“Ermənistan sülh müqaviləsinin imzalanmasında konstruktiv mövqe sərgiləyərsə, sülh müqaviləsi yaxın dövürdə imzalana bilər. Amma Moskvada və Kişinyovda nəzərdə tutulan görüşlərin sülh müqaviləsinin imzalanması prosesinin sürətlənməsinə impuls verəcəyini hesab edirəm. Bununla yanaşı qeyd etmək istəyirəm ki, keçirilən hər bir görüş mövqelərimizi yaxınlaşdırır, məsələlər razılaşdırır və Ermənistana ədalətli mövqeyimizi qəbul etməkdən başqa yolun olmadığı başa salınır”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, mayın 22-də baş nazir Paşinyan Moskva görüşü ərəfəsində mətbuat konfransı keçirərək Azərbaycanın ərazisinin bütövlüyünü tanıdığını, anklavların Azərbaycana məxsus olduğunu və Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməsi qarşıdan gələn görüşlərin nəticəyönümlü olacağı ilə bağlı fikir yürütməyimizə imkan verir: ”Ermənistan artıq başa düşür ki, sülh müqaviləsi imzalamağın alternativi yoxdur. Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların müddəti 2025-ci ildə başa çatır. Ondan sonra Ermənistan istəsə də, istəməsə də Qarabağda yaşayan ermənilər Azərbaycanın qanunlarına tabe olmağına məcbur olacaqlar. Həm də Azərbaycan öz ərazilərində nəzarətini bərpa etmişdir və istədikləri kimi Qarabağa qanunsuz daşımaları davam etdirə bilmirlər. Zaman Azərbaycanın xeyrinə işləyir və bundan sonra ölkələrarası düşmənçiliyi yaşatmaqla Ermənistan özünü geriyə aparır. Ona görə də, Azərbaycan Ermənistan görüşlərinin son vaxtlar intensivləşməsi ölkələrarası münasibətlərin normallaşması prosesini yaxınlaşdıracağını və regiona davamlı sülhün gətiriləcəyini hesab edirəm”.
GÜLYANƏ