Prezident İlham Əliyev: “Müasir infrastrukturumuz Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artmasına imkan yaradır”
Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atmışdır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu münasibətlər qarşılıqlı əməkdaşlığa, dostluğa əsaslanır. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuşdur. Baltikyanı ölkələrdən olan Litva ilə münasibətlərdə həm də hər iki ölkənin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqları mövcuddur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 21-də Litva Respublikasına rəsmi səfəri bu əlaqələrin yüksələn xətlə inkişafına əsaslanır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub. Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edir. Məlumdur ki, Litva ilə Azərbaycan strateji tərəfdaşdırlar. Ölkələr arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə əməkdaşlığın mahiyyətini əks etdirir. Xatırladaq ki, hələ 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur.
"BİZ GENİŞ FİKİR MÜBADİLƏSİ ƏSNASINDA BİR ÇOX ÖNƏMLİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETDİK"
Dövlət başçısının növbəti səfəri çərçivəsində bir çox məsələlər müzakirə olunub. Belə ki, mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş", "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı"ı imzalanıb."Bu gün biz geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələləri müzakirə etdik, bir daha bizim strateji tərəfdaşlığımızı təsdiqlədik. Keçən il Prezident Nauseda Azərbaycanda rəsmi səfərdə idi, bu il isə mən Litvada rəsmi səfərdəyəm. Biz bu ilin əvvəlində Davosda da görüşmüşdük. Yəni, bu, özlüyündə onu göstərir ki, aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib. Siyasi müstəvidə əldə edilmiş razılaşmaların bütün digər sahələrə də müsbət təsirini göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək: "Əminəm ki, bu gün keçiriləcək biznes forum bu istiqamətdə atılan önəmli addım olacaqdır".
"SÜLH DANIŞIQLARININ APARILMASI NƏTİCƏ ETİBARİLƏ QAFQAZA UZUNMÜDDƏTLİ SÜLH GƏTİRƏCƏK"
Səfər çərçivəsində regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparılıb və dövlətimizin başçısı Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırıb. "Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək", - deyə Prezident bildirib ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan sülhsevər dövlət olaraq hər zaman sülhün, təhlükəzliyin təminatçısı olaraq çıxış edir. İnkişaf və tərəqqi yolunda olan Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə davam edir. Qətiyyətli, prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında bu fikri bir daha diqqətə çəkib: "İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".
İXRAC EDİLƏN QAZIN HƏCMİ İLDƏN-İLƏ ARTIR VƏ ARTACAQ
Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürümüzü bildiririk, - deyən dövlət başçımız qeyd edib ki, Prezident Nausedanın Azərbaycana səfər edəndən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu Memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq.Məlumdur ki, Azərbaycan enerji təhlükəsizliyini 100 faiz təmin edir. Eyni zamanda, ölkəmiz Avropa İttifaqı üzvlərinin də enerji təhlükəsizliyinə töhfə verir. İxracatda neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları var, başqa sözlə, Azərbaycanın enerji resurslarına ehtiyac kifayət qədər böyükdür. Avropa İttifaqı Azərbaycanın əsas ticari tərəfdaşıdır, Litva da Avropa İttifaqının üzvü kimi bu əməkdaşlıq münasibətlərinin bir parçası olaraq Azərbaycanla əlaqələrin gələcəyinə də inamla baxır.
NƏQLİYYAT-KOMMUNİKASİYA İMKANLARINI YARATMAQ ÜÇÜN ÖLKƏLƏRİN PAYINA BÖYÜK VƏZİFƏLƏR DÜŞÜR
Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik, - deyə Prezident bildirib:"Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq".
Ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşdüyünü qeyd edən Prezident "Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir", - deyə vurğulayıb: "Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və artacağını qeyd edən Azərbaycan Prezidenti deyib:"Müasir infrastrukturumuz buna imkan yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq".
Mövcud münasibətlər ölkələr arasında bir çox sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olacaqdır. Bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.
Zümrüd BAYRAMOVA