44 günlük Zəfər savaşında Azərbaycanın hərbi və diplomatik qüdrəti ilə təmin olunan ərazi bütövlüyümüz ölkəmizin iqtisadi gücünün nümayişi olaraq işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq- quruculuq işləri fonunda bütün dünyaya təqdim olunur. Prezident İlham Əliyevin bu bölgədə aparılan işləri birbaşa nəzarətdə saxlaması həmin prosesin uğurunun başlıca təminatıdır. Bütün dünya erməni vandalizminin 30 illik işğal dönəmində Azərbaycan torpaqlarını viran qoymasına real şəkildə şahidlik etdi. Bir zamanlar həm sənaye, həm aqrar, həm də insan potensialı ilə bütövlükdə Qafqazın gözü sayılan bu bölgədə daş-daş üstə qalmamışdı. Torpaqların azad olunmasından sonra dünyada hökm sürən qlobal iqtisadi böhran və qeyri-sabit siyasi durumu nəzərə alan analitiklər bu bölgədə böyük layihələrin həyata keçirilməsi bir yana, insanların məskunlaşmasını belə yaxın onillik üçün real görmürdülər. Zəfər savaşında xalqın müzəffər Ali Baş Komandanı kimi düşmənə “Dəmir yumruq” zərbəsini endirən və mükəmməl siyasi bacarıqla Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirən Prezident İlham Əliyev bu məsələdə də bütün bədbin proqnozları darmadağın etdi.
Dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın Müstəqillik Gününü Laçın şəhərinə qayıdan əhali ilə qeyd etdi və bildirdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, istənilən nəticəni əldə etməyə qadirdir. İşğaldan azad edilmiş ərazilərimizdə hazırda geniş miqyas alan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının təqdimatıdır. Azərbaycan tarixi Zəfərindən dərhal sonra bu torpaqlarda bərpa işlərinə başlamaqla dünya hərb tarixində ilkə imza atmışdır. Azərbaycan bu ilkə imza ataraq qısa müddətdə ölçüyə gəlməsi mümkün olmayan işlər görüb. Bu müddətdə iki Beynəlxalq Hava Limanının işğaldan azad edilmiş Füzuli və Zəngilan rayonlarında tikilib istifadəyə verilməsi, üçüncü aeroportun Laçında tikintisinin davamı və 2025-ci ildə başa çatdırılmasının nəzərdə tutulması deyilənlərə bariz nümunədir. Prezident İlham Əliyevin laçınlılarla görüşündə qeyd etdiyi kimi, bu gün Laçın şəhərinin yeni siması müstəqilliyimizin nə qədər güclü olmasını bir daha göstərir.
Çünki cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. İlk 20 ailə artıq Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mərhələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq. Ümumilikdə ilin sonuna qədər daha çox insan Laçında yaşaya biləcək. Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilən Zabux və Sus kəndləri bu ilin sentyabr ayına qədər tamamilə inşa edilib sakinlərinin sərəncamına veriləcək. Dövlətimizin başçısı İlham Əliyevin mayın 27-də Kəlbəcər və Laçın rayonlarına reallaşdırdığı səfərlər mühüm məqamlarla yadda qaldı. Ağalı, Talış kəndlərinin ardınca Laçın şəhəri sakinlərini qarşıladı.
Dövlətimizin başçısının hər bir səfəri Böyük Qayıdışın daha da sürətləndirilməsinə xidmət edən mühüm addımlarla zəngindir. Yeni obyektlərin istifadəyə verilməsi, yaxud təməlqoyma mərasimlərinin keçirilməsi, bu və ya digər obyektlərdə görülən işlərlə tanışlıq və sair kimi işlərin hər birinin Prezident İlham Əliyevin nəzarətində olması hədəfə daha tez çatmağa stimul verir. Laçınlıların Laçın şəhərinə məhz may ayında qayıdışının təmin edilməsinin digər rəmzi mənası rayonun may ayında işğal edilməsidir. Laçınlılar 1992-ci ilin mayında işğal altına düşən rayonlarına 31 il sonra qayıtdılar. Artıq üç ildir ki, torpaqlarımızın işğal tarixlərini işğaldan azad edildikləri günlər əvəzləyib. Azərbaycan tarixi Zəfəri ilə torpağına sahib çıxaraq bir qarış torpağını belə düşmənə verməyəcəyini sübut edən xalq olduğunu təsdiqlədi.
Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri