Prezident İlham Əliyev: "Biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk"
Azərbaycan dünyanın bir çox ölkələri ilə yanaşı, Rusiya ilə də əlaqələri daim diqqətdə saxlayır. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr, sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidədir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə gətirib çıxarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Təbii ki, Rusiya və Azərbaycanı möhkəm dostluq və əməkdaşlıq ənənələri bir-birinə bağlayır. Dövlətlərin münasibətləri qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır, mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır.
"Heydər Əliyev və Vladimir Putin Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoyublar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Moskvada rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşdə bildirib: "Məhz Sizin 2001-ci ildə Azərbaycana səfərinizdən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi və biz bu gün artıq bu münasibətləri müttəfiqlik qismində təkcə de-fakto deyil, həm də de-yure səciyyələndiririk". Ötən ilin əvvəlində Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanmasını xatırladan Prezident İlham Əliyev onu münasibətlərimizin ruhunu və xarakterini, ölkələrimizin daha sıx qarşılıqlı əlaqələrə səylərini əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirib.
GÖRKƏMLİ SİYASİ XADİM HEYDƏR ƏLİYEV ÖLKƏLƏRİN TARİXİNDƏ BİRLƏŞDİRİCİ SİMADIR
Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu il Heydər Əlirza oğlu Əliyevin 100 illiyi bayram edilir deyərək, bildirib ki, Siz həm Sovet İttifaqının, həm də müstəqil Azərbaycanın bu siyasi xadiminə bizim münasibətimizi bilirsiniz. Bu görkəmli siyasi xadim ölkələrimizin tarixində birləşdirici simadır.
Rusiyada Ulu Öndərin yubileyinin layiqincə keçirildiyini vurğulayan Vladimir Putin bildirib ki, Dövlət Dumasında və Federasiya Şurasında sərgilər təşkil edildi, televiziyada sənədli filmlərin nümayişi oldu: "Rusiya Federasiyasının regionlarında da çoxlu tədbirlər oldu. Bu tədbirlər təkcə paytaxtda keçirilmədi, həmçinin Heydər Əliyevin daim xatırlandığı Kazanda, Həştərxanda, Dağıstanda, BAM-da, o cümlədən Moskva-Tında qatarının təntənəli yola salınması və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi BAM-ın tikintisinə kuratorluq edən Heydər Əliyevin adının verildiyi Anqoya stansiyasında da tədbirlər oldu".
DÖVLƏTLƏRİN MARAQLARINA CAVAB VERƏN MÜTTƏFİQLİK
Xatırlatmaq yerinə düşər ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannamə və s. bu əlaqələrin təməlinin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə ki, ikitərəfli münasibətlər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verir, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə töhfə verir. İki ölkənin siyasi, iqtisadi, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşması görülən işlərin məntiqi olaraq vurğulanmalıdır.22 fevral 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə imzaladılar. Bu Azərbaycan və Rusiyanın münasibətlərinin müttəfiqlik səviyyəsinə yüksəlməsi demək idi. 13 oktyabr 2022-ci ildə İlham Əliyev Astanada Vladimir Putinlə görüş çərçivəsində qeyd etmişdir ki, Azərbaycan və Rusiyanın münasibətləri ən yüksək səviyyəyə - müttəfiqlərin qarşılıqlı fəaliyyəti səviyyəsinə çıxıb.Hal-hazırda iki ölkə arasında müqavilə-hüquqi bazaya 200-ə yaxın dövlətlərarası, hökumətlərarası və regionlararası sazişlər daxildir. Ölkələrimiz arasında siyasi əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb.
XALQLAR ARASINDA TARİXİ BAĞLAR
Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə malikdirlər. 2022-ci ilin 10 ayının yekunlarına görə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi $2,8 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,3 faiz çoxdur. Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir: 2022-ci ilin sentyabrında Rusiya Azərbaycandan $74,6 milyon dəyərində məhsul alaraq qeyri-neft sektoru mallarının ən böyük idxalçıları siyahısında birinci yeri tutub. Öz növbəsində Azərbaycan Rusiyadan geniş çeşiddə məhsullar alır. Belə ki, 2021-ci ildə Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb. Xüsusilə, Azərbaycan tərəfindən alınan buğdanın 95%-dən çoxu Rusiyadan idxal edilib.Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir. Bu iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla bağlı deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Nəzakət ƏLƏDDİNQIZI