik müddəti 2022-ci ildə bitməlidir, lakin hərəkata üzv dövlətlərin yekdil istəyi ilə bu müddət 2023-cü ilə qədər uzadıldı. Bu bir daha Azərbaycanın ədalətə, beynəlxalq hüquqa və multilateralizmə əsaslanan sədrliyinə verilən obyektiv və yüksək qiymətdir. Bu qərar Azərbaycanın və Azərbaycan Lideri İlham Əliyevin qlobal nüfuzundan qaynaqlanır. Və təbii ki, bu nüfuz Prezident İlham Əliyevin Azərbaycanın hərəkata sədrliyi dövründə həyata keçirdiyi siyasətin nəticəsində əldə olunub. Bu da onu göstərir ki, son 19 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının qlobal miqyasda nüfuzunun göstəricisidir. Nəticədə isə, dövlət başçımızın dediyi kimi: "Biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq".

SON 20 İLDƏ AZƏRBAYCAN QƏDƏR SÜRƏTLƏ İNKİŞAF EDƏN İKİNCİ ÖLKƏ YOXDUR

"İqtisadi inkişafa gəldikdə, son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyatımız 3 dəfədən çox artmışdır". Bu fikirləri Prezident İlham Əliyev mayın 3-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətində ifadə edib.

Valyuta ehtiyatlarımızın 65 milyard dollara çatdığını, valyuta ehtiyatlarımızın xarici borcu təxminən 10 dəfə üstələdiyini söyləyən dövlətimizin başçısı deyib ki, biz heç kimdən asılı deyilik, biz heç kimin işinə qarışmırıq. Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun.
Bəli, bu gün Azərbaycan dünyada özünəməxsus milli inkişaf modeli ilə tanınır. Prezident İlham Əliyev bildirir ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Və siyasi və iqtisadi baxımdan davamlı inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri məhz Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Ulu öndərin qurub-yaratdığı, müstəqilliyini möhkəmləndirdiyi Azərbaycan hazırda sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir.

Bir sözlə, Azərbaycanın lideri Prezident İlham Əliyev gördüyü işlərlə, yorulmadan və davamlı şəkildə çalışması, müdrik qərarları ilə xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrildi. Bu, bundan sonra da belə olacaqdır!

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər