PDF Oxu

Siyasət

  • 2 604

Cümhuriyyət dövründə səhiyyəmiz TƏHLİL

Cümhuriyyət dövründə səhiyyəmiz TƏHLİL

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatında böyük və əlamətdar hadisəyə çevrildi. Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il may ayının 28-də "İstiqlal Bəyannaməsi"nin elan olunması ilə yaranmışdır. İstiqlal Bəyannaməsinin qəbul edilməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun - parlamentli respublikanın yaradılacağından xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi: Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Hər bir xalqın, dövlətin taleyində təhsilə, insan sağlamlığına hansı səviyyədə münasibət göstərilməsinin müstəsna əhəmiyyəti olub. Sağlam cəmiyyətlərdə vətəndaşların sağlıq durumunun qorunması həmişə önə çəkilib. Azərbaycan xalq Cümhuriyyəti dövründə də bütün sahələrdə olduğu kimi, səhiyyə xüsusi diqqət ayırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı gündən əhalinin sağlamlığı qayğısına qalmış və səhiyyə sahəsində ciddi tədbirlər görmüşdür. Tarixi mənbələrdə qeyd olunduğu kimi, bu sahədə ən böyük uğurlardan biri ölkənin səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının — Səhiyyə Nazirliyinin yaradılması idi. Belə ki, Xalq Cümhuriyyəti hökumətinin ilk qərarlarından biri 17 iyun 1918-ci ildə Səhiyyə Nazirliyinin yaradılması ilə əlaqədar idi. Nazir vəzifəsinə 1903-cü ildə Xarkov Universitetinin tibb fakültəsini bitirmiş, ixtisasca cərrah olan Xudadat bəy Rəfibəyov təyin edildi. Nazirliyin 5 əsas şöbəsi - şəhər və məhkəmə tibbi şöbəsi, tibbi statistika, əczaçılıq, kənd səhiyyəsi, baytarlıq və sanitariya şöbələri vardı. Nazirliyin göstərişi ilə əhaliyə dövlət hesabına pulsuz tibbi xidmətə keçilmiş, yeni müalicəxanalar, tibb məntəqələri açılmış, dərman anbarları, laboratoriya binaları tikilmiş, lazımi avadanlıqlar alınmışdı. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, əhaliyə tibbi xidməti yaxınlaşdırmaq, epidemiyalara qarşı mübarizəni gücləndirmək üçün də hərtərəfli planlar işləyib hazırlamış, bununla əlaqədar qərar qəbul etmişdi. Qərarda hökumət təzə təşkil etdiyi Səhiyyə Nazirliyi qarşısında çox ciddi vəzifələr qoymuşdu. Onlardan ən önəmlisi əhalinin sağlamlığının qorunması üçün lazımi şəraitin yaradılması və antisanitariya ilə mübarizənin gücləndirilməsi idi.

SƏHİYYƏYƏ 43 MİLYON 321 MİN 950 MANAT PUL AYRILDI

Səhiyyə şəbəkəsinin genişləndirilməsinə başlandı. Kənd yerlərində xəstəxanalar, ambulatriyalar, feldşer məntəqələri və s. müalicə müəssisələri açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. Dövlət tibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə lazımi tədbirlər görüldü. Bunun üçün dövlət aptek anbarı, laboratoriyası və s. yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti sağlamlığın mühafizəsinə dair vəzifələr və tədbirlər barədə bir sıra qanun və qərarlar qəbul etdi. Cümhuriyyət Hökuməti tibb xidməti heyətini genişləndirmək məqsədilə səhiyyə sistemində qısamüddətli tibb işçiləri kursları açdı. Bütün bunların nəticəsi idi ki, Xalq Cümhuriyyəti dövründə kənd yerlərində Səhiyyə Nazirliyinə tabe olan 33 kənd xəstəxanası fəaliyyət göstərirdi. Onların hər birində 1 həkim, 2 feldşer və xidmətçi tibb bacıları işləyirdi. Bu tibbi personal 6 çarpayılıq kənd xəstəxanalarında xəstələrə xidmət edir, ambulator müalicəyə ehtiyacı olanlara isə pulsuz tibbi yardım göstərirdi. Bu dövrdə qeyri-hökumət tibbi cəmiyyət, birlik və təşkilatlarının da fəaliyyəti geniş vüsət almışdı. Bakı şəhəri həkimlər cəmiyyətinin əsas fəaliyyət istiqaməti sənaye gigiyenası, yatalaq epidemiyasının aradan qaldırılması olmuşdur. Cəmiyyət Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün Avropanın aparıcı klinikaları ilə əlaqə yaratmışdı. Bakının tanınmış həkimləri təbabətin müxtəlif sahələrində elmi nailiyyətlərin mübadiləsi məqsədilə cəmiyyətdə məruzələr edirdilər. Onun nəzdində boş iş yerlərini qeydə almaq, işsizləri həmin yerlərə yerləşdirmək, onlara vaxtaşırı yardım göstərmək məqsədilə Həkimlərə yardım bürosu yaradılmışdı. 1919-cu ildə Bakıda təsis edilmiş qeyri-hökumət tibb cəmiyyətlərindən biri də Uşaq həkimləri dərnəyi idi. Dərnək uşaqlar və yeniyetmələr arasında yayılmış yoluxucu xəstəliklərin profilaktikası və müalicəsi sahəsində təcrübə mübadiləsi aparır, qabaqcıl müalicə üsullarının tətbiqinə səy göstərir, təbliğat və təşviqat işi ilə məşğul olurdu. 1920-ci ilədək Azərbaycanda, artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi. 1920-ci ildə kənd xəstəxanaları şəbəkələrini genişləndirmək və bu məqsədlə 35 yeni xəstəxana və 56 feldşer məntəqəsi təşkil etmək barədə qərar qəbul etmiş və bunun üçün 43 milyon 321 min 950 manat pul ayırmışdı. Səhiyyənin dərman preparatları ilə düzgün təminatı tibbi-sağlamlıq işinin başlıca cəhətlərindən biridir. Elə bu səbəbdən də həmin dövrdə Səhiyyə Nazirliyinin əczaçılıq şöbəsi dərman preparatlarının alınmasını öz əlində cəmləşdirmişdi. Bakıda dövlət apteki və onun nəzdində dərmanların, bakterioloji preparatların, müalicə zərdablarının hazırlanması və tibbi-məhkəmə müayinələrinin aparılması üçün analitik laboratoriya təşkil olunmuşdu. Eyni zamanda, Bakıda yeni şəhər ambulatoriyaları, 9 aptek işə başlayaraq xəstələrə pulsuz xidmət göstərirdi.

SƏHİYYƏDƏ BÖYÜK CANLANMA

Sovet dövründə də səhiyyəmizin inkişafı dayanmamışdı. Xüsusilə, ötən əsrin 70-ci illərindən başlayaraq, Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında, o cümlədən səhiyyədə böyük canlanma yarandı. Belə ki, təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edildi. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə Azərbaycanı gerilikdən, tənəzzüldən xilas etdi. Kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafında, sosial məsələlərin həllində, əhalinin rifah halının yaxşılaşdırılmasında böyük irəliləyiş əldə edildi. Heydər Əliyev Azərbaycanın bütün sahələrinin inkişafı ilə yanaşı, səhiyyənin də sivil ölkələr səviyyəsinə yüksəlməsinə çalışmış, bu istiqamətdə böyük nailiyyətlə əldə olunmuşdur. İnsanların fiziki və ruhi sağlamlığı ölkənin inkişafında həlləedici rol oynayan amillərdən olduğundan ötən əsrin 60-cı illərinin sonu - 70-ci illərin əvvəllərində, Dahi Öndər Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başladı. Ümummilli Lider Heydər Əliyev səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşdı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa olundu. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və s. istiqamətdə tədbirlər həyata keçirildi. Qısa zaman məsafəsində, ölkədə Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz, Ailə Planlaşdırması Mərkəzi və sair tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı. Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı. Azərbaycanın sözügedən sistemlərində ölçüyəgəlməz islahatlar aparılır, o zamankı Azərbaycan Dövlət Tibb İnstitutu keçmiş Sovetlər İttifaqında sayılıb-seçilən elm və təhsil məbədlərindən birinə çevrilir, tibbi kadr hazırlığında öz sözünü cəsarətlə deyə bilirdi. Başqa sözlə, tibbi fənlərin diploma qədərki və diplomdan sonrakı tədrisinin, tələbələrin və məzunların peşə hazırlığının, eləcə də abituriyentlərin instituta qəbulunun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Dövlət Tibb İnstitutunda internatura kursu, hazırlıq şöbəsi, istehsalat təcrübəsi dekanlığı, daha sonralar Tibbi-biologiya fakültəsi və dekanlığı, Hərbi-tibb fakültəsi və dekanlığı, mətbuat və informasiya xidməti və digər köməkçi şöbələr yaradılmışdı. Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi illərdə yüzlərlə gənc azərbaycanlı alimin müxtəlif ixtisaslar üzrə keçmiş İttifaq səviyyəsində doktoranturaya qəbul edilməsinə də nail olmuşdu.

17 İYUN SƏHİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI KİMİ QEYD OLUNUR

Ulu Öndər Azərbaycanda hər bir sahənin inkişafı üçün mühüm təşəbbüslə çıxış edirdi, amma heç şübhəsiz ki, onun üçün əsas məsələ – əhalinin sağlamlığının qorunması, tibbi xidmətin yüksək səviyyədə təşkili, Azərbaycan xalqının demoqrafik göstəricilərinin yaxşılaşması idi. Onun bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. Belə ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il tarixli Sərəncamı ilə səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət ayrıldı. 1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi əlaqələr yaradıldı. Bu şöbə yarandığı vaxtdan öz fəaliyyətini milli səhiyyənin Ümumdünya Səhiyyə Təşkilatı, BMT Uşaq Fondu kimi öncül beynəlxalq strukturlar və ölkədə təmsil olunan bir sıra qeyri-hökumət beynəlxalq humanitar təşkilatlarla fəal əməkdaşlığı üzərində qurdu.
1993-2003-cü illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar "Əhalinin sağlamlığının qorunması haqqında", "Qan və onun komponentlərinin donorluğu haqqında", "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) qarşısının alınması haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" və s. qəbul edildi.
Qeyd edək ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamına əsasən, Səhiyyə Nazirliyinin yaradıldığı gün - 17 iyun Səhiyyə İşçiləri Günü kimi qeyd olunur. 1918-ci il iyunun 17-də Şərqdə ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təşkil edilən Səhiyyə Nazirliyinin yaranma tarixi şərəfinə Ulu Öndərin qeyd etdiyimiz Sərəncamı əsasında tibb işçiləri öz peşə bayramlarını qeyd edirlər.

"BİZ ARTIQ AZƏRBAYCAN STANDARTLARINDAN DA DANIŞA BİLƏRİK"

Ümummilli Liderin başladığı işlər bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin sonsuz qayğısı və diqqətinin məntiqi nəticəsi olaraq, iqtisadiyyatın inkişafı səhiyyədə də görülən işlərin daha böyük vüsətlə davam etdirilməsinə imkan yaratmışdır. Ölkənin dinamik iqtisadi inkişafı demoqrafik və tibbi statistik göstəricilərinin yaxşılaşmasına səbəb olmuşdur. 2004-cü ildən bəri respublikamızda 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi səhiyyənin inkişafı ilə bağlı işlərin nə qədər möhtəşəm olduğunu göstərir. Bu müəssisələrin açılışında Prezident İlham Əliyevin şəxsən iştirakı isə gözəl ənənəyə çevrilib. Qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Hazırda elə bir şəhərimiz yoxdur ki, orada müasir tibb müəssisəsi olmasın. Bu səhiyyə ocaqlarında vətəndaşlarımıza ən müasir standartlar səviyyəsində tibbi xidmətlər göstərilir. Maddi-texniki bazası gücləndirilən tibb müəssisələri dünyanın qabaqcıl səhiyyə ocaqlarından geri qalmır, hətta mübaliğəsiz desək, onları üstələyir. Respublika Klinik Uşaq Xəstəxanasında, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Uşaq Nevroloji Xəstəxanasında, Respublika Diaqnostika Mərkəzində, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının 4 korpusunda, 3 nömrəli Klinik Uşaq Xəstəxanasında, Xaçmaz rayon Mərkəzi Xəstəxanasında, Şirvan şəhər Mərkəzi Xəstəxanasında, Bərdə rayon Doğum Evində təmir və yenidənqurma işləri aparılmış, Ağdaş, Şəki, Tovuz, Daşkəsən, Şabran rayonlarında yeni mərkəzi xəstəxanalar, Ucarda Uşaq Xəstəxanası və s. tikilib istifadəyə verilmişdir. Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsinə uyğunlaşdırılır. Azərbaycan Prezidenti İlham Əliyev "Biz artıq Azərbaycan standartlarından da danışa bilərik" deməklə, Azərbaycan səhiyyəsindəki gerçəkliklərə əsaslanır: "İndi dünya səviyyəsində müxtəlif elmi mərkəzlər var və bizim mərkəzlər - son illər ərzində təmir edilmiş, yaxud da ki, yeni tikilmiş mərkəzlər bütün cəhətlərdən ən yüksək səviyyədədir: həm keyfiyyət, həm rahatlıq, palataların ölçüləri, xəstələrə, həkimlərə yaradılmış şərait və əlbəttə ki, avadanlıq."
Səhiyyə sahəsində aparılan islahatların davamı olaraq icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını təmin etmiş oldu. Müasir və keyfiyyətli tibbi xidməti təmin edən səhiyyənin maliyyələşdirilməsinin yeni forması olan icbari tibbi sığorta xəstəliklərin erkən mərhələdə aşkar edilməsində, daha ağır mərhələyə keçidinin qarşısının alınmasında, ən ucqar kəndlərdə belə yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə təmin olunmasında əhəmiyyətli rol oynayır. Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Vətəndaşların elektron sağlamlıq kartı" sistemi fəaliyyət göstərir. Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər də var.
Sosial sahəyə diqqət və qayğının nəticəsidir ki, dövlət büdcəsi təsdiq olunarkən sosialyönümlülük prioritet olaraq qalır. Bu, bir daha təsdiq edir ki, Azərbaycanda aparılan siyasətin mərkəzində, məhz insan amili dayanır və ölkə rəhbərliyinin sosial siyasətinin fəlsəfəsi bütün vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda həyata keçirilən sosial siyasət nəticəsində müşahidə olunan uğurlu inkişaf həyatımızın hər bir sahəsini əhatə etdiyi kimi, bu inkişaf əhalinin sağlamlığının qorunması kimi vacib bir sahədən də yan keçməyib. Səhiyyəyə diqqət və qayğının artırılması Azərbaycanın səhiyyə sistemini dövrlə ayaqlaşan, qlobal dəyişikliklərə cavab verən və tərəqqi edən bir sahəyə çevirməkdədir. Bütün bunlar gələcəyin təminatı olan insan faktorunun daim diqqətdə olduğunu, onların fiziki cəhətdən sağlam və gümrahlığının diqqətdə saxlanıldığını göstərir. İldən-ilə səhiyyəyə ayrılan büdcə vəsaitinin artırılmasının nəticəsi olaraq Azərbaycan səhiyyəsi bu gün dünya səhiyyəsi ilə rəqabət apara biləcək gücə malikdir. Belə ki, müxtəlif orqanlar üzərində əməliyyatların aparılması, orqanların transplantasiyası və s. son illərin nailiyyət və uğurları sırasındadır. Əlbəttə ki, bu əməliyyatların ölkə daxilində aparılması, səhiyyəmizin inkişafına söykənir. Bütün bunlar Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşamasının, ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyinin təzahürüdür.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər