PDF Oxu

Siyasət

  • 3 431

Azərbaycan-Litva münasibətlərində strateji tərəfdaşlıq ŞƏRH

Azərbaycan-Litva münasibətlərində strateji tərəfdaşlıq ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin xarici dövlətlərə səfərləri və səfərlər çərçivəsində çıxışlarında verdiyi mesajlar ölkəmizin artan qüdrətindən, gücündən, dünyadakı mövqeyindən, sahib olduğu imicindən irəli gəlir. Dünya ölkələri ilə qurduğu münasibətlərin strateji xarakter alması Azərbaycanın bir daha sahib olduğu gücünü sərgiləyir. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya dövlətləri ilə diplomatik münasibətlərin qurulmasında uğurlu addımlar atmış və öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Mövcud münasibətlər dövlətlərarası qarşılıqlı əməkdaşlığa, dostluğa söykənir. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litvaya səfəri və səfər çərçivəsində geniş fikir mübadiləsinin aparılması dövlətlərarası münasibətlərin strateji tərəfdaşlığını özündə ehtiva edir. Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuşdur. Baltikyanı ölkələrdən olan Litva ilə münasibətlərdə həm də hər iki ölkənin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqları mövcuddur.
Dövlət başçısının Litva Respublikasına rəsmi səfəri münsasibətlərin yüksələn xətlə inkişafına əsaslanır. Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub. Hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edir. Məlumdur ki, Litva ilə Azərbaycan strateji tərəfdaşdırlar. Ölkələr arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə əməkdaşlığın mahiyyətini əks etdirir. Xatırladaq ki, hələ 2007-ci il sentyabr ayının 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri çərçivəsində iki ölkə arasında imzalanan "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannamə ölkələrarası əməkdaşlığın inkişafında mühüm hüquqi baza olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva səfəri çərçivəsində mətbuata bəyanatla çıxışında dövlətlərarası çox fəal siyasi dialoq aparıldığını diqqətə çatdıraraq, bu dialoqun konkret nəticələrlə də tamamlandığını bildirib: "Siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Biz çox ümid edirik ki, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək".
Azərbaycan Litva arasında gənclər və hüquq-mühafizə sahələri üzrə əməkdaşlıq haqqında sazişlərin imzalanması ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacaqdır. Regional məsələlərlə də bağlı geniş fikir mübadiləsi aparılıb və dövlətimizin başçısı Litva Prezidentini Azərbaycan-Ermənistan sülh danışıqları haqqında məlumatlandırıb. "Sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək", - deyə Prezident bildirib ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüşdür, ərazilərimizin təxminən 20 faizi işğal altında idi. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər bölgədə yeni reallıqlar yaradıb. Azərbaycan sülhsevər dövlət olaraq hər zaman sülhün, təhlükəzliyin təminatçısı olaraq çıxış edir. İnkişaf və tərəqqi yolunda olan Azərbaycan, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərini genişləndirməkdə davam edir. Qətiyyətli, prinsipial mövqe nümayiş etdirir. Prezident İlham Əliyev bəyanatında bu fikri bir daha diqqətə çəkib: "İşğal edilmiş ərazilərdə demək olar ki, bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılıb. Biz hesab edirik ki, sülh anlaşmasının imzalanması qaçılmazdır və çalışırıq ki, öz tərəfimizdən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərək. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir".
Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Neft kəmərləri Azərbaycan neftini dünya və Avropa bazarlarına çıxarır. Ölkəmiz artıq qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Səfər zamanı Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi aparılıb. "Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq", - deyən Azərbaycan Prezidenti bildirib. Ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşdüyünü qeyd edən Prezident "Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir", - deyə vurğulayıb. Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır müasir infrastruktur buna lazımi imkanlar yaradır. Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. "Sadəcə olaraq, biz birgə səylərlə həmin birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq", - deyə Prezident qeyd edib.
Mövcud münasibətlər ölkələr arasında bir çox sahələrində nailiyyətlərin əldə olunmasına səbəb olacaqdır. Bu görüşlər vahid mövqedən çıxış edən Azərbaycan və Litva respublikaları arasında inkişafa yeni imkanlar yaradır və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri

Digər xəbərlər