Azərbaycanda onlarla müxtəlif dini qurum, birlik və icmaların fəaliyyətdə olması ölkəmizdə hökm sürən tolerantlıq mühitini əsaslandıran amillər sırasındadır. Belə mühit demokratik dəyərləri ilə öyünən Qərb ölkələrində təsadüf olunmur. Azərbaycanda dini və milli mənsubiyyətinə görə heç kəsə fərq qoyulmur, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır, vahid ailə kimi yaşayırlar. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Bakı şəhəri "Molokan ruhani-xristian" dini icması, Alban-Udi Xristian dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və digər qurumlar ölkəmizdə sərbəst və azad şəkildə fəaliyyət göstərirlər. Bu bir daha ona əsaslanır ki, molokanlar, yəhudilər, tatlar, saxurlar, ləzgilər üçün Azərbaycanda geniş imkanlar yaradılıb və hər bir xalqın nümayəndəsi rahat və azad yaşayırlar. Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qeyri-xlqların yaşadığı Krasnaya Sloboda, İvanovka kimi kəndlərə daima dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir.
Qəbələnin qapısından içəri daxil olan insanlar azərbaycanlıların, udilərin, ləzgilərin, rusların və digər etnosların buradakı yaşam tərzini gördükdə heyrətlənir və hətta qibtə belə edirlər. Çoxmillətli və fərqli mədəniyyətlərin qovuşduğu Qəbələdə tarixboyu hansısa qarşıdurmalara, narahatçılıq doğuran məqamlara rast gəlinməyib. Bu məkanın milli tərkibinə nəzər salsaq görərik ki, burada yaşayan əhalinin 80 faizə qədərini azərbaycanlılar, digər hissəsini isə ləzgilər, udilər, türklər və başqa millətlər təşkil edir. Müxtəlif xalqların nümayəndələri yaşadıqları üçün burada ümumtəhsil məktəblərinin ibtidai siniflərində ləzgilər və udilər üçün öz ana dillərində dərslər keçirilir.
Bu gün Nic qəsəbəsinin tolerantlığın kiçik modeli kimi də qəbul edilməsi də əbəs deyildi. Qəsəbədə üç kilsə, iki məscid, habelə müsəlmanların və xristianların ziyarət etdikləri müqəddəs yerlər var. Onu da bildirək ki, 10 minə yaxın udinin 4 minə yaxını məhz burada, Qəbələnin Nic qəsəbəsində gözəl, rahat bir şəraitdə yaşayır. Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub.
Bu gün ölkəmizin istənilən bir məkanında azlıq təşkil edən xalqlara dövlətimiz tərəfindən dilini, dinini, adət-ənənələrini, mədəniyyətlərini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılıb. Və bu Azərbaycanın multikulturalizm modelidir ki, öyrənilir və tədqiq olunur.
Əlbəttə ki, mövcud qanunlar və mövcud mühit Odlar diyarından dünyaya bir mesajdır. Xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələrinin birgə sülh və əmin-amanlıq şəraitində yaşaması nümunədir. Azərbaycanın multikulturalizm modelini öyrənmək istəyən hər kəs ölkəmizin istənilən məkanına üz tutsa, mövcud mühiti görə bilər. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin vurğuladığı kimi, "Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir". Belə böyük dəyərlərə sahib olmaq hər xalqın həyatına həkk olunmayıb. Azərbaycan dünya ölkələrinə müxtəlif icmaların dinc şəraitdə və qarşılıqlı hörmət münasibətində birlikdə yaşaya bilmək modeli kimi nümunə göstərə bilir. Müasir dünyada müxtəlif dövlət qurumlarında qeyri-xalqların nümayəndələri təmsil olunur, ölkəmizin ictimai-siyasi, mədəni həyatında mühüm rol oynayırlar. Qarabağ uğrunda gedən döyüşlərdə ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri həmrəy oldular. Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda müharibədə iştirk etdilər. Azərbaycan vətəndaşı olaraq bir yumruq altında birləşdilər və silaha sarıldılar. Bu birlik, həmrəylik sağlam mühitə, tolerant və mültikultural mühitə söykənir. Hətta Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalında ölkəmizdə yaşayan qeyri-xalqların təmsilçiləri iştirak etdilər. Dövlət başçısının bildirdiyi kimi, "Bu da bir daha onu göstərir ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır. Uzun fasilədən sonra Şuşada təşkil edilmiş "Xarıbülbül" festivalının ilk günündə Azərbaycanda yaşayan xalqların nümayəndələri səhnəyə çıxmış və öz mədəniyyətlərini nümayiş etdirmişlər".
Ölkəmizdəki etnik rəngarənglik maraq doğurur. Ləzgilərin (180,3 min nəfər, 2009) əksəriyyəti respublikanın Qusar rayonunda yaşayır. Quba, Xaçmaz, İsmayıllı və Qəbələ rayonlarında da ləzgi kəndləri var. Mütəxəssislərin fikrincə, ləzgilərin əcdadlarından biri qədim alban tayfası olmuş leqlərdir. Dini mənsubiyyətlərinə görə müsəlmandırlar. Saxurlar isə (12,3 min nəfər, 2009) respublikanın Zaqatala, Qax və Balakən rayonlarında məskunlaşmışlar. Saxurlar Qafqaz Albaniyasının qədim sakinlərindən biridir. 15-ci əsrdə saxurlar Cənubi Dağıstanı tərk edərək Azərbaycanın əkinçilik üçün yararlı olan torpaqlarında məskunlaşmışlar. 19-cu əsrin ortalarınadək İlisu sultanlığının tərkibində olmuşlar. Həmin dövrdən başlayaraq onların azərbaycanlılarla etnik-mədəni və ticarət əlaqələri güclənmişdir. Saxurlar etnik baxımdan azərbaycanlılara çox yaxındırlar. Hər bir etnik xalq haqqında maraqlı faktlar var kt, bu Azərbaycandakı mühiğin göstəricisidir.
Azərbaycandakı multikulturalizm mühiti müxtəlif xalqların və etnik qrupların dilinin, dininin və ümumilikdə mənəvi mədəniyyətinin inkişafına geniş imkanlar yaradır. Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, dini sahədə sabitliyə nail olunub, konfessiyalar arasında dözümlülük mühiti dövlət səviyyəsində qorunub saxlanılır. Tolerantlıq mühiti dövlət-din konsepsiyasına uyğun daha da möhkəmlənib, bu sahə də dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də ayırdığı diqqət nəticəsində milli-mənəvi dəyərlərimizin yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində regionun lider dövlətinə çevrilib. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, multikultural və tolerant mühit formalaşıb.
Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir. Təbii ki, multikulturalizmin olması cəmiyyətdə bərabərliyin, demokratiyanın, tərəqqinin, sosial rifahın, başqa sözlə, ədalətin bərqərarı deməkdir.
Nəzakət ƏLƏDDİNQIZI