PDF Oxu

Siyasət

  • 12 104

Azərbaycan Xalq Cümhuriyyəti: təhsildə islahatlar TƏHLİL

Azərbaycan Xalq Cümhuriyyəti: təhsildə islahatlar TƏHLİL

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Ulu Öndər Heydər Əliyev deyirdi: "Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixi vardır. Lakin XIX əsrin əvvəlində xalqımız dövlətçiliyindən məhrum olmuşdu. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindəndir". AXC xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. AXC yarandığı zamandan xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Belə ki, həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin, menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. Lakin bütün bu çətinliklərə baxmayaraq, Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb. "Azərbaycan Xalq Cümhuriyyətinin yaranması çox çətinliklərlə başa gəlmişdir. Çünki məlumdur ki, buna kənardan mane olmaq istəyən qüvvələr də çox idi və Azərbaycanın həyatında da vəziyyət çox qarmaqarışıq, ağır, çətin idi. Ancaq Xalq Cümhuriyyəti yaranandan sonra onun fəaliyyəti də böyük çətinliklərlə, problemlərlə, böyük müqavimətlərlə, maneələrlə rastlaşmışdır. Biz bu gün iftixar hissi ilə deyə bilərik ki, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti yaşamış, fəaliyyət göstərmiş və iki il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur", - deyə Ulu Öndər bildirmişdir. Qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirilib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub.

XALQIN MİLLİ MƏNLİK ŞÜURUNU ÖZÜNƏ QAYTARDI

28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı tarixdən 105 il ötür. AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Yüz beş il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatında böyük tarixi, ictimai-siyasi hadisəyə çevrildi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətləri danılmazdır. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Tarixdən bildiyimiz kimi, AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. AXC Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etdi.

TƏHSİLƏ YETİRİLƏN DİQQƏT: 200-DƏN ÇOX QANUN QƏBUL OLUNDU

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, "Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər".
Bəli, qısa bir zamanda təhsil sahəsində də uğurlar əldə edildi. 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sahəsində bir sıra islahatlar həyata keçirdi. 30 iyun 1918-ci ildə respublikada xalq maarifini, məktəb təhsilini qaydaya salmaq, milli ali, orta və ibtidai məktəb şəbəkəsi yaratmaq, mövcud məktəbləri milliləşdirmək məsələlərini həll edəcək qurum kimi Xalq Maarif Nazirliyinin (XMN) ştat cədvəli və əsasnaməsi hökumətə təqdim edildi. Azərbaycan Cümhuriyyəti hökumətinin 1918-ci il 28 avqust tarixli qərarına əsasən, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan dilinin tədrisi isə məcburi surətdə həyata keçirilməli idi. Ali, ibtidai və orta tədris müəssisələrində dərslər dövlət dilində aparılmalı idi. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə Azərbayan dili şöbələri açılmalı və burada Azərbaycan dili elə intensiv tədris olunmalı idi ki, iki ildən sonra həmin şagirdlər artıq bu dildə təhsillərini davam etdirə bilsinlər. Cümhuriyyət hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 23 orta ixtisas təhsili məktəbi və 637 ibtidai məktəb fəaliyyət göstərirdi. Müəllimlər seminariyaları istisna olmaqla, 1919-20-ci tədris ilində Azərbaycanın orta məktəblərində 9611 şagird təhsil alırdı ki, onların da 3115 nəfəri azərbaycanlı idi. Xalq təhsilini milli zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrları və dərs vəsaitlərinə böyük ehtiyac var idi. O dövrdə Azərbaycanda mövcud müəllim kadrları və dərs vəsaiti heç də kifayət qədər deyildi. Vəziyyətdən başlıca çıxış yolu Türkiyədən müəllim kadrları dəvət etmək idi. XMN məktəbləri dərs vəsaitləri ilə təmin etmək məqsədilə xüsusi komissiya yaratmışdı. Həmin komissiyanın fəaliyyətinə o dövrün görkəmli pedaqoqları Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Cəmo Cəbrayılbəyli, Səməd bəy Acalov, Fərhad Ağazadə, Abdulla bəy Əfəndizadə və b. cəlb edilmişdilər. 1919-cu il sentyabrın 18-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə xalq məktəbləri üçün Türkiyədən dərs kitabları almaq məqsədilə Xalq Maarifi Nazirliyinə bir milyon manat vəsait ayrılmışdı.

İBTİDAİ TƏHSİL ŞƏBƏKƏSİ GENİŞLƏNDİRİLDİ

İbtidai və orta məktəblər üçün dərsliklər nəşr olundu, respublikanın müxtəlif bölgələrində seminariyalar açıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu, kənd təsərrüfatı institutunun yaradılması haqqında qanun qəbul edildi. Ölkə hökuməti təkcə universitet açmaqla kifayətlənməyərək, lazımi mütəxəssislərin yetişdirilməsi, xüsusən də azərbaycanlı gənclərin ali təhsil alması üçün xaricə göndərilməsi yollarını axtarırdı. Ağır hərbi-siyasi vəziyyətə baxmayaraq, azərbaycanlıların Avropa universitetlərində oxumaq üçün xaricə göndərilməsi qərara alındı. Azərbaycan Demokratik Cümhuriyyəti hökuməti və Xalq Maarifi Nazirliyi ölkədə Bakı Dövlət Universitetinin, Əkinçilik İnstitutu və Dövlət Konservatoriyasının təsis edilməsi barədə məsələ qaldırdı. Bunlardan ancaq birini - Bakı Dövlət Universitetini açmaq mümkün oldu. Həmin zamanda ibtidai təhsil şəbəkəsinin genişləndirilməsi mümkün oldu. 1919-cu ildə ölkədə dövlət hesabına 15 ali ibtidai məktəb fəaliyyət göstərirdi. Bakı, Gəncə, Şuşa, Nuxa (Şəki), Zaqatala və Qazaxda yaşlılar üçün xüsusi kurslar açıldı.
Artıq 1919-cu ildə Azərbaycanda 23 dövlət orta təhsil müəssisəsi vardı: 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, politexnik məktəb və kommersiya məktəbi. Bakı Qadın Seminariyası kişi seminariyasına çevrildi, orada təhsil alanlar üçün (40 nəfər idi) pansion açıldı. 1918-1919-cu illərdə Gəncə Müəllimlər Seminariyası milliləşdirilmiş, Bakıda Darülmüəllimin və Darülmüəllimat, Nuxada Darülmüəllimin açılmış, Zaqatala, Ağdam və Şuşada belə tipli müəssisələrin yaradılması nəzərdə tutulmuşdu. Sentyabrın 17-də seminariyada dərslər başlanmış, Firudin bəy Köçərli Qori Seminariyasının məzunları Y.Qasımov, İ.Vəkilov, Ə.Hüseynov, M.Hüseynovu müəllim sifəti ilə seminariyaya cəlb etmişdi.

100 NƏFƏR AZƏRBAYCANLI GƏNCİN XARİCƏ GÖNDƏRİLMƏSİ HAQQINDA QƏRAR

Mənbələrdə qeyd olunur ki, Azərbaycan Parlamenti 1919-cu il sentyabrın 1-də Bakıda dövlət universitetinin açılması haqqında qanunla bərabər, 1919-20-ci tədris ilində dünyanın müxtəlif ali məktəblərində dövlət hesabına təhsil almaq üçün 100 nəfər azərbaycanlı gəncin xaricə göndərilməsi haqqında da qərar qəbul etdi. Bunun üçün 7 milyon manat vəsait ayrıldı. Avropa ali məktəblərinə göndərilən hər tələbəyə 400 frank təqaüd təyin olundu. Xarici universitetlərin məzunları təhsillərini başa vurduqdan sonra ən azı iki il Azərbaycanda dövlət qulluğunda işləməli idilər. Dövlət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra dörd il hökumətin təyinatında işləməli idilər. 1919-cu il sentyabrın 1-də Cümhuriyyət Parlamenti qərar verdi: Azərbaycan Xalq Cümhuriyyətinin dövlət büdcəsindən yüz nəfər tələbənin xarici universitetlərdə təhsil almasının təmin eilməsi üçün Təhsil Nazirliyinin büdcəsinə 7 milyon rubl pul köçürülsün.
Azərbaycan Xalq Cumhurriyyəti yarandığı dövrdən başlayaraq təhsilin tamamilə yenidən qurulmasında əhəmiyyətli dövr başlandı. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi yer alıb.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər