Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biri də Litva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafıdır. Litva ilə Azərbaycan arasında ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Keçmiş SSRİ daxilində yaxşı əlaqələrə malik olan hər iki ölkə ötən əsrin ortalarından başlayaraq bir sıra sahələrdə qarşılıqlı əməkdaşlığı möhkəmləndirməyə nail olublar. İstər siyasi, istərsə də iqtisadi məsələlərdə asanlıqla anlaşa bilən Azərbaycan və Litva hər zaman bir-birini dəstəkləyib. Ötən illər ərzində tərəflər arasında sıx diplomatik münasibətlər qurulub, hökumətlərarası komissiyalar çərçivəsində qarşılıqlı iqtisadi əlaqələrə təkan verən layihələrin həyata keçirilməsi üçün addımlar atılıb.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2023-cü il may ayının 22-də Litva Respublikasına rəsmi səfəri iki tərəfdaş ölkənin çoxtərəfli münasibətlərinin dərinləşməsinə qiymətli töhfə oldu. Bu baxımdan səfər çərçivəsində imzalan sazişlər iki ölkə arasında əməkdaşlığın inkişafında yeni perspektivlər vəd edir. Belə ki, Prezident İlham Əliyev səfər çərçivəsində Litvanın Prezidenti Gitanas Nauseda və bu ölkənin Baş naziri xanım İnqrida Şimonite ilə görüşdü, ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində Litva ilə Azərbaycan arasında əməkdaşlıq haqqında sazişlər imzalandı, ikitərəfli müzakirələr aparıldı, biznes forum təşkil edildi. Biznes forumda səslənən fikirlər bir daha təsdiqləyir ki, ölkəmizin iqtisadi potensialı yüksəkdir, xarici investorlar üçün əlverişli mühit var. Biznes forum neft-qaz sektoru ilə yanaşı, digər sahələrdə də münasibətlərin dərinləşməsinə, iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük zəmin yaradacaq.
Səfər zamanı Litvanın paytaxtı Vilnüs şəhərində mətbuata verdiyi bəyanatda Prezident İlham Əliyev bildirib ki, səfər çərçivəsində aparılan geniş fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər müzakirə olunaraq ölkələr arasında strateji tərəfdaşlıq bir daha təsdiqləndi. İki ölkə arasında konkret nəticələrlə tamamlanan fəal siyasi dialoq aparıldığını qeyd edən cənab Prezident siyasi müstəvidə əldə edilmiş razılaşmaların bütün digər sahələrə də öz müsbət təsirini göstərəcəyinə, gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində də işlərin sürətlə gedəcəyinə ümid etdiyini bildirib, Vilnüsdəki Biznes forumun bu istiqamətdə atılan önəmli addım olacağına, biznes qurumlarının birgə fəaliyyətinin ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracağına əminliyini ifadə edib.
Regional məsələlərlə bağlı geniş fikir mübadiləsi zamanı Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandıran Prezident İlham Əliyev vurğulayıb ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Baxmayaraq ki, 30 ilə yaxın Azərbaycan torpaqlarının 20 faizi Ermənistanın işğalı altında olub və bir milyon azərbaycanlı öz doğma torpaqlarından didərgin düşmüşdür, işğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr dağıdılmışdır, Azərbaycan tərəfi beynəlxalq norma və prinsipləri əhatə edən sülh anlaşmasının imzalanması üçün konstruktiv səylər göstərir.
Azərbaycanın Litva ilə ikitərəfli əməkdaşlığının eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafında önəmli rol oynadığını bildirən dövlətimizin başçısı Prezident Nausedanın 2022-ci ildə Azərbaycana rəsmi səfərindən iki ay sonra Bakıda Avropa Komissiyası ilə Azərbaycan arasında enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumunun uğurla icra edildiyini, Azərbaycanın təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atıldığını, ixrac edilən qazın həcminin ildən-ilə artdığını vurğulayıb.Prezident İlham Əliyev bildirib ki, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması istiqamətində aparılan işlər demək olar, paralel şəkildə gedir. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. Ölkələrimizi və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür.Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin ildən-ilə artdığını və bundan sonra da artacağını, buna imkan yaradan müasir infrastrukturumuzun mövcud olduğunu, Xəzər dənizini və Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutlarının da bəlli olduğunu diqqətə çatdıran ölkə başçımız bəyan edib ki, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq.
Günay Məmmədli
YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri