Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelti qəbul edərkən dövlətimizin başçısı Milli Məclisin və ATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu" mövzusunda beynəlxalq konfransın əhəmiyyətini vurğulayıb. ATƏT regionunda təhlükəsiz əməkdaşlığın inkişafı və sabitliyin qorunması üzv ölkələrin tərəqqisinə, xalqların milli maraqlarına xidmət edir. Regionda daha ədalətli, davamlı və təhlükəsiz inkişafın təmin edilməsi üçün qarşıda duran hədəflər nəzərdən keçirilməlidir. Müasir dövrdə yaşıl iqtisadiyyat qlobal və yerli səviyyədə sosial-iqtisadi tərəqqinin və ətraf mühitin mühafizəsinin təminində olduqca əhəmiyyətlidir. Ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin çirklənməsinin minimuma endirilməsi üçün mütərəqqi üsulların tətbiqi mühüm amillərdəndir. Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər zəruri hesab olunur. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
BEYNƏLXALQ SƏYLƏR ARTIRILMALIDIR
Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməsi mövcud problemlərin həllində önəmlidir. Ekoloji problemlərin daxili potensial imkanlardan istifadə etməklə aradan qaldırılması ilə yanaşı, ətraf mühitdə baş verən neqativ dəyişikliklərin nəticələrinin qlobal səviyyədə həlli istiqamətində beynəlxalq səylərin artırılması vacib məsələrdəndir.
Nümayəndə heyətinin işğaldan azad edilmiş torpaqlarımıza səfərinin, orada aparılan işlərlə yerində tanış olmalarının önəmini qeyd edən Prezident İlham Əliyev hazırda həmin ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalının dağıdıcı nəticələri ilə yaxından tanış olacaqlar. Həmçinin "Ağıllı kənd" Konsepsiyası əsasında yenidən salınan Ağalı kəndi, dəmir yolu infrastrukturu və "Azərişıq" ASC-nin "yaşıl enerji" obyektləri ilə tanış olacaqlar.
Azərbaycan Prezidenti 44 günlük Vətən müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə məhz Azərbaycanın çıxış etdiyini vurğulayıb. Dövlətimizin başçısı son dövrlərdə iki ölkənin xarici işlər nazirləri səviyyəsində sülh müqaviləsinin mətni üzrə Vaşinqtonda aparılmış müzakirələri, həmçinin Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə özünün Ermənistanın baş naziri ilə keçirdiyi görüşlərini qeyd edib, qarşıdan gələn dövrlərdə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində görüşlərin olacağını bildirib.
CƏNUBİ QAFQAZ MODELİNİN YARADILMASI TƏŞƏBBÜSÜ AZƏRBAYCAN TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLÜB
Prezident İlham Əliyev Azərbaycanın təqdim etdiyi 5 prinsip, xüsusilə, dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı şəkildə tanınması əsasında ölkəmizin sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini vurğulayıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan, Gürcüstan və Ermənistanın eyni platformada bir araya gətirilməsi və inteqrasiya olunmuş Cənubi Qafqaz modelinin yaradılması təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb.
Dövlət başçımız İkinci Qarabağ müharibəsindən sonra istər Soçidə, istər Brüsseldə, o cümlədən iştirak etdiyi bütün beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarında verdiyi müsahibələrində regionda təhlükəsizliyin təmin olunması üçün iki ölkə arasında münasibətlərin normallaşmasının, ölkəmizin 5 baza prinsipi əsasında sülh təklifinin dəstəklənməsinin vacibliyini vurğulamışdır.
Hazırkı dövrün əsas məsələsi Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir. Azərbaycanın respublikasının irəli sürdüyü prinsiplər beynəlxalq hüquqa tamamilə uyğundur və bu əsasda normallaşmaya nail olmaq mümkündür.
Nəzakət ƏLƏDDİNQIZI