XX yüzillik Azərbaycan tarixində öz əhəmiyyətinə görə mühüm bir dövrü təşkil edir. Bu qısa tarixi zaman kəsiyində Azərbaycan xalqı böyük tərəqqi dövrü yaşamış, ictimai, iqtisadi, mədəni həyatda əzəmətli uğurlara nail olmuşdur. Ən böyük nailiyyətlərdən biri, heç şübhəsiz, bütün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyət göstərməsidir. Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixinə milli dövlətçilik ənənələrinin bərpa və inkişafı sahəsində əhəmiyyətindən bəhs edən Ümummilli lider Heydər Əliyev qeyd edirdi ki, “Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərsə də, sonraki nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həmişə qalacaqdır. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı mühüm addımları başa çatdıra bilməsə də, onun qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmış, milli dövlətçilik ənənələri bərpası işində böyük rol oynamışdır. Ən əsası odur ki, Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu”
Cümhuriyyət tarixinin hərtərəfli və dərindən araşdırılmasında Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanan Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə hərs olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamlarının mühüm rolu olmuşdur. Ona görə də, tam əminliklə deyə bilərik ki, Cümhuriyyət tarixinin sistemli şəkildə, təmamilə yeni baxış prizmasından öyrənilməsi bilavasitə Ulu öndərin adı və fəaliyyəti ilə bağlı olmuşdur.
Heydər Əliyev irsində Cümhuriyyət tarixinin dəyərləndirilməsi fonunda tarixi şəxsiyyətlərin qiymətləndirilməsi mühüm yer tutmuş, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski və digər görkəmli dövlət xadimlərinin ictimai-siyasi fəaliyyəti milli ideologiya baxımından yüksək qiymətləndirilmiş. Onların Azərbaycan dövlətçilik tarixində yeri və rolu müəyyən edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixinə konseptual baxışında Cümhuriyyət tarixinə və onun görkəmli xadimlərinin dəyərləndirilməsi məsələləri xüsusi yer tutur. İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və diqqəti onun 15 fevral 2008-ci il, 25 fevral 2013-cü il, 22 noyabr 2013-cü il, 16 may 2017-ci il tarixli sərəncamlarında öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin, Cümhuriyyətin görkəmli xadimlərindən olmuş Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin, Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin, Əliağa Şıxlinskinin 150 illik yubileyinin, Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında verilən bu sərəncamlar Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, Cümhuriyyət xadimlərinin fəaliyyətinə verilən yüksək qiymətin bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi onun milli dövlətçiliyimizin mühüm mərhələsini təşkil edən Cümhuriyyət tarixinə olan böyük hörmət və ehtiramının ən parlaq ifadəsidir.
Beləliklə, belə bir ümumi nəticəyə gəlmək olar ki, xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın dövlətçilik tarixində mühüm yerə və rola malik olduğunu öz çıxışlarında və nitqlərində dönə-dönə etmişdir. Cumhuriyyətin müstəqil milli dövlətçiliyinin yaranmasında böyük xidmətləri olan dövlət və siyasi xadimlərinin misilsiz fəaliyyətini yüksək dəyərləndirmişlər.
Leyla Hüseynova
YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə
ərazi partiya təşkilatının sədr müavini