Azərbaycan Respublikası Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması üçün öz səylərini davam etdirir və bu gün sülh gündəliyi öz aktuallığını qoruyub saxlayır. Cari ilin 25 May tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri bu istiqamətdə atılmış növbəti addım kimi qiymətləndirilir. Səfər çərçivəsində dövlətimizin başçısı Cənab İlham Əliyev Moskvada Avrasiya İqtisadi Birliyi çərçivəsində təşkil olunmuş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.Görüş zamanı bir çox önəmli məsələlər müzakirə olunub. Şuranın iclasında çıxış edən Prezident cənab İlham Əliyev ilk öncə Avrasiya İqtisadi Birliyinin üzv dövlətlərinin sammitinə dəvətinə görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təşəkkürünü bildirib.Azərbaycanın Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə sabit əməkdaşlıq əlaqələrinin 30 il ərzində uğurla inkişaf etdiyini bildirən dövlət başçımız məlumat verib ki, ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib və əlavə edib ki, 2023-cü ilin ilk dörd ayında qarşılıqlı ticarətin həcmi 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub.Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşdiyini və bütün istiqamətlərdə daşımaları həyata keçirmək üçün ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyədə olduğunu, Azərbaycanın Xəzər dənizində 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malik olduğunu xatırladan Prezident İlham Əliyev bildirib ki, 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Azərbaycanın dayanıqlı və artım nümayiş etdirən iqtisadi müstəqilliyə nail olduğunu diqqətə çatdıran cənab Prezident bir sıra iqtisadi göstəriciləri sadalayıb: “Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir”.Azərbaycan iqtisadiyyatının böyük hissəsinin artıq qeyri-xammal sektorunda formalaşdığını, ixracın və iqtisadiyyatın şaxələndirilməsi məsələlərinin uğurla həll olunduğunu qeyd edən Prezident İlham Əliyev artıq bir neçə ildir ki, Bakıda bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsinin fəaliyyət göstərdiyini, Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısı olduğunu vurğulayaraq Azərbaycanın ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılmasında təşəbbüs irəli sürdüyünü bildirib. Bundan əlavə o, son iki ildə işğaldan azad olunmuş Füzuli və Zəngilan rayonlarında tikilmiş aeroportlar da daxil olmaqla Azərbaycanda 8 beynəlxalq hava limanının fəaliyyət göstərdiyini və hazırda Laçın rayonunda tikintisi davam edən doqquzuncu beynəlxalq hava limanının 2025-ci ildə istismara veriləcəyini, ölkəmizin illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malik olduğunu söyləyib. Çıxışı zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərinin normallaşdırılması məsələlərinə toxunan dövlət başçısı Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü barədə məlumat verərək bu məsələnin həlli işində Rusiyanın maraqlı olduğunu qeyd edib.Ali Baş Komandanımız Ermənistanın etirafını-rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alaraq, sülh sazişinə nail olmaq üçün imkanların ola biləcəyini, bundan əlavə, Azərbaycanın heç bir dəhlizi bloklamadığını, Laçın- Xankəndi yolunun açıq olduğunu, Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsinin qoyulduğunu və bu nəzarət-buraxılış məntəqəsinin Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşdiyini, bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınlarının keçdiyini diqqətə çatdırıb.Ümumilikdə bu görüş Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə fəal qarşılıqlı əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda möhkəmləndirmək üçün öz əhəmiyyətli rolunu oynayacaq.
Günay Məmmədli
YAP Yasamal rayon “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri