Siyasət

  • 4 245

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-Litva əlaqələri ŞƏRH

image

Cari ilin 22 may tarixində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri Azərbaycanın beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, hər iki ölkə arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb. Belə ki, Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” əməkdaşlıq sənədləri imzalanıb.

Ölkələr arasında iqtisadi, ticarət və siyasi sahədə olan əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Hər iki tərəfdən buna çox böyük maraq var. 2022-ci ilin may ayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda Litva-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görüşlər keçirilmiş, müvafiq sənədlər imzalanıb. Qeyd edək ki, Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Eləcə də, Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır və ixrac edilən qazın həcmi ildən-ilə artır. Paralel şəkildə Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı işlər aparılır. Hər iki ölkədə, həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Həmçinin xüsusi olaraq qeyd edilməlidir ki, ölkələr arasında tarixi əlaqələri var. Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Həmçinin Litvaya dördüncü səfəri zamanı Prezident İlham Əliyev bu ölkənin Baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdi, Azərbaycan-Litva biznes forumunda iştirak etdi. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident İlham Əliyevin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etiyi kimi “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.”

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər