Siyasət

  • 1 923

Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı

image

28 may 1918-ci il xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunduğu bir gündür. Azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində arzusuna qovuşdu. Bununla da Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin, bir sıra görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları da xalqımızın yaddaşına əbədi həkk olunub. “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi bizim üçün əzizdir. Azərbaycan dövləti və Azərbaycan xalqı onların xatirəsini ehtiramla yaşadır” söyləyən Prezident İlham Əliyevin Sərəncamı əsasında Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və etiramın ifadəsidir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Müstəqilliyin möhkəmləndirilməsi üçün ölkədə sabitliyin rolu inkaredilməzdir. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi bütün sahələrdə uğursuzluqlarla müşaiyət olundu. 1993-cü ildə dövlətin, xalqın ən çətin günlərində hakimiyyətə qayıdan Ümummilli Lider qısa zamanda düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanda sabitliyi, xalqımız təhlükəsizlik şəraitində, rifah içində yaşayışını təmin etdi. Azərbaycanda vətəndaş birliyi, həmrəyliyi möhkəmləndi və bütün xalq bir amal uğrunda birləşdi - Azərbaycanı daha da gücləndirmək, torpaqlarımızı tarixi sahibinə qovuşdurmaq. Hazırda Azərbaycanın adı dünyanın xoşbəxt, islahatçı ölkələrinin sırasında çəkilir. Ən əsası ölkəmiz qalibiyyəti ilə yeni reallıqların müəllifi kimi çıxış edir. İqtisadi imkanlarını günbəgün genişləndirən ölkəmizin beynəlxalq nüfuzu artır, əsl söz sahibinə çevrilir. Azərbaycanda sabitliyin, iqtisadi inkişafın davamlılığı yeni-yeni hədəflərə yol açmaqla yanaşı, yeni-yeni tərəfdaşlar qazanmasına da stimul verir. “Əsrin müqaviləsi”nin davamı olaraq «Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təsdiqidir. Azərbaycanın iqtisadi müstəqilliyi siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amildir. Son 20 ilə yaxın dövrdə qazanılan uğurların zirvəsində ərazi bütövlüyümüzün təmin olunması dayanır. Bu, Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl uğurlara geniş yol açır, dövlətin, xalqın gələcəyini müəyyənləşdirir. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Qələbəsi 105 ilin zirvəsindən baxanda qazandığımız uğurların ümumiləşdirilmiş ifadəsi kimi qeyd edilir. Hər bir hədəfə yüksək səviyədə nail olan Azərbaycan bu gün müstəqilliyinin dönməzliyi, ərazi bütövlüyünün təmin olunması ilə qürurludur.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi üçrəngli bayrağımız bu gün Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri davamlılığı ilə diqqətdədir. Hər bir səfərdə gələcəklə bağlı hədəfləri açıqlayan dövlət başçısı İlham Əliyev bu məkanlardan belə bir reallığı da diqqətə çatdırır ki, ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq. Təbii ki, bu fikirlər 105 illik yolun təqdimatı və təsdiqi kimi dəyərləndirilir. Azərbaycan bundan sonra da müstəqil siyasəti ilə biri-birindən əhəmiyyətli uğurlara imza atacaq.

Elmar Əhmədov
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri

Digər xəbərlər