Siyasət

  • 1 270

Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolu artır ŞƏRH

image

Mayın 25-də Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qonaq qismində iştirak edərək geniş və məzmunlu çıxış etdi.Cənab Prezident Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü olmasa da bu Birliklə iqtisadi əlaqələrin çox güclü olduğunu və ayrı ayrı üzv dövlətlərlə ticari, siyasi və mədəni əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdıraraq qeyd etdi ki, Birlik üzvlərindən yalnız Ermənistan bu əlaqələrdə istisna təşkil edir. Bu da təbii ki, ermənistanın 30 ildən artıq bir müddətdə yeritdiyi ekspansionist, işğalçı və qarətçilik siyasətinin nəticəsidir.

Prezident İlham Əliyev öz çıxışında qeyd etdi ki, “Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Biz əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.”
Cənab Prezidentin Moskva səfərinin əhəmiyyəti bir də ondan ibarət oldu ki, ölkə başçısı Azərbaycan həqiqətlərini bir daha dünyaya bəyan edərək indiki qloballaşan dünyada iqtisadi münasibətlərin böyük rol oynadığını diqqətə çatdırdı və bu sahədə Azərbaycanla əməkldaşlığın əhəmiyyəti diplomatik dildə vurğulandı. Ermənistanın qəbul etməyə məcbur olduğu sülh sazişi ilk növbədə onun bir dövlət kimi mövcudluğuna qarantiya olacağı da bir daha vurğulandı.
Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruyur və münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaranıb. Təqdirəlayiq haldır ki, Ermənistan hökuməti son vaxtlar ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyantlar səsləndirir. Digər tərəfdən isə, təssüflər olsun ki, bu ölkənin baş naziri hələ də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. O cümlədən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında da baş nazir Paşinyan əvvəlcə Azərbaycanı Ermənistanın ərazilərinə göz dikməkdə günahlandırmağa cəhd göstərdi. Sonra da ölkəmizi Laçın-Xankəndi yolunu bağlamaqda ittiham etməyə çalışdı. Əlbəttə ki, bütün bunlar əsassız, absurd ittihamlardır. Lakin hər zaman olduğu kimi, Prezident İlham Əliyevin bütün bu əsassız ittihamlara qətiyyətli və birmənalı, real faktlara və sağlam məntiqə əsaslanan cavabları Paşinyanı bu dəfə də çıxılmaz vəziyyətə saldı. Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Cənab Prezident bu çıxışında ölkəmizin sülh, sabitlik istəyini bir daha ifadə etdi və Azərbaycanla zor dilində, hədə ilə danışmağın, hər hansı əsassız iddialarla çıxış etməyin əhəmiyyətsiz olduğunu, əksinə sülh şəraitində əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırıldı.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər