Prezident İlham Əliyev: "Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir"
1918-ci il mayın 28-i Azərbaycanın ictimai-siyasi həyatında baş verən tarixi hadisədən 105 illik zaman ötür. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. 71 il sovet dövründə yaşayan Azərbaycan, müstəqilliyini bərpa etdikdən sonra, hər il ölkəmizdə 28 May Respublika Günü böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamları dövlətçilik tariximizə olan böyük ehtiramın nümunəsi kimi tarixiləşdi..Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin - Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Həsən bəy Ağayevin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun, Əliağa Şıxlinskinin və başqalarının xidmətləri danılmazdır. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların və peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Tarixdən bildiyimiz kimi, AXC Hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir. AXC Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı. Dünyanın bir çox ölkələri ilə səfirlik və nümayəndəliklər səviyyəsində diplomatik münasibətlər yaratmış, ikitərəfli və çoxtərəfli müqavilələr və sazişlər bağlamışdı. AXC 1920-ci il aprelin 28-də beynəlxalq hüquq normalarını kobudcasına pozan RSFSR-ın hərbi müdaxiləsi nəticəsində, aradan qaldırıldı. Şimali Azərbaycan rus-bolşevik qoşunları tərəfindən işğal edildi və yenidən Rusiyaya tabe olundu. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb etdi.
Cümhuriyyət dövründə milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər görülüb. Hələ o dövrdə söz azadlığı, demokratiya, gender bərabərliyi kimi məxsusi dəyərlərə malik olub. Bu dövrdə AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə olaraq, Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verib. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb. Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarının birində qeyd etdiyi kimi, "Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər".
TARİXİ MİSSİYA YERİNƏ YETİRİLDİ
1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası, 1918-1920-ci illərdə, 23 ay ərzində, mövcud olan və müsəlman Şərqində ilk dünyəvi-demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlər Azərbaycan xalqının tarixinin parlaq səhifəsidir.Qısa müddətdə, tarixi bir missiyanı yerinə yetirərək, genişmiqyaslı demokratik islahatlar həyata keçirib. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olunub. Cümhuriyyət dövründə əldə olunan nailiyyətlər sırasında təhsil sahəsində olan uğurları da qeyd etməliyik. Xalq təhsili və maarifləndirmə üzrə ilk nazirlik Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən təsis edilib. Nazirlər Şurasının qərarı ilə 30 iyun 1918-ci ildə üç şöbədən - ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəblərindən ibarət strukturu təsdiq edilib. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi olub, bu da, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da, ilk dəfə olaraq, azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirilib.Dövrün nadir sistemi olan AXC cəmi 23 ay yaşadı və bolşeviklərin işğalı ilə üzləşdi. Nəhayət, 71 ildən sonra, Sovet İttifaqının dağılması ilə Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra xalqımız Cümhuriyyətin ideallarını davam etdirərək, bu tarixi varislik üzərində yeni müasir müstəqil Azərbaycan dövlətini yaradıb.
AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq, sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.
AZƏRBAYCAN DÜNYADA DƏYİŞƏN VƏZİYYƏTƏ UYĞUN OLARAQ SİYASƏTİNİ APARIR
Ölkəmizin müstəqillik illərində qazandığı nailiyyətlərin bünövrəsi, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa bir zamanda Azərbaycanı düşdüyü xaosdan, böhrandan çıxara bildi. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti sürətli inkişaf yoluna qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır".
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətə, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələrinin qurulmasına nail oldu. Azərbaycan Prezidenti İlham Əliyev milli mənafelərlə bağlı problemlərin həllində həssas və fəal yanaşma nümayiş etdirdi. Azərbaycan dünyanın maraq dairəsinə əbədi daxil oldu və geosiyasi platformada ölkəmiz güc və nüfuz sahibinə çevrildi.
"MÜSTƏQİL AZƏRBAYCAN AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN VARİSİDİR VƏ ONLARIN NİYYƏTLƏRİNİ BİZ HƏYATDA TƏMİN ETDİK"
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı inkişaf etdirilir və əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür. Bu gün Azərbaycan, yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla, nəhəng infrastruktur layihələri icra edir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə, Azərbaycan dövlətinin milli maraqlarının qorunması və tarixi irsə bağlılıq kimi müqəddəs prinsip dayanır. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələri, modernləşməsi və vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər hər birimizi qürurlandırır. Bu məhz müstəqil bir dövlət olaraq Azərbaycanın müstəqil şəkildə dövlət başçısı tərəfindən həyata keçirdiyi siyasətinin nəticəsidir. "Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir", - deyən Azərbaycan Prezidenti İlham Əliyev müstəqilliyimizin qorunmasının, möhkəmlənməsinin ən vacib məsələlərdən biri olduğunu qeyd edib: "1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!"
Zümrüd BAYRAMOVA