Sarsılmaz dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi əsrlərdir ki, davam edir. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə daha da möhkəmlənib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün nümunəyə çevrilib. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilmişdir. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan tam üstünlüklə qalib gələrək ölkənin 13-cü Prezidenti seçilməsi Türkiyə ilə yanaşı, həm də Azərbaycanın siyasi qələbəsi kimi səsləndi. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır. Seçkilər bir daha göstərdi ki, Türkiyə cəmiyyəti son dərəcə demokratdır, bu ölkənin vətəndaşları yüksək siyasi mədəniyyətə sahibdirlər. Həm seçkilərin keçirilməsi prosesi, həm də onun nəticələri bizə deməyə əsas verir ki, qardaş ölkədə demokratiya, haqq-ədalət zəfər çaldı. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrikində Türkiyə Respublikasının Prezidenti vəzifəsinə keçirilən seçkilərdə yenidən qazandığı qələbə münasibətilə səmimi təbrikini ifadə edib: "Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir. Son iyirmi il ərzində qardaş Türkiyə Respublikası Sizin liderliyiniz sayəsində böyük və şərəfli inkişaf yolu keçərək beynəlxalq aləmdə proseslərə həlledici təsir göstərən güc mərkəzinə çevrilmiş, söz sahibi olmuş, siyasi, iqtisadi, sənaye, hərbi, yeni texnologiyalar və digər sahələrdə mühüm nailiyyətlər əldə etmişdir. Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır".
Təbrikdə o da qeyd olunur ki, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir. "Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır", deyə dövlət başçısı bildirib: "Əminəm ki, xalqlarımızın zamanın sınaqlarından şərəflə çıxmış dostluğu və qardaşlığı, Azərbaycan-Türkiyə birliyi və müttəfiqliyi "Bir millət iki dövlət" və "Bir yumruq" fəlsəfələrinin ruhuna uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə davam edəcək və daha da möhkəmlənəcəkdir".
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı paylaşımında deyilir: "Cənab Rəcəb Tayyib Ərdoğanı və əziz bacım Əminə xanımı qələbə münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy xalqlarımızın qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Allah Azərbaycanı və Türkiyəni qorusun!".
"AZƏRBAYCAN-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN BU GÜN DÜNYADA BƏNZƏRİ YOXDUR"
Bu gün Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Türkiyə Cümhuriyyəti ötən müddət ərzində daha da güclənərək beynəlxalq aləmdə sabitliyin və təhlükəsizliyin simvoluna çevrilib. Qardaş ölkədə seçkilərin tam demokratik şəkildə keçirilməsi və Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu ölkənin gələcək uğurlarını təmin edəcəkdir. Onun liderliyi ilə Türkiyə inkişaf yolunda daha yüksək zirvələr fəth edəcəkdir. Regionda yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti çıxışlarının birində belə demişdir: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir." Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu: "Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir". Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi oldu və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir.
"BİZ DÜNYA MİQYASINDA, DÜNYA ÇAPINDA NADİR ƏMƏKDAŞLIQ, İŞ BİRLİYİ, MÜTTƏFİQLİK NÜMUNƏSİ GÖSTƏRİRİK"
Vətən müharibəsində qələbəmizdən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərləri qardaşlıq, dostluq mesajının daha bir təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk". Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu müharibə günləri bir daha göstərdi ki, dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək hər kəsin sevincinə səbəb oldu. Heç kəsə sirr deyil ki, Türkiyə Ermənistan-Azərbaycan münaqişəsinin həlli işində daim Azərbaycana böyük dəstək göstərdi. Bu gün işğaldan azad olunan torpaqlarımızda Azərbaycan və Türkiyə bayraqları dalğalanır.
Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldilib.
Nəzakət ƏLƏDDİNQIZI