PDF Oxu

Siyasət

  • 2 964

28 may xalqımızın milli müstəqillik günü kimi tarixə qızıl hərflərlə həkk olunub ŞƏRH

28 may xalqımızın milli müstəqillik günü kimi tarixə qızıl hərflərlə həkk olunub ŞƏRH

Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu. Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya bəyan edildi. Xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Həmin gün Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. AXC Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. İlk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Demokratik hüquq və azadlıqların bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi, nizami milli ordunun, təhlükəsizlik strukturlarının qurulması və s. İşlər Xalq Cümhuriyyəti hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirir.İlk cümhuriyyətimizin yaranması tarixin keşməkeşli vaxtına təsadüf etmişdi. Müxtəlif maraqlarla ölkəyə yürüş edən xarici hərbi qüvvələrin çoxsaylı təzyiqləri nəticəsində gənc dövlətin parlamenti 1920-ci il aprelin 27-də hökuməti təhvil verdi. Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq şərəfli ömrünə son qoyuldu. Bununla da Türk dünyasının ilk müstəqil dövləti süquta uğradı.

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq” – deyən Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımız və dünya üçün tarixi hadisədir. Ona görə ki, ilk dəfə idi müsəlman aləmində demokratik respublika yaranmışdı. Bu respublikanı Azərbaycan xalqı, onun qabaqcıl nümayəndələri yaratmışlar. Biz təbii olaraq bununla fəxr edirik. Məhz bizdən sonra digər müsəlman ölkələrində demokratik respublikalar yaranmağa başlamışdır. Azərbaycan xalqı və dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə həmişə çox böyük hörmətlə yanaşıb və yanaşır, onların xatirəsini qəlbində yaşadır. Əfsus ki, Azərbaycan Demokratik Respublikasının ömrü uzun olmadı. Respublika iki ildən sonra süqut etdi. Biz bu gün də Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qorumaq onu əldə etməkdən daha da çətindir deyə ölkə başçısı qeyd edib.70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxıb öz azadlığn və müstəqilliyini əldə etdi. Düzdür, bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Heç şübhəsiz, 1991-ci ildə bərpa edilən müstəqillik böyük tarixi şans, böyük sərvət idi. Ancaq əfsus ki, o illərdə ölkəmizə rəhbərlik edən şəxslər bu şansdan istifadə edə bilmədilər. Özbaşınalıq, iqtisadi tənəzzül, hərbi böhran və bütün bu xoşagəlməz hallar nəticədə vətəndaş müharibəsinə gətirib çıxardı. Belə bir vəziyyətdən istifadə edən erməni işğalçıları torpaqlarımızı zəbt etdilər. Həmin ağır və faciəli şəraitdə xalq Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışı ilə ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gətirildi və Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, müstəqilliyimizin taleyi çox faciəli ola bilərdi. Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesi başlandı. Bunun məntiqi nəticəsi olaraq xalqın həyatının bütün sahələrində baş verən dirçəliş müasir və müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.İnanırıq ki, ulu öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək. Müstəqil olmağımız, regionda lider dövlətə çevrilməyimiz, nüfuzumuzun gün-gündən beynəlxalq aləmdə artması, biz hüquq mühafizə orqanları işçilərinin qarşısında da böyük məsuliyyət qoyur. Ümummilli liderin istiqamətləndirdiyi yolla uğurla addımlamaq, onun tövsiyələrini yerinə yetirmək, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün var qüvvə ilə çalışmaq müqəddəs borcumuz olmaqla yanaşı, həm də şərəf işimizdir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər