Akop Aslanyan: "Bu, antixalq partiyasıdır"
Ermənistan parlamentinin hakim "Vətəndaş sazişi" partiyasının deputatı Akop Aslanyan "Daşnaksyutun" partiyasının fəaliyyətinin dayandırılması və qadağan edilməsi vacibliyindən danışıb. Onun sözlərinə görə, artıq h’min proses barədə ilkin təşəbbüslər irəli sürülüb. Bu barədə Ermənistanın "Hraparak" nəşri yazır.
"Daşnaksyutun" erməni cəmiyyətinin parçalanmasına xidmət edib"
Aslanyan qeyd edib ki, 1998-ci ildə "Daşnaksyutun" partiyasının qadağan olunması barədə daha əvvəl verilmiş qərar ləğv edilərkən bu təşkilat öz qurultayını keçirdi və nəticədə erməni cəmiyyətində kəskin parçalanmalara başlanıldı. Həmçinin, bu partiya siyasi terror faktoru olaraq istər Ermənistana, istərsə də regiona öz mənfi təsirlərini sürətlə göstərməyə başladı.
Qeyd edək ki, 1994-cü ildə Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın qərarı ilə adıçəkilən təşkilatın fəaliyyətinə xitam verilmiş və ölkədə hər hansı siyasi məsələlərə müdaxiləsinə qadağa qoyulmuşdu.
"Daşnaksyutun" ölü partiya olaraq siyasi səhnəni tərk edəcək"
Lakin Levon Ter-Petrosyanın devrilməsindən sonra Robert Koçaryan yenidən daşnakları Ermənistanın siyasi səhnəsinə geri qaytarmışdı.
"Daşnaksyutun" öz fəaliyyətini dayandırmalıdır, çünki o, antixalq və antierməni partiyasıdır", deyə qeyd edən Aslanyan onu da bəyan edib ki, bu fikirdə yalnız onun özü deyil ölkənin digər tanınmış siyasi və s. xadimləri də bu reallığı bölüşürlər.
Aslanyan artıq "Daşnaksyutun" partiyasının fəaliyyətinin dayandırılması istiqamətində materiallar topladığını və onun casusluq fəaliyyətini sübut edən faktlar əldə etdiyini də gizlətməyib. "Cəmi bir neçə ildən sonra "Daşnaksyutun" ölü partiya olaraq siyasi səhnəni tərk edəcək", deyə erməni deputat bildirib.
Afət Tahirqızı