Mayın 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib. İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə təkbətək və geniştərkibli görüşləri olub, iki dövlət arasında bir sıra sənədlər imzalanıb, mərasimin sonunda Prezidentlər mətbuata bəyanatla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxak Hersoq mətbuata bəyanatlarla çıxış ediblər, Prezident cənab İlham Əliyev bildirib ki, “Bu gün müzakirələr zamanı biz, həmçinin enerji sahəsində əməkdaşlığın necə genişləndirilməsi məsələsini də müzakirə etdik. Çünki biz investisiya layihələri, interkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar görürük.
Biz, həmçinin irriqasiya və kənd təsərrüfatı sahəsində planlarımızı və artıq görülmüş işləri müzakirə etdik. İsrailin bu sahədə böyük nailiyyətlərindən bizim xəbərimiz var və biz kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün bu müsbət təcrübədən istifadə etmək və ixrac bazarımızı şaxələndirmək istəyirik.
Nisbətən bu yaxınlarda əməkdaşlığa başladığımız sahələrdən biri kibertəhlükəsizlik sahəsidir. Bu sahədə fəal təmasların başlanılmasına çox şadıq. Bu gün artıq sirr deyil ki, kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Əlbəttə ki, bu sahədə İsrail şirkətlərinin böyük təcrübəsi bizim üçün faydalı olacaq. Həmçinin gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.”
Prezidentlərin görüşü zamanı xüsusi olaraq qeyd edilib ki, Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildən alınan silah və digər avadanlıqlar 44 günlük Vətən müharibəsi günlərində özünü ən yaxşı tərəfdən göstərmişdir.
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı