Cənubi Qafqaz regionunda söz sahibi olan ölkəmizin beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Prezident İlham Əliyevin müxtəlif ölkələrə ardıcıl səfərləri də bunu bir daha təsdiqləyir. May ayının 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin coğrafiyasının genişlənməsi baxımından da mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb.Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı layihələr ölkəmizə marağı getdikcə artırır. Bərpaolunan enerji layihələri də bunlardan biridir. Dövlətimizin başçısının Litvaya rəsmi səfəri çərçivəsində Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, ölkəmizin müasir infrastruktura malik olması ərazilərimizdən keçən tranzit yüklərin həcmini ildən-ilə artırmağa imkan verir. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da ölkələrimiz arasındakı əməkdaşlığı genişləndirməyə imkan verir. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan və Litva birgə səylərlə bu birləşmə layihələrini həyata keçirməklə uğurlu əməkdaşlığı artırmaq imkanına malikdir. Litva–Azərbaycan iqtisadi əlaqələrinin zəngin tarixi ənənələri mövcuddur. Belə ki, hələ keçmiş Sovet İttifaqı dövründən respublikalar arasında iqtisadi-mədəni əlaqələr yüksək səviyyədə olub. Müstəqillik dövründə Litva bizim müstəqilliyimizi tanıyan ilk respublikalardan biri kimi tanınıb. 2007-ci ildə ölkələrimiz arasında strateji əməkdaşlıq haqqında dövlətlərarası saziş imzalanıb. Hazırda dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 41 sənəd mövcuddur. Ötən il ölkələrimiz arasında iqtisadi dövriyyə 32 milyon 911 min dollar həcmində olub.
Belə bir göstərici deməyə əsas verir ki, Litva–Azərbaycan iqtisadi əlaqələrinin geniş potensialı var və onun inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Bu gün iki ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən bir-birinə verəcək töhfələr çoxdur. Belə ki, Litva Avropa İttifaqının təhsil səviyyəsi üzrə ən inkişaf etmiş ölkəsidir. Burada ali təhsilli gənclərin sayı 56 faizdən yuxarıdır və bu göstəriciyə görə, Litva Avropa İttifaqında lider mövqedədir.Litvada 7 Azad İqtisadi Zona fəaliyyət göstərir ki, bu zona investisiya mühiti və Avropa İttifaqı bazarlarına çıxış əldə etmək üçün çox əlverişli bir məkandır. Bu, bizim sahibkarlar və qeyri-neft sektorunda fəaliyyət göstərən biznes subyektləri üçün Avropa bazarlarına çıxışa əlverişli şərait yarada bilər. Dövlətimizin başçısı iki ölkə arasında əməkdaşlıq potensialının kifayət qədər böyük olduğunu qeyd etdi. Bildirdi ki, bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var.Ölkə rəhbəri vurğuladı ki, Azərbaycanda enerji təhlükəsizliyi mövcuddur. Lakin, Azərbaycan ixrac məqsədləri üçün daha çox təbii qaza qənaət etmək və elektrik enerjisinin istehsalı üçün təbiətin günəş və külək enerjilərindən istifadə etmək niyyətindədir.Ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzaladılar. Onun əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatımızı iki dəfə artırmağı planlaşdırırıq. 2021-ci ildə Avropaya təbii qaz təchizatımız 8 milyard kubmetr olmuşdur, bu il isə 12 milyard kubmetr olacaq və 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırılacaq. Ölkə başçısı qeyd etdi ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün nefti, təbii qazı və elektrik enerjisini ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır.Logistika, şəbəkələr və daşımalarda böyük əməkdaşlıq potensialı var. Daşımalar sektorunu yalnız tranzit gəlirləri potensialı ilə məhdudlaşmır. Burada, o cümlədən kiçik və orta müəssisələr üçün marşrut boyunca istehsal qurmaq, biznes təmasları yaratmaq, xidmət göstərmək fürsətidir.Avropanın enerji xəritəsi əsasən, Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib. Bu gün Litva və Azərbaycan öz regionlarında mühüm daşımalar qovşağıdır. Xəzər və Baltik regionları arasında şəbəkə qurmalıyıq. Neft və qaz boru kəmərləri tamamilə yeni vəziyyət yaradır.Bakının dəniz limanı infrastrukturuna böyük yatırımlar edilir. Xəzərdə daha çox yük daşıya biləcək əlavə gəmilərin tikintisinə investisiyalar qoyulur. Çox böyük daşımalar imkanları, xüsusən də hazırkı geosiyasi vəziyyətdə əlavə dəyər gətirəcək.Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatı sabitdir, münbit investisiya şəraiti var və o, təbii sərvətlərə əsaslanır. Əsas hədəf şaxələndirmədir. Ölkəmiz iqtisadiyyatı şaxələndirəcək və enerji sektorundan asılılığı azaldacaq. İqtisadi sabitlik uğurlu əməkdaşlığın təminatıdır. Azərbaycanın xarici borcu çox aşağıdır, ümumi daxili məhsulun 10 faizindən azdır. Milli valyutamız sabitdir. Dövlət Neft Fondumuzda topladığımız valyuta ehtiyatlarımız və Mərkəzi Bankın ehtiyatları xarici borcu on dəfədən çox üstələyir.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri