Siyasət

  • 1 580

Azərbaycan İsrail münasibətləri həndəsi silsilə ilə inkişaf edir ŞƏRH

image

İsrail Azərbaycanın 25 dekabr 1991 tarixində müstəqilliyini tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 7 aprel 1992 tarixində qurulmuşdur. 1993-ü ilin avqust ayından etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Cari ilin martın 29-da xarici işlər naziri Ceyhun Bayramovun və İsrailin xarici işlər naziri Eli Kohenin iştirakı ilə Azərbaycan Respublikasının İsrail dövlətindəki Səfirliyinin açılış mərasimi keçirilib.29 avqust 1997-ci il tarixində İsrail Baş naziri Benyamin Netanyahu ilk dəfə Azərbaycana rəsmi səfər etmiş və Heydər Əliyevlə görüşmüşdür. 28-29 iyun 2009 tarixlərində İsrail prezidenti Şimon Peresin Bakı səfəri isə siyasi-diplomatik münasibətlərin ən yüksək səviyyəyə çatdığının bir göstəricisi olaraq dəyərləndirilə bilər. Peresin Bakıya rəsmi səfəri ardından İran Azərbaycana təzyiq məqsədilə Bakıdakı səfirini “məsləhətləşmək üçün” geri çağırmış, lakin İsrail-Azərbaycan münasibətlərini poza bilməyəcəyini anlayaraq səfirin “şəxsi səbəblərlə” geri döndüyünü bildirmişdir. Hələ Azərbaycan müstəqillik əldə etməzdən öncə, 1982-ci ildə bütün SSRİ məkanında ilk dəfə məhz Bakıda Yəhudi Sohnut Məktəbi açılmışdır. 1987-ci ildən etibarən isə Bakı və Sumqayıtda bir sıra mədəni və Sionist təşkilatlar fəaliyyətə başlamışdır. Bu gün ölkədə 5 sinaqoq (3-ü Bakıda, 2-si Qubada) və 10-15 arası yəhudi təşkilatı fəaliyyət göstərir. İsrail hər zaman Azərbaycanın hərbi tərəfdaşı olmuş və ən çətin anlarda Azərbaycanı dəstəkləmişdir. ABŞ erməni lobbisinin təsiri ilə 1992-ci ildə “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişi etməklə Azərbaycana silah satışı qadağası qoyduqdan sonra belə İsrail Azərbaycanı ən yüksək növ silahlarla təmin etmişdir. Məsələn 1992-1994-cü illərdə, yəni Birinci Qarabağ müharibəsi zamanı İsrailin Azərbaycana Stinger raketlərini verdiyi məlumdur. Silah təminatı Vətən Müharibəsi zamanı daha çox özünü büruzə vermiş və Azərbaycanın müharibədəki zəfərində önəmli rol oynamışdır. Azərbaycanın İsraillə münasibətləri hər sahədə qarşılıqlı faydaya əsaslanır. İlk olaraq enerji və təhlükəsizlik sahələrində iki ölkə arası münasibətlər strateji müttəfiqlik səviyyəsində dəyərləndirilə bilər. Bundan başqa son dövrlərdə, xüsusilə Vətən Müharibəsindən sonra İsrailin Azərbaycanın bir çox digər sahələrinə yatırım layihələri ilə gəlməsi gözlənilir. Bunlar ölkədə yeni texnologiyaya əsaslanan sənaye sahələrinin və təsərrüfatın inkişafına dəstək verə bilər. Bütün bunlarla yanaşı İsrail və yəhudilər ilə əməkdaşlıq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, hətta “Azadlığa Dəstək Qanunu”na 907-ci düzəlişin 2002-ci ildən etibarən hər il davamlı olaraq durdurulmasına yardım edir.Bu gün İsrail Prezidenti İsxak Hersoqu qəbul edən cənab Prezident İlham Əliyev bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə, xalqlarımız arasında olan tarixi dostluq və mədəni əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib: “Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq.”

İsarillə ticari əlaqələrimizin yüksələn xətlə inkişafı da məmnunluq doğurur. Ölkəmizin başçısı bu səviyyədə ticarət dövriyyəsindən mənunluğunu ifadə edərək söyləmişdir: “Bəzi iqtisadi rəqəmlərə nəzər salarkən gördüm ki, ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur, bu da böyük məbləğdir. Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq və ümid edirəm ki, həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq. Buna baxmayaraq, uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da əslində enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir.” Qeyd edək ki, İsraillə Azərbaycan arasında kibertəhlükəsizlik müqaviləsinin olması ilk növbədə Azərbaycana qarşı kiber hücumların qarşısının alınmasında mühüm rol oynayır. Əməkdaşlığın əsas istiqamətləri enerji, ticarət, infrastruktur və yüksək texnologiyalardır. Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il isə təxminən 40% təşkil edib. Cənab Prezident kibertəhlükəsizlik sahəsində əmkdaşlığa ölkəmizdə mühüm əhəmiyyət verildiyini qeyd etmişdir: “Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.” İsraildə yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan yəhudilər iki ölkə arasında dostluq münasibətlərinin qurulması və inkişafında xüsusi rol oynayırlar. Yəhudi icması dünyanın heç bir yerində, heç bir ölkəsində azərbaycandakı kimi sərbəst və rahat olmayıblar. Bu tarixən belədir və hər iki xalq daim bir yerdə yaşayıb, mehriban münasibətlər həmişə yüksək səviyyədə olub. Cənab İlham Əliyev öz bəyanatında bu məsləyə də diqqət yönəldib: “Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Beləliklə, bu, ölkələrimiz arasında, belə deyək, mədəni körpülərdir. Buna görə onların bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.”

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. Onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər həndəsi silsilə ilə inkişaf edir. İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır. Hazırda Azərbaycanla İsrail arasında münasibətləri çoxtərəflilik, qarşılıqlı hörmət, dostluq kimi xarakterizə etmək olar. Hər iki dövlət başçısı sayəsində hazırda bütün sahələrdə əlaqələr yüksək səviyyədədir, İsrail Prezidentinin Azərbaycana bu gün gerçəkləşən səfəri isə bu münasibətləri yeni, daha sabit səviyyəyə çıxaracaq.

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Digər xəbərlər