Siyasət

  • 3 157

Masallıda Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

image

19 may 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, BDU-nun rektoru Elçin Babayev, universitetin professor-müəllim heyəti Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini, Şəhidlər kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi anılıb.

Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edib. O, Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyasından söz açıb. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi çağdaş tariximizdə əbədiləşib.

BDU-nun rektoru Elçin Babayev çıxışında bildirib ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır: “Ümummilli Liderimiz dünyaya xüsusi missiyanı yerinə yetirmək üçün gəlmişdi. Bu missiya Azərbaycanın indiki müstəqil, qüdrətli dövlətə çevrilməsi missiyası idi. Həyatının başlıca amalı Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına həsr edib, dövlətimizin möhkəmlənməsində, xalqımızın rifahının yüksəldilməsində misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı şərəflə və uğurla, mərdlik və müdrikliklə yerinə yetirib. 1982-ci ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilən Heydər Əliyev 5 il ərzində SSRİ-nin ilk və yeganə müsəlman əsilli rəhbərlərindən biri olub. Ulu Öndər bu illər ərzində də tutduğu vəzifənin ona verdiyi imkanları doğma xalqının rifahı və tərəqqisinə yönəldib.

Rektor qeyd edib ki, ölkəmiz üçün olduqca çətin və mürəkkəb, xalqımız üçün ağrılı olan 1993-cü ildə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu, xalqın çağırışı ilə yenidən böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazılıb. İqtisadiyyatına milyardlarla dollar investisiya qoyulan Azərbaycanda ümumi daxili məhsul dəfələrlə artdı, ölkəmiz sosial-iqtisadi inkişafa nail oldu, müstəqil dövlətin hüquqi-siyasi əsasları formalaşdırıldı, ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Xalqımızın qədim və zəngin milli-mənəvi dəyərləri qorunub saxlanıldı, azərbaycançılıq məfkurəsi milli ideologiya səviyyəsinə yüksəldi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yüksək mərhələyə qədəm qoydu. Azərbaycanın bir dövlət kimi prioritetlərini, dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını müəyyənləşdirən Ulu Öndərin xalqımıza ən böyük töhfəsi isə heç şübhəsiz ki, bu gün dünya siyasətinin fenomeni olan Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə və qətiyyətlə həyata keçirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi və informasiya cəbhələrindəki mahir sərkərdəliyi, iradəsi və qətiyyəti sayəsində cəmi 44 gün ərzində 30 illik işğal bitdi, ən azı iki yüz illik problem tarixin arxivinə çökmüş oldu.

Rektor bildirib ki, Ulu Öndər Heydər Əliyev məzunu olduğu, qürurla “Mən fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinə də hər zaman qayğı ilə yanaşıb. Ümummilli Liderin təhsil illəri və sonralar bu təhsil ocağı ilə sıx əlaqələri BDU-nun şanlı tarixinin bütöv bir mərhələsini təşkil edir.

Sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr edilmiş video nümayiş olunub.

Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, Milli Məclisin deputatı Məşhur Məmmədov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Azərbaycanın parlaq günəşi”, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli “Heydər Əliyev və mətbuat”, YAP Yasamal rayon təşkilatının sədri, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Bəxtiyar Nəbiyev “Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında rolu (1969-1982-ci illər)”, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Heydər Əliyev irsi – tədqiq və təbliğ”, BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev – dövlətçilik məktəbi”, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Geologiya fakültəsinin müəllimi İlqar Quliyev “Ümummilli Liderin gənclər siyasəti” mövzularında çıxış ediblər.

Çıxışlarda dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

ƏLİHÜSEYN ŞÜKÜROV

Digər xəbərlər