Laçın rayonu, ərazisi 1800 kvadrat kilometr olan, ən böyük rayonlarımızdan biridir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayır. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı qələbə qazanaraq, 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı azad edib. Azərbaycan Prezidentinin diplomatik məharəti, dürüstlüyü, dəmir iradəsi və Azərbaycan ordusunun şanlı Qələbəsi nəticəsində Ermənistan təslim sənədi imzalayıb, ərazilərimizi tərk etməyə məcbur oldu. İmzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonları Azərbaycana verilib. Bununla da Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. Məcburi köçkünlərin öz doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıtması Azərbaycanda dövlət siyasətinin mühüm prioritetidir. İşğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində aparılan işlər sürətləndirilmiş templə davam etdirilir, “Böyük Qayıdış” proqramı şərəflə icra edilir.
Cari ilin Mayın 27-28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Kəlbəcər rayonuna, sonra isə Laçın rayonuna səfəri, xalqımız üçün böyük əhəmiyyət kəsb edən Müstəqillik bayramına əlavə rəng qatıb. Səfər çərçivəsində burada gedən işlərlə, o cümlədən - Kəlbəcər rayonunun Yanşaq, Zallar kəndlərinin təməllərinin qoyulması, “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı, “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib, uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub, əlavə olaraq Kəlbəcərdə hərbi hospitalın açılışında və şəhərdə ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik məktəb binasının təməlinin qoyulması mərasimində iştirak edib. Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edən cənab Prezident yarımstansiyanı işə saldı, Laçın rayonunun Qorçu qəsəbəsinin və Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak etdi, şəhərdə aqro və Sənaye Parkında aparılan işlərlə tanış olub, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Laçın” şəhər yarımstansiyasının açılışında iştirak edib, Zabux kəndində aparılan tikinti işləri ilə tanış olub, mayın 28-də isə Laçın şəhərində Heydər Əliyev, Zəfər və 28 May küçələrinin kəsişməsində, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişməsində istiqamət bildirən lövhələrin, “1 Dekabr” adı verilmiş küçədə lövhənin açılışını edib və yekunda Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilmiş Laçın şəhərinə qaytarılmasına başlanılır. Birinci mərhələdə şəhərə ümumilikdə 97 nəfər olmaqla 20 ailə köçüb. Tədbirdə çıxış edən cənab Prezident, ilk növbədə, bu əlamətdar hadisə münasibətilə bütün xalqı, tədbirdə iştirak edənləri təbrik etdi. Doğrudan da, bu hadisənin Müstəqillik Günü ilə üst-üstə düşməsi tariximizə xüsusi yaraşıq verir. Laçınlıların uzun illər əziyyət çəkməsinə baxmayaraq, nəhayət ki, öz tarixi torpaqlarına qayıdırlar. Təbii ki, bu, sadə məsələ deyil. Bu missiyanın tam həyata keçirilməsi üçün erməni barbarları tərəfindən tamamilə dağıdılmış infrastrukturun bərpası üçün vaxt və nəhəng iş lazımdır. Bu gün, cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə nəhəng işlər görülür, bütün şəhər və rayonların, o cümlədən Laçının dirçəlişi uğurla reallaşdırılır. Bunu, nəzərdə tutulan işlərin cüzi bir hissəsini təşkil edən, yuxarıdakı qeyd olunan işlər sübut edir. Dirçələn Laçın şəhərinə köçən sakinlər hərtərəfli qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan xilas edən Azərbaycan ordusuna, eləcə də igidlərin qəhrəman əsgər və zabitlərinə minnətdarlıqlarını bildiriblər.
Uzun illər öz doğma yurdlarına qayıdacaqlarını gözləyən məcburi köçkünlər daim dövlət qayğısı ilə əhatə olunublar. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş sosialyönümlü dövlət siyasəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl və geniş miqyasda həyata keçirilir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü