Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizlə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Dünyanın bir çox ölkələri ilə yanaşı, Azərbaycanla İsrail arasında əlaqələr də yüksələn bir xətlə inkişafdadır. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib. Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşıdır və Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlıq isə ən yüksək səviyyədədir. Xalqlarımız ümumi tarixlə, dini əlaqələrlə, mədəniyyət və musiqi ilə, tolerantlıqla və qonaqpərvərliyə sevgi ilə bir-birinə bağlıdırlar. İsrail Azərbaycanla kənd təsərrüfatı, innovasiyalar, kiber-texnologiyalar, "ağıllı" şəhərlər sahəsində daim güclənən əməkdaşlığını davam etdirmək niyyətindədir.
"BU SƏFƏR ÖLKƏLƏRİMİZ ARASINDA DOST MÜNASİBƏTLƏRİN İNKİŞAFINA STİMUL VERƏCƏK"
Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində siyasi və iqtisadi maraqlar mühüm rol oynayır. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasət nəticəsində Azərbaycan ilə İsrail arasında enerji, müdafiə, milli təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm və s. sahədə sıx əməkdaşlıq var. Azərbaycanda çoxsayda İsrail şirkətləri fəaliyyət göstərir. Təbii ki, bu əlaqələr - iki ölkə arasındakı münasibətlər qarşılıqlı hörmətə və razılığa əsaslanır. İsrail dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri bu əlaqələrin davamlığına söykənir. "Əminəm ki, bu səfər ölkələrimiz arasında dost münasibətlərin inkişafına stimul verəcək". Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla geniş tərkibdə görüşündə söyləyib. İsrail Prezidenti ilə ikitərəfli münasibətlərin gündəliyi və regional məsələlər barədə çox yaxşı müzakirələrin aparıldığını söyləyən dövlətimizin başçısı deyib: "Əminəm ki, heyət nümayəndələri ilə görüşlər, bilavasitə Sizinlə bu gün və sabah aparacağımız söhbət çərçivəsində geniş səpkidə məsələlər müzakirə olunacaq".
"BİZ AYRI-AYRI İSTİQAMƏTLƏR - TİCARƏT, ENERJİ, TƏHLÜKƏSİZLİK SAHƏLƏRİ ÜZRƏ ARTIQ ÇOXLU İŞLƏR GÖRMÜŞÜK"
Bildiyimiz kimi, İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir və möhkəmlənir. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun məlumatına görə, 2017-ci ildə Azərbaycan İsraildən daha çox silah alan üçüncü ölkə olub (137 milyon dollar dəyərində). İsrail-Azərbaycan münasibətləri bütün sahələri demək ola ki əhatə edir. "Biz ayrı-ayrı istiqamətlər - ticarət, enerji, təhlükəsizlik sahələri üzrə artıq çoxlu işlər görmüşük, mən tamamilə əminəm ki, böyük potensial mövcuddur", - deyən Prezident çoxlu işlərin görülməli olduğunu da diqqətə çatdırıb və İsrail prezidentinin Azərbaycana səfərini tarixi səfər kimi dəyərləndirib.
"BU İL AZƏRBAYCANIN İSRAİLDƏ SƏFİRLİYİNİN AÇILMASI ƏLAQƏLƏRİMİZİ YÜKSƏK SƏVİYYƏYƏ QALDIRACAQ"
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında hazırda ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını vurğulayıb: "Budəfəki rəsmi səfər çərçivəsində ikitərəfli münasibətlərimizin gündəliyindəki mühüm məsələləri nəzərdən keçirmək üçün daha çox imkanımız oldu. Şübhəsiz ki, bu il Azərbaycanın İsraildə səfirliyinin açılması əlaqələrimizi yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı fəaliyyət üçün geniş imkanlar yaradacaq".
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi ilə bağlı Sərəncam imzalamışdır. Vurğulamaq yerinə düşər ki, 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Mövcud əlaqələrin inkişafında təbii ki, Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri var. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu çıxışların birində qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirmişdir: "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. …yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır".
"İQTİSADİ GÖSTƏRİCİLƏR TİCARƏT DÖVRİYYƏSİNİN 1,7 MİLYARD ABŞ DOLLARINDAN ÇOX OLDUĞUNU GÖSTƏRİR"
İsrail ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq xeyli artmaqdadır. Müstəqilliyimzin ilk illərində Azərbaycan sənaye sahələrini tənzimlədikdən və iqtisadiyyatını sərbəstləşdirdikdən sonra İsrail şirkətləri Azərbaycan bazarlarına nüfuz etdilər. Bir çox şirkət xidmət sənayesinə investisiya yatırdı. Məlumdur ki, İsrail Azərbaycan neftinin ən iri alıcılarından biridir. O, neftə olan tələbatının mühüm hissəsini Azərbaycan nefti hesabına ödəyir. İsrail həmçinin Azərbaycandan böyük həcmdə neft məhsulları idxal edir. 2007-ci ilin fevralında iki ölkə arasında ilk iqtisadi sənəd olan İnvestisiyaların Qorunması və Təşviqi haqqında razılaşma imzalanıb. "Bəzi iqtisadi göstəricilər ticarət dövriyyəsinin 1,7 milyard ABŞ dollarından çox olduğunu göstərir ki, bu da mühüm rəqəmdir. Amma hesab edirəm ki, növbəti illərdə ticarət dövriyyəmizi şaxələndirməyə çalışmalıyıq", - deyə Prezident mətbuata bəyanatında səsləndirib. Planlaşdırılan birgə layihələrin reallaşdırılması nəticəsində ticarət dövriyyəsinin daha çox tarazlaşdırılacağına ümid etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Bu, yalnız enerji amilindən asılı olmayacaq, baxmayaraq ki, Azərbaycan uzun illərdir İsrail üçün etibarlı xam neft tədarükçüsü hesab olunur. Bu, həm də enerji sahəsində sıx əməkdaşlığımızın olmasının göstəricisidir".
İsrail prezidentinin Azərbaycana səfəri çərçivəsində ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması da müzakirə edilib. "Hazırda həftədə cəmi 4 reys yerinə yetirilir" – deyən Prezident qeyd edib ki, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib. Həmçinin İsraildən daha çox turist dəvət etmək üçün orada mövcud olan təqdimat imkanlarının araşdırılması və Azərbaycandakı yəhudi icmasının çoxəsrlik həyatı haqqında ətraflı məlumat təqdim edilməsi barədə göstəriş verildiyini bildirən dövlətimizin başçısı bunun ölkəmiz üçün böyük sərvət olduğunu deyib.
Azərbaycanlılarla bu ölkədə yaşayan yəhudi icması arasında qədim dostluq və qardaşlıq əlaqələri mövcuddur. Müxtəlif ölkələrdən olan yəhudi mənşəli qonaqlar, həmçinin İsraildən Azərbaycana gələn müsafirlər və diplomatlar qeyd edirlər ki, bu diyarda antisemitizm yoxdur və yəhudilərə dost münasibəti göstərilir. 2600 ildən çoxdur ölkədə yaşayan Azərbaycanın Yəhudi icması heç bir zülmə, qırğına və ya yerli əhali tərəfindən digər nifrət təzahürlərinə məruz qalmayıb. Azərbaycanla İsrail arasındakı münasibətlərdə ən vacib aspektlərdən biri təbii ki, ölkəmizdə yaşayan yəhudi icmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında yəhudi icmasının rolunu dəfələrlə qeyd edib. Azərbaycan dövlətinin başçısının çıxışlarının birində vurğuladığı kimi, Azərbaycan və yəhudi xalqları əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb, ölkələrimiz arasında bu dostluq və qardaşlıq münasibətləri bu gün də davam edir. Azərbaycanın yəhudi icması ikitərəfli münasibətlərimizin möhkəmlənməsinə fəal kömək edir. Azərbaycan 2 min ildir yəhudi icması üçün təhlükəsiz sığınacaq və vətəndir. Yəhudi icması antisemitizmin olmadığı bu ölkədə o vaxtdan yaşayıb və yaşayır. Hazırda Azərbaycanda 7 sinaqoq, 2 yəhudi ibtidai məktəbi, 3 bağça və 1 "Yeşiva" fəaliyyət göstərir.
Azərbaycanın əsl qürur yeri olan Qırmızı Qəsəbə bütün dünyada İsraildən sonra dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə unikal məkandır. Azərbaycanda yaşayan yəhudilərin Şabat bayramının Qırmızı Qəsəbədə keçirməsi həqiqətən də buranın onlara doğma diyar olmasından xəbər verir. Burada ayrı-seçkilik kimi hallardan əsər-əlamət yoxdur. Onlar burada sülh şəraitində xoşbəxt yaşayırlar. Odlar diyarında yəhudilər və müsəlmanlar əsrlər boyu dinc yanaşı və harmonik həyat sürürlər. Azərbaycan özünün tolerantlıq nümunəsi ilə dünyada mövcud olan bütün stereotipləri məhv edir. Azərbaycan nümunəsi göstərir ki, əsas dinlərin - iudaizm, xristianlıq və islam dinlərinin nümayəndələrinin qarşılıqlı hörmət əsasında harmonik inkişaf etmələri üçün bu cür dinc yanaşı yaşamaq mümkündür.
Nəzakət ƏLƏDDİNQIZI