Siyasət

  • 1 234

Qardaşlıq bağlarında yeni və qlobal çağırışlar ŞƏRH

image

Azərbaycan və Türkiyənin sarsılmaz, möhkəm bağlılıqları bütün sahələri əhatə etməsi ilə yanaşı, qlobal dünyaya yeni çağırışlar sərgiləməkdədir

Qardaş Türkiyənin sabiq baş naziri Binəli Yıldırım Türkiyə ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərini şərh edərkən maraqlı bir tarixçəni xatırladıb. “Vaxtilə Əbülfəz Elçibəy dörd vertolyot istədi, Türkiyə onları verə bilmədi. Bu gün isə Prezident Ərdoğan bildirir ki, “Qarabağ sizin haqq işinizdir”, deyə xatırladan Binəli Yıldırım bir mühüm amili diqqətə çatdırmaq istəyib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixin ən yüksək zirvəsindədir. Tarix boyu Türkiyə və Azərbaycan heç vaxt bu qədər bir-birinə yaxın olmayıb. Eyni zamanda, vaxtilə Ermənistanın törətdiyi soyqırımından azərbaycanlı mülki əhalini xilas etmək istəyən Azərbaycana Türkiyə yardım əlini uzada bilməmişdi.

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan faktoru

Amma indi Türkiyə tam şəkildə və birmənalı olaraq Azərbaycanın yanındadır, ölkələrimiz arasında qarşılıqlı dəstək potensialı əsaslı qaydada realizə olunmaqdadır. Və bu gün tarixi, mədəniyyət və digər önəmli əsaslarla yanaşı, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri siyasət iki qardaş ölkə arasında münasibətlərin ən yüksək zirvəyə qalxmasını şərtləndirən əsas amildir!

Həmçinin, bütün dünyaya örnək ola biləcək bu münasibətlər digər faktoru da önə sürür – artıq bu gün nə Türkiyə, nə də Azərbaycan ötən əsrin 90-cı illərindəki ölkələr deyil, Prezident İlham Əliyev və Prezident Ərdoğanın sayəsində öz taleyi, siyasəti, münasibətləri və s. ilə bağlı özləri, müstəqil qərar verən, maraq və mənafelərini müdafiə etməyi və istənilən təzyiqə müqavimət göstərməyi bacaran güclü dövlətlərdirlər.

Ən əsası isə, Prezident Ərdoğanın qətiyyəti və Qarabağ müharibəsində Azərbaycana dəstəyi ölkələrimizin şanlı tarixlərinə yazılan zəfər simvollarından biridir. Təkcə müttəfiqliyimizi əks etdirən Şuşa bəyannaməsi özündə bütün reallıqları əks etdirməkdədir. Belə ki, Azərbaycan-Türkiyə qardaşlığı əsasında formalaşan daha bir gerçəklik budur ki, məhz 44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra regionda yaranan yeni geosiyasi mühit lider ölkə keyfiyyətlərini daha çox önə sürdü. Artıq əminliklə deyə bilərik ki, regionun lider ölkəsi qardaş Türkiyədir və Türkiyənin liderliyi eyni zamanda, Azərbaycanın artan liderlik imkanlarını tamamlayır. Daha dəqiq desək, dəyişən reallıqlar fonunda Azərbaycan-Türkiyə birliyinin, müttəfiqliyinin geostrategiyası üzərində qurulan vahid siyasət vektoru özündə liderlik faktorlarını da ehtiva etməkdədir.

Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur

Vətən müharibəsindən əvvəl və sonra regionda cərəyan edən hadisələrin müqayisəsini də aparsaq belə qənaətə gələ bilərik ki, əslində, qazanılmış bu uğur düşünülmüş və məqsədyönlü vahid strategiyanın məntiqi nəticəsidir. Regional məsələlərin hər birində Azərbaycan Türkiyəsiz, Türkiyə də Azərbaycansız qərarlar qəbul etmir, qarşılıqlı və davamlı müzakirələr fonunda əhəmiyyətli qərarlar verilir, nəticələr hasil olunur.

İstər hərbi-müdafiə və hərbi sənaye, istərsə də digər faktorlarda daim Azərbaycanın yanında olduğunu praktiki şəkildə sübuta yetirməkdədir. Biz buraya iki ölkənin Müdafiə Nazirlikləri tərəfindən keçirilən və ənənə şəklini alan planlı hərbi təlimlərini, habelə birgə iqtisadi layihələri icra etməsini də göstərə bilərik.

Mühüm amillərdən biri də budur ki, Azərbaycan 44 günlük müharibə dövründə dünyaya beşinci nəsil yeni, müasir müharibə və qələbə reallığını göstərdi. Təkcə zərbə dronlarının istifadəsi və düşmənə sarsıdıcı zərbələrin endirilməsi də sübut edir ki, Azərbaycan qardaş Türkiyənin mənəvi dəstəyi ilə özünü tənha hiss etmədi.

Ərdoğanın seçkilərdə qalib olması isə artıq yeni səhifələr açır və beləliklə, iki qardaş ölkənin sarsılmaz, möhkəm bağlılıqları bütün sahələri əhatə etməsi ilə yanaşı, qlobal dünyaya növbəti çağırışlar sərgiləməkdədir.

Afət Tahirqızı

Digər xəbərlər