“Prezident İlham Əliyev laçınlılarla görüşü zamanı Xankəndidə yaşayan ermənilərə Azərbaycana inteqrasiya olunması üçün yeganə yolun nədən ibarət olduğunu açıq şəkildə bildirdi. Bu yol Azərbaycan vətəndaşlığını qəbul etmək, qanunlarımıza tabe olmaq, silahlı birləşmələri tərksilah etmək və saxta qurumları ləğv etməklə bağlıdır”. Bunu millət vəkili Azər Badamov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, Xankəndidə yaşayan sadə ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirlər: “Amma separatçı ünsürlər onlara imkan vermir və Xankəndi sakinlərini girovluqda saxlayır. Azərbaycan da bu vəziyyəti uzaqdan seyr etməkdə davam etməyəcək. Hələ ki, biz səbir göstəririk. Bununla yanaşı, sərhədlərimizi möhkəmləndiririk, o cümlədən aprel ayında Laçın yolunun Ermənistanla birləşən yerdə sərhəd xidmətinin nəzarət keçid məntəqəsini qoymaqla Ermənistanla sərhədlərimizi tam şəkildə nəzarətə götürmüşük. Əgər Xankəndidə məskunlaşan ermənilər çağırışlarımıza müsbət yanaşmasa, yaxın zamanlarda antiterror əməliyyatı keçirə və Qarabağı separatçı ünsürlərdən təmizləyə bilərik. Bu, Azərbaycanın beynəlxalq normalara uyğun haqqıdır və heç kim mane ola bilməz. Hesab edirəm ki, Qarabağda yaşayan ermənilər çağırışlarımızdan nəticə çıxaracaq və bizi yeni əməliyyatları keçirməsinə vadar etməyəcəkdir”.
GÜLYANƏ