PDF Oxu

Siyasət

  • 3 483

Kosmik sənayenin inkişafı Azərbaycanın iqtisadi gücünü artırır TƏHLİL

Kosmik sənayenin inkişafı Azərbaycanın iqtisadi gücünü artırır TƏHLİL

Son illər ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf etməkdədir. Artıq bu sahədəki uğurlu nailiyyətlər insan fəaliyyətinin, sosial-iqtisadi münasibətlərin tərkib hissəsinə çevrilib. Hazırda Azərbaycan internet istifadəçilərinin sıxlığına görə MDB ölkələri arasında birinci yerdədir, Avropa məkanında isə, 8-ci sıradadır. Xüsusilə də, “Elektron hökumət” layihəsinin həyata keçirilməsi İKT sahəsində müsbət dinamika daha cəlbedici olub. Bu layihənin əsas hədəfi sahibkarlara, əhali qruplarına, biznes sektoruna verilən xidmətləri avtomatlaşdırmaq, eləcə də dövlətin özünün müxtəlif prosedurlarını avtomatlaşdırmaqdır. Xidmətlərin elektronlaşdırılması Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə tədbirlərinin müsbət nəticələr verməsinə imkanlar yaradır. Hazırkı dövrdə “Elektron hökumət” portalına 45 qurum fiziki olaraq qoşulmuş və Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 428 elektron xidmətdən 280-i vahid portal (bir pəncərə prinsipi) vasitəsilə əhaliyə təqdim olunur. 270 xidmət Vətəndaşlar üçün Elektron Xidmətlər Portalında, 313 xidmət isə dövlət qulluqçuları üçün Elektron Xidmətlər Portalında yerləşdirilib. Azərbaycan Prezidenti İlham Əliyev kosmik sənaye sektorunun inkişafı sayəsində respublikamızın siyasi-iqtisadi gücünün daha da artacağını vurğulayıb: "Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır".

İKT sektoru üzrə investisiya qoyuluşu artmaqdadır

Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında informasiya-kommunikasiya texnologiyalarının inkişafı öz əksini tapmışdır. Konsepsiyaya görə, ölkə əhalisinin İKT və rabitə xidmətlərindən istifadə imkanları daha da genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması və ölkə üzrə tam rəqəmli televiziya yayımının tətbiq olunması nəzərdə tutulmuşdur. Bu gün artıq tam əminliklə, demək olar ki, təsdiqlənən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında planlaşdırılan hədəflərə və məqsədlərə nail olunub. Görülən işlərin məntiqi olaraq artıq ölkə əhalisinin 80 faizdən çoxu internet istifadəçisidir. Əhalinin və turistlərin ictimai yerlərdə internetə daha rahat çıxışını təmin etmək üçün Bakının 20 parkında “İctimai Wi-Fi” istifadəyə verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayı ərzində İKT sektoru üzrə investisiya qoyuluşu 69 faiz artaraq 225 milyon manat olub. Sektorun gəlirləri isə 1,1 milyard manatdan 1,2 milyard manata yüksəlib, gəlirlərin artım tempi isə 7,7 faiz təşkil edib. Ölkəmizdə beynəlxalq internet kanallarının ümumi tutumu 820 qeqabitədək artırılıb. Beynəlxalq səs trafikinin etibarlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə cari ildən etibarən Beynəlxalq Telefon Stansiyasının üç ehtiyat sistemi istismara verilib.

Avropa və Amerika mütəxəssislərinin birgə səyləri ilə hazırlanan və Azərbaycan bayrağının təsviri ilə kosmosa göndərilən "Azərspase-1" telekommunikasiya peykinin orbitə çıxarılması ölkəmizin daha bir nailiyyəti olaraq tarixə düşdü. Bu, Azərbaycanın elmi-texniki və iqtisadi qüdrətinin təntənəsi idi. İstismar müddəti 15 il olan "Azərspase-1" peyki Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Eyni zamanda, Azərbaycanın ilk telekommunikasiya peyki informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi ilə yanaşı, kommersiya xarakterli və gəlirli bir layihədir. Azərbaycan Prezidenti İlham Əliyev bu peykin fəaliyyətinin iqtisadi cəhətdən də səmərəli olacağını vurğulamışdır: "Gələcəkdə bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu, əminəm ki, hər kəs görəcəkdir. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayacaqdır. Mən buna əminəm. Mən çox şadam ki, biz bu istiqamətdə bütün işləri planlı, məqsədyönlü şəkildə aparırıq. Bütün addımları atırıq ki, ölkəmiz daha da güclənsin, Azərbaycan daha da müasir dövlətə çevrilsin". Artıq uğur əldə edilib. 2014-cü ildən "Azərspace-1" peyki vasitəsilə Azərbaycanın bütün televiziya və radio kanalları keyfiyyətli yayıma başlayıb. Həmçinin tələb və rəqabətin artması, peyk tutumlarının bazar qiymətlərinə uyğun təklif olunması "Azerspace-1" peykinin əhatə etdiyi regionlarla əməkdaşlığı gücləndirməyə, eləcə də Livan, əfqan, ərəb bazarında fəaliyyət göstərməsinə şərait yaradıb. Hazırda "Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azerspace-1" peyki regionda kifayət qədər tanınıb. Bu gün Azərbaycan orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir və kosmik sənayenin inkişafı üçün çox gözəl imkanlar mövcuddur. Qafqazın ilk peyk operatoru olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə ikinci telekommunikasiya (sayca üçüncü) və 2018-ci ildə çox yüksək ayırdetməyə malik olan ikinci müşahidə peykinin (sayca 4-cü) orbitə çıxarıldı. Ekspertlərin qənaətinə görə, 2023-cü ildə Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan yaxın gələcəkdə regional kosmik sənaye mərkəzinə çevriləcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Azərbaycan dünyanın sayı o qədər də çox olmayan kosmik klubuna da üzv olub. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan gələcəyə doğru inamla addımlayır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində demişdir: "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var. Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun".

"Azərspace-1" peyki vasitəsilə Azərbaycan, türk, ingilis, gürcü, fars, əfqan və digər dillərdə 120-dən artıq televiziya kanalı yayımlanır. "Azərspace -1" peykin orbitə çıxarılmasının ardınca 2018-ci il sentyabrın 26-da Fransanın Qvianasında yerləşən Kuru kosmodromundan Azərbaycanın “Azerspace-2” peyki orbitə buraxıldı. Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqa təbrikində demişdir: “Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azerspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək

Yerli və xarici mütəxəssislər o fikirdədirlər ki, 2023-cü ildə kosmik sənayenin inkişafı üçün çox gözəl imkanları olan Azərbaycanda İKT sektorundan əldə olunan gəlirlər neft gəlirlərini üstələyəcək. Bu istiqamətdə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığı artır və daha da dərinləşir. Bütün bunlar Azərbaycanda uğurla həyata keçirilən dövlət siyasətinin göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi "Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var… Əsas məsələ ondan ibarətdir ki, bütün bu strategiyamızı düzgün planlaşdıraq və addımlarımızı düzgün ataq ki, Azərbaycan bu sahədə də birincilər sırasında olsun". “Azerspace-2” peykin orbitə çıxarılması ölkəmizin iqtisadi gücünə güc qatacaq. Çünki, "Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək və Azərbaycana 400 milyon dollar gəlir gətirəcək. Nəzərə almaq lazımdır ki, 2013-cü il fevralın 8-də orbitə çıxarılan “Azərspace-1” telekomunikasiya peyki 15 illik istisamar müddəti ərzində ölkəmizin iqtisadiyyatına 220 milyon ABŞ dolları gəlir gətirəcək.“Azersky” müşahidə peyki isə, ümumilikdə ölkəmizə 200 milyon avro gəlir gətirəcəyi proqnozlaşdırılır.

Bir sözlə, kosmik sənayenin inkişafı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına təkan olub. Bu isə, aparılan siyasətin düzgün və əsaslı olduğunu göstərir. Nəticələr ürəkaçan olduğundan onu qeyd etmək olar ki, Azərbaycan xalqının və dövlətinin sabahı bu günü kimi parlaq və çox uğurlu olacaq.

İ.ƏLİYEV

Digər xəbərlər