PDF Oxu

Siyasət

  • 1 620

Bəşəriyyət üçüncü dünya müharibəsinə sürüklənir TƏHLİL

Bəşəriyyət üçüncü dünya müharibəsinə sürüklənir TƏHLİL

Ötən 14 ay ərzində Rusiya-Ukrayna müharibəsində 600 min insan həyatını itirib, 800 minə yaxın insan isə yaralanıb

Rusiya - Ukrayna müharibəsi getdikcə daha amansız və qəddar xarakter alır. Hər gün yüzlərlə insan öldürülür, yaralanır, onlarla bina, sənaye obyekti dağıdılır. Tərəflər isə dayanmaq, problemi sülh yolu ilə həll etməyə cəhd etmir. İstər Rusiya, istərsə də Ukrayna özlərini haqlı hesab edirlər. Reallıqda isə ikinci mövqeyində daha haqlıdır. Çünki Rusiya suveren, müstəqil Ukraynaya hücum edərək şəhərlərini bombalayır, insanları qətlə yetirir. Rəsmi Moskva isə hücumunu Ukraynanın Qərbin qucağında oturmasına və avropalıların qonşuluğunda yeləşməsinə etiraz etməsi ilə əlaqələndirir. Bütün hallarda itirən sadə insanlardır.

18 milyon ukraynalı ölkəsini tərk edib

Bu günə qədər 210 min rusiyalı əsgər həyatını itirib, 350 min əsgər isə yaralanıb. Ukrayna tərəfinin itkiləri daha çoxdur. Qərb analitiklərinin açıqlamalarına istinad etsək, ötən bir il ərzində 18 milyona yaxın ukraynalının ölkəni tərk etdiyi məlum olub. Ukrayna bir il ərzində 400 min insan itkisi ilə üzləşib. Müharibə qoca, cavan, uşaq bilmədən hər kəsi ölümlə üz-üzə qoyur. BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Russell sosial media hesabından etdiyi paylaşımda bildirib ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 500-dən çox uşaq həyatını itirib: “Ukraynalı uşaqlar və ailələr üçün daha bir faciəli həddi keçilib. Müharibənin başladığı 2022-ci ilin fevralından bu yana ən azı 501 uşaq öldürülüb".

Həqiqi ölənlərin sayının UNICEF-in təsdiq etdiyi rəqəmlərdən çox ola biləcəyini qeyd edən K.Russell müharibədə ən az 1000 uşağın yaralandığını qeyd edib: “Ölənlərlə əlaqəli açıqlanan hər rəqəmin arxasında dağılan və əbədi olaraq dəyişən bir ailə dayanır. Bu, ürək ağrıdır. Nəhayət, uşaqların və ailələrin sülhə ehtiyacı var və bu, tezliklə olmayacaq”.

BMT-nin tərksilah məsələləri üzrə ali nümayəndəsinin müavini Adedeji Ebo bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində 8,8 min mülki şəxs ölüb, 14,9 mindən çox insan yaralanıb: “24 fevral 2022-ci il tarixindən bəri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi Ukraynada 23 821 mülki itkini hesablayıb: 8 836 nəfər ölüb, 14 985 nəfər yaralanıb. Faktiki rəqəmlər çox güman ki, daha yüksəkdir”.

İqtisadi itkilər isə milyardlarla dollar hesab olunur. Dünya Bankının iqtisadçıları yazırlar ki, Rusiyanın Ukraynaya müdaxiləsi qlobal iqtisadiyyata ziyan vurdu, enerjidaşıyıcılar bazarlarının sabitliyini pozdu: “Bir çox inkişaf etməkdə olan ölkədə ərzaq qıtlığı və yoxsulluğu daha da gərginləşdirdi”. Müharibənin qiymətləndirməsindən yazan iqtisadçılar qeyd edirlər ki, hazırda Dünya Bankı 2022-ci ildə, əvvəlki 4,1 faiz proqnozu müqabilində, dünya iqtisadiyyatının cəmi 2,9 faiz artımını gözləyir: “İƏİT isə öz proqnozunu daha əhəmiyyətli ölçüdə - 4,5 faizdən 3 faizədək azaldıb. Əldən buraxılmış 1-1,5 faiz artım – nəhəng məbləğdir, nəzərə alınsa ki, bu il ilk dəfə dünya ÜDM-si 100 trilyonu aşmalıdı”.

Belqorod vilayətində əhali qaçqına çevrilir

Ukrayna Qərbdən hərbi, siyasi, maliyyə dəstəyi almaqla Rusiyanın intensiv hücumlarına layiqli cavab verməkdədir. Hətta müəyyən ərazilərdə hücuma keçərək itirilmiş ərazilərini geri qaytarır. Bununla yanaşı, ara-sıra Rusiyanın şəhərlərini də atəşə tutaraq hərbi və sənaye obyektlərinə ciddi ziyan vurur. İki gündür Ukrayna silahlı qüvvələri Rusiyanın sənaye şəhəri olan Belqorodda əməliyyatlar keçirir. Müəyyən uğurlara nail olan ukrayna silahlıları əməliyyatlarını genişləndirməkdədir. Ukrayna tərəfindən döyüşən “Azad Rusiya Legionu” və “Rusiya Könüllü Korpusunun döyüşçüləri” Rusiyanın Belqorod vilayətinin Kozinka kəndini və Qrayvoron rayon mərkəzini tutublar. Vilayətin qubernatoru Vyaçeslav Qladkov rayon mərkəzinə Ukraynanın diversiya-kəşfiyyat qrupunun daxil olduğunu təsdiq edib. O deyib ki, iki dinc sakin yaralanıb. Putinin mətbuat katibi Peskov bildirib ki, bu barədə prezidentə məruzə edilib. “Hazırda onların Rusiya ərazisindən çıxarılması və məhv edilməsi üçün əməliyyat aparılır” - deyə Peskov bildirib. Maraqlıdır ki, rəsmi Kiyev Belqorodda aparılan əməliyyatların Ukrayna müdafiə nazirliyinə əlaqəsi olmadığını bildirib. Ukrayna Silahlı Qüvvələrinin Baş kəşfiyyat idarəsinin nümayəndəsi bəyan edib ki, Belqorod ərazisində “Azad Rusiya” legionu və “Rusiya Könüllü Korpusunun döyüşçüləri fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi Artemovsk şəhərində məğlubiyyətə Ukrayna silahlılarının dinc əhaliyə qarşı terror aksiyaları həyata keçdiyini bəyan edib. Mayın 22-də Belqorod vilayətinin Qraivoronski rayonunda Kozinka beynəlxalq keçid məntəqəsini, eləcə də bir sıra digər mülki obyektləri intensiv artilleriya atəşinə tutduqdan sonra Ukrayna millətçi birləşməsinin bölməsi Rusiya Federasiyası ərazisinə soxulub.“Antiterror əməliyyatı zamanı hava zərbələri, artilleriya atəşi və Qərb Hərbi Dairəsinin Dövlət Sərhəd mühafizə bölmələrinin fəal hərəkətləri nəticəsində millətçi birləşmələrin qarşısı alınıb və darmadağın edilib. Millətçilərin qalıqları yenidən Ukrayna ərazisinə qovuldu və orada onlar tamamilə məhv edilənə qədər atəşə tutulmağa davam etdilər. 70-dən çox ukraynalı terrorçu, dörd zirehli döyüş maşını və beş pikap məhv edilib”, - Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov son brifinqdə bildirib.

Rusiya-Ukrayna müharibəsi amansız xarakter alır

General-leytenant İqor Konaşenkov Ukrayna Silahlı Qüvvələrinin təmas xəttində ümumi itkiləri barədə də məlumat verib: Kupyanski istiqamətində 110-a qədər, Krasno-Limanski istiqamətində 65-dən çox, Donetsk istiqamətində 375-ə qədər ukraynalı hərbçi həlak olub. Cənubi-Donetsk və Zaporojye istiqamətlərində 150-dən çox, Xerson istiqamətində 20-dən çox. İqor Konaşenkov onu da bildirib ki, 720 ukraynalı muzdlusu ilə yanaşı, Ukraynanın üç diversiya-kəşfiyyat qrupunu, ABŞ istehsalı olan AN/TPQ-50 əks-akkumulyator radarını, Ukrayna Silahlı Qüvvələrinin 60 və 64-cü mexanikləşdirilmiş briqadalarının iki silah-sursat anbarını məhv edib: “Operativ-taktiki və ordu aviasiyası Ukrayna Silahlı Qüvvələrinin 24-cü mexanikləşdirilmiş briqadasının komanda məntəqəsinə, hərbi texnika üçün iki yanacaq anbarına, Ukrayna Silahlı Qüvvələrinin 96 artilleriya bölməsinə, 112 rayonda atəş mövqelərinə, canlı qüvvə və hərbi texnikaya zərbələr endirib. gün ərzində artilleriya ilə vuruldu.Konaşenkov bir gündə 13 HIMARS Uraqan reaktiv yaylım atəş sistemini və 11 Ukrayna pilotsuz təyyarəsini ələ keçirən hava hücumundan müdafiə bölmələrinin döyüş işini qeyd edib”.

Ukrayna tərəfinin açıqladığı məlumatlara görə, müharibədə Rusiya 210 minə yaxın əsgər və zabit itirib: “Rusiya 3094 ədəd tank, 6159 ədəd zirehli döyüş maşını, 2082 ədəd artilleriya sistemi, 437 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 218 hava hücumundan müdafiə sistemi, 285 ədəd hərbi təyyarə, 276 ədəd helikopter, 4 826 ədəd avtomobil texnikası, 1 865 ədəd PUA, 723 qanadlı raket, 17 gəmi/qayıq, 184 xüsusi avadanlıq itirib”.

Rusiya - Ukrayna müharibəsinin amansız xarakter alması dünyanın sabahının ürəkaçan olmadığını deməyə əsas verir. O mənada ki, insan itkiləri, qlobal iqtisadi böhran, ekaloji tarazlığın pozulması bütün dünyanın gələcək taleyini təhlükə altında qoyur. Onu da vurğulamaq lazımdır ki, Rusiya tərəfi hər fürsətdi rəqiblərini nüvə silahı ilə hədələyir. Təbii ki, Rusiya müharibədə uduzacağı təqdirdə, nüvə silahından istifadə etməli olacaq. Bu halda çox ehtimal ki, ilk hədəf Polşa və Almaniya dövlətləri olacaq. Məhz bundan sonra ABŞ və Avropanın aparıcı dövlətləri məcburiyyət qarşısında qalıb, müharibəyə qoşulmalı olacaqlar ki, bu da dünyanın sonunu gətirə bilər. Nəzərə almaq lazımdır ki, Rusiya nüvə silahı daşıyan savaş təyyarələrini müəyyən etdiyi ərazilərə çıxarıb. Digər tərəfdən, rusiyalılar nüvə təlimlərini həyata keçiriblər. Rus kəşfiyyatı bəzi mənbələrlə o fikirləri bölüşüblər ki, Rusiyanın NATO ilə savaşı qaçılmazdır. Birləşmiş Millətlər Təşkilatının yaydığı açıqlamada da yaxın gələcəkdə Rusiya və Ukrayna arasında sülh danışıqlarının başlanma ehtimalı mümkünsüz hesab edilir. Bu səbəbdən də BMT hazırda sülh prosesinə start cəhdlərindən daha çox məhz Türkiyənin vasitəçiliyi ilə yaradılmış "taxıl dəhlizi"nin qorunmasına yönəlik fəaliyyətə üstünlük verir. “Taxil dəhlizi” ilə bağlı sazişin icra edilməsi ərzaq bazarlarına müsbət təsir göstərdi. Nəticədə bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara endi. Ukrayna –Rusiya müharibəsi davam edəcəyi təqdirdə, “Taxıl dəhlizi”nin müvəqqəti xarakter daşıyacağı ehtimal olunur. Çünki bir neçə dəfə Rusiya sazişdən çıxmağa çalışıb. Uğursuzluq qabarıq şəkildə özünü göstərəcəyi təqdirdə, rəsmi Moskvanın dəhlizi bağlayacağı şübhəsizdir. Bu isə yenidən ərzaq qıtlığının yaranmasına gətirib çıxaracaq. Ən dəhşətlisi isə Ukrayna-Rusiya müharibəsi fonunda dünya müharibəsinin baş verməsidir. Görünən ondan ibarətdir ki, üçüncü dünya müharibəsinin qarşısının alınmasına cəhdlər göstərilmir. Deməli, bəşəriyyətin dinc sakinləri təhlükə ilə üz-üzədir.

İ.ƏLİYEV

Digər xəbərlər