Azərbaycan Dillər Universitetində "Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin siyasi irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının himni ilə başlayıb, sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx göstərilib. ADU-nun rektoru, akad. Kamal Abdullayev çıxış edərək müasir Azərbaycan dövlətinin siyasi sisteminin formalaşmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərini diqqətə çatdırıb. Azərbaycanın ərazi bütövlüyü, azadlığı uğrunda canından keçənlərin heç zaman unudulmayacağını, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycan Respublikasını dünya dövlətləri içərisində sözünü deyən dövlətə çevrilməsi istiqamətində yorulmaz fəaliyyətini, qələbə ilə nəticələnən uğurlu siyasətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 134 saylı (Azərbaycan Dillər Universiteti üzrə) ərazi partiya təşkilatının sədri dos. Qorxmaz Mustafayevin moderatorluğu ilə keçən tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edib. O, Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin mərhələləri haqqında danışıb, əsasən də Azərbaycanın müstəqilliyə qovuşmasında, güclü dövlətə çevrilməsi yolunda Ulu Öndərin yorulmaz fəaliyyətini diqqətə çatdırıb.
Sonra ərazi partiya təşkilatının sədri dos. Qorxmaz Mustafayev “Azərbaycanın müasir dövlətçilik tarixi” mövzusunda çıxış edərək Ümummilli lider Heydər Əliyevin siyasi kursunun dövlətçiliyin möhkəmlənməsindəki rolundan və Prezident İlham Əliyevin onun siyasi kursunu uğurla davam etdirməsindən, baş müəllim Günel Qarayeva “Dövlət ideologiyası - Azərbaycançılıq” mövzusunda çıxışında dövlət ideologiyasının formalaşması və multikultural ənənələrdən, “Yeni Klub”un sədri, Təhsil-2 fakültəsinin tələbəsi Gülüstan Kərimli isə “Azərbaycan Respublikasında gənclər siyasəti” mövzusunda dövlətin gənclərə qayğısından danışıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına üzv olan müəllim və tələbələrə vəsiqələr təqdim olunub, fəaliyyətləri ilə seçilən əməkdaş və tələbələrə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının təşəkkürnamə və hədiyyələri təqdim olunub.
Zümrüd