Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi olaraq meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olmuşdur. AXC yarandığı zamandan xarici və daxili qüvvələr tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb. Belə ki, həm xaricdən, həm də daxildən daşnak ermənilər, həmçinin, menşevik qüvvələr Azərbaycanın müstəqil dövlət kimi formalaşmasına mane olurdular. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub.
"BİZ BU GÜN DEMOKRATİK AZƏRBAYCAN DÖVLƏTİNİ QURURUQSA, AYAĞA QALDIRIRIQSA, XALQ CÜMHURİYYƏTİNƏ BORCLUYUQ"
XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq.
AZƏRBAYCAN XALQI ÜÇÜNCÜ İLDİR Kİ, 28 MAY – MÜSTƏQİLLİK GÜNÜNÜ QALİB XALQ KİMİ QARŞILAYIR
Ulu Öndər Heydər Əliyevin müdrik siyasətini davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan iqtisadi cəhətdən dinamik inkişaf edən ölkəyə çevrilib, regional problemlərin həllində əsas söz sahibidir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində 30 ildən sonra Azərbaycan 44 günlük müharibədə Qələbə qazandı, işğalçı Ermənistanı kapitulyasiyaya məcbur etdi. Azərbaycan xalqı üçüncü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi qarşılayır. Bu əziz bayram erməni işğalından azad edilən torpaqlarımızda da qeyd olunur. Üçrəngli bayrağımız işğaldan azad edilmiş ərazilərimizdə qürurla dalğalanır.
"AZƏRBAYCANLA BİRLƏŞMİŞ ŞTATLAR ARASINDAKI TƏRƏFDAŞLIQ REGİONDA İNKİŞAFI TƏMİN EDİB"
Dünyada söz və nüfuz sahibi olan müstəqil Azərbaycanın Prezidentİ İlham Əliyevə Müstəqllik Günü münasibəti ilə dünya ölkələrinin prezidentləri, siyasi xadimləri tərəfindən təbriklər gəlir. Onların hər birində 28 May - Müstəqillik Günü münasibətilə təbriklərlə yanaşı, dövlətimizin dünya birliyində layiqli yer tutması, dövlətlərarası münasibətlərin etibarlı əməkdaşlıq səviyyəsinə yüksəlməsi diqqətə çəkilir. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef R.Bayden ünvanladığı təbrikində belə yazır: "Amerika xalqı adından Sizi və Azərbaycan xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq… Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləməyə davam edəcəkdir. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm".
MÜASİRLƏŞƏN CƏMİYYƏTİN DİNC VƏ SABİT MÜHİTƏ EHTİYACI VAR
Sevincli və firavan Müstəqillik Günü ərəfəsində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin dövlət başçımıza ünvanladığı təbrikində Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti və Azərbaycan xalqını ürəkdən təbrik etdiyi qeyd olunur: "Bu ilin fevral və mart aylarında Almaniyaya səfərləriniz ölkələrimiz arasında sıx dostluq münasibətlərini daha da gücləndirdi. Almaniya, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərini dəstəkləyir". Almaniyanın bundan sonra da Azərbaycanın modernləşmə səylərində, demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsində etibarlı tərəfdaş olacağını qeyd edən Frank-Valter Ştaynmayer çiçəklənən, müasirləşən cəmiyyətin dinc və sabit mühitə ehtiyacı olduğunu vurğulayır: "Buna görə də mən qəti şəkildə əminəm ki, Azərbaycan, eləcə də bütün bölgə regional münaqişələrin həllindən faydalanacaqdır. Biz Avropa İttifaqının üzvü kimi buna fəal töhfə vermək istəyirik. Sizə və Azərbaycan xalqına ən xoş arzularımı ifadə edir, sülh, rifah və firavan gələcək diləyirəm".
Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlz Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərini çatdırıb: "Mən çətinliklərin yaşandığı indiki dövrdə ölkələrimiz arasında mehriban dostluğun və güclü tərəfdaşlığın davam edəcəyinə ümidvar olduğumu bildirmək istərdim". Ünvanlanan təbriklərin hər birində səmimi hisslər ifalə olunub. Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitodan, İndoneziya Respublikasının Prezidenti Coko Vidododan, Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd vələd əş-Şeyx əl-Ğəzvanidən, Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanan təbriklərdə Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi ifadələr yer alır. Xalqlar arasındakı mövcud dostluq əlaqələri daim inkişaf edərək beynəlxalq aləmdə, regionda sülhün və firavanlığın təşviqinə töhfə verir. Belə bir nüfuza sahib dost Azərbaycan xalqına ünvanlanan təbriklərdə daha çox tərəqqi və firavanlıq arzulayırlar. Dost xalqların mənafeyi naminə ölkələr arasında mövcud əməkdaşlıq əlaqələrini gücləndirmək və inkişaf etdirmək üçün səylərimizi davam etdirməkdə maraqlı olduqları ifadə olunur. Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ölkəmizin milli bayramı - Müstəqillik Günü münasibətilə Əlcəzair xalqının, hökumətinin adından və şəxsən öz adından ən səmimi təbriklərini çatdırıb: "Ölkənizin tarixində bu əlamətdar hadisənin qeyd edilməsi, Qoşulmama Hərəkatının hazırkı sədri olaraq 2022-ci ilin noyabr ayında Əlcəzairin ev sahibliyi etdiyi Ərəb Dövlətləri Liqasının Zirvə toplantısında fəxri qonaq qismində dəyərli iştirakınız mənə dostluq və əməkdaşlıq münasibətlərimizin dinamizmindən dərin məmnunluğumu ifadə etmək imkanı verir. Ölkələrimizin ümumi maraqları və qardaş xalqlarımızın istəklərinə xidmət edən əlaqələrimizi möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə Sizinlə əməkdaşlığımızı, həmçinin ümumi maraq kəsb edən məsələlər və dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək beynəlxalq forumlarda məsləhətləşmələrimizi davam etdirməyə hazır olduğumu bir daha qeyd etmək istərdim".
AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur. Göründüyü kimi, bu uğurlarımız və tarixi irsimiz, nailiyyətlərimiz dünyanın diqqətindən kənarda qalmır.
Nəzakət ƏLƏDDİNQIZI