XX əsr tarixə yalnız elm, texnika əsri kimi yox, həm də milli oyanış, xalqların müstəmləkəçilikdən azad olması və milli dövlətlərin yaranması əsri kimi də daxil olub. 1917-ci ildə Rusiyada baş vermiş inqilab nəticəsində Romanovlar sülaləsinə son qoyuldu. Nəticədə Rus İmperiyası dağıldı. Xalqlar öz müqəddəratlarını özləri həll etməli oldular. Bu imkandan istifadə edərək 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər. Azərbaycan Xalq Cümhuriyyəti təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Bu, respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edildi. Üçrəngli bayraqda türkçülük, islamçılıq və avropalaşmaq bir vəhdətdə idi. Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 28 may 1918-ci il tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk hərbi hissə - əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Daha sonra ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Qısa müddət ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə - Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün - 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Heydər Əliyev bu fərmanı ilə tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox gərəkli bir addım atdı. Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur. Rəşadətli Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Eləcə də ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrini yazdı. Dekabr ayının 1-i tarixində Prezident, Ali Baş Komandan İlham Əliyev Laçının işğaldan azad olunması münasibətilə xalqa müraciətində qeyd edib ki, artıq Ermənistanın məğlubiyyətindən sonra bölgəmizdə yeni reallıq yarandı: “Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki, kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik”.
Fərid Mustafayev
YAP Yasamal rayon Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini