PDF Oxu

Siyasət

  • 2 568

Haramzadələr... TƏRS BAXIŞ

Haramzadələr... TƏRS BAXIŞ

Ölüm bəzi hallarda o qədər gözəl nemətdir ki... Lakin bu, həm də elə bir nemət deyil ki, Allah onu hər kəsə bəxş edə. Məsələn, elə hadisələr var ki, onun içərisində olmaqdansa, adın bu məsələlərdə hallanmaqdansa, Vətəni, xalqı, milləti ikinci plana keçirib, pis əməllərlə məşğul olmaqdansa, mala-pula aldanmaqdan, satılmaqdansa, ölüm daha gözəldir. Ancaq dediyim kimi, ölüm nemətdir. O heç də hər kəsə nəsib olmur. Belələrinə Yaradan ölümü çox görər, ona görə ki, öldürüb torpağın altına gömməklə işlərinin bitməsini istəməz. Onların biabır-rüsvay olması üçün əməllərinin üstünü açar.

Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar nəticəsində bu günlər bu qəbildən olan insanlıqdan kənarlardan ikisinin-1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlunun və 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlunun Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməlləri faş oldu. Onlar aidiyyəti üzrə tutulub, həbs edildilər.

Xəyanətkarların təvəllüdlərini qeyd etməkdə məqsədimi bildirim ki, bu təvəllüdlər qarşısında dəhşətə gəldim. O mənada ki, hər iki təvəllüdün sahibi elə bu yaşdadır ki, bu hərəkətləri etmələri qəbahətdən də böyük qəbahətdir. Lakin gəlin görək onlar Vətənə necə xəyanət edirmişlər?

Rəşad Əhmədov maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb olunmaqla Ermənistanın xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə verdiyi tapşırıqları yerinə yetirmişdir. Bununla o, dövlətə xəyanət etmişdir.

Rəşad Əhmədov ona verilən tapşırıqlar əsasında cəlb etdiyi 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu və digər şəxslərlə birgə ölkəmizdə etnik və dini zəmində düşmənçilik salınmasına və Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına açıq çağırışları özündə ehtiva edən videomateriallar hazırlamışdır. Həmin videomateriallar Ermənistan xüsusi xidmət orqanları tərəfindən yaradılmış və onların nəzarəti altında Azərbaycan dilində fəaliyyət göstərən “Youtube” kanalları və digər sosial şəbəkələrdə paylaşılmışdır.

Rəşad Əhmədov bütün bunlarla kifayətlənməmiş, Ermənistan xüsusi xidmət orqanlarının himayəsi altında Yerevan Dövlət Universitetində kafedra rəhbəri Qarnik Asatryan və qeyrilərinin xüsusi olaraq məqsədyönlü şəkildə tərtib etdikləri Azərbaycan Respublikası ərazilərinin parçalanmış şəkildə təsvir olunduğu 200 ədəd saxta xəritəni etnik separatizm məqsədilə Azərbaycan Respublikası vətəndaşları arasında yayılmasını təşkil etmişdir. Eyni zamanda, Rəşad Əhmədov Azərbaycan Respublikası vətəndaşlarının guya etnik və dini zəmində iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan Respublikasının ərazisində partlayış, yanğın və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan hərəkətlərin planlaşdırılması, terror aktları törətməyə razılıq verəcək şəxslərin müəyyən edilməsi, onların birgə cinayətkar fəaliyyətə cəlb olunması və terror-təxribat əməllərinin hazırlanması istiqamətində ona verilmiş digər tapşırıqları da icra etmişdir.

Xəyanətin bütün növlərini həyatına tətbiq edən, satqınlığın, rəzalətin, nankorluğun bütün formalarından istifadə edən bu iki varlıq Vətənin daşı nədir, tozu belə olmağı bacara bilmədilər. Xəyanətə, satqınlığa üstünlük verib Vətəni satdılar. Onların bir adı var, o da haramzadədir. Elə buna görə də bu Vətənin suyu, çörəyi, havası haramınız olsun, deyək.

Əhmədov Rəşad Əhməd oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 28, 214.1 (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar), Əmirov Rövşən Musa oğlu 274 (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Bu maddələrlə tanış olduqdan sonra isə, bir daha bu qənaətə gəldim ki, həqiqətən də ölüm gözəl nemətdir ki, bunlara qismət olmayıb. Bunlarla yaşıd övladlarımız gedib cəbhədə erməninin 30 il bu xalqın başına açdığı oyunların qisasını alsınlar, bir qarış torpağın düşmən əlində qalmaması üçün canlarını qurban versinlər, bu namərdlər də bizim əbədi düşmənimizlə işbirliyində olsunlar...

Cəzanız aidiyyəti üzrə veriləcək, təbii ki. Bir də, Allah cəzanızı versin, haramzadələr. Yeni -Vətən xaini adınızla həyata necə davam edəcəksiniz, bu barədə düşünürəm...

Mətanət Məmmədova

Digər xəbərlər