Azərbaycan xalqının zəngin tarixinin şərəfli səhifələrindən biri olan 28 May - Azərbaycan Respublikasının Müstəqillik Günündə Prezident İlham Əliyevin işğaldan azad edilən Laçın şəhərinə səfəri böyük rəmzi məna daşıyır. Uzun fasilədən sonra Laçına qayıdan əhali ilə görüş zamanı çıxış edən prezident bildirib ki, bu gün ikiqat bayramdır, çünki laçınlılar öz doğma torpaqlarına qayıdıblar. Bu gün müstəqil Azərbaycan dövləti dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib və istənilən nəticəni əldə etməyə qadirdir.
Müstəqilliyimizin güclü olmasının göstəricilərindən biri olan Laçın şəhərinin bugünkü müasir simasının cəmi 7-8 ay ərzində ərsəyə gəldiyini, şəhərin böyük hissəsinin tamamilə yenidən qurulduğunu vurğulayan dövlət başçısı məlumat verib ki, ilk 20 ailə artıq dünəndən Laçında yerləşibdir və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək, birinci mərhələdə Laçında 4 minə yaxın insan məskunlaşacaqdır. Laçın şəhərinin Baş planı hazırlanıb, bütövlükdə 7-8 ay ərzində 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9 çoxmənzilli bina və orada 144 mənzil hazırlanıbdır. Beləliklə, artıq 764 ailə Laçın şəhərində yaşaya bilər. Hazırda Laçında tibb məntəqəsi hazırlanır, məktəb yeni dərs ili üçün hazır olacaq və ümumilikdə onlarla müəssisənin yaradılması nəzərdə tutulur. Burada həm yaşamaq, həm işləmək üçün bütün digər lazımi şərait yaradılır. Artıq Aqro və Sənaye Parkı yaradılmaqdadır, 1100-dən çox iş yeri yaradılacaq.
İşğaldan azad edilmiş bütün ərazilərdə geniş quruculuq işlərinin aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, mənfur düşmən 30 il ərzində bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, Azərbaycan isə cəmi iki il yarım zaman ərzində köçkünlərin birinci qrupunu Ağalı və Talış kəndlərinə yerləşdirib, bu ilin sentyabr ayına qədər isə Zabux kəndi tamamilə inşa edib zabuxluların sərəncamına veriləcək.
Torpaqlarımızın işğalı tarixinə nəzər salan dövlət başçısı qeyd edib ki, Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi. Həm Şuşa, həm də Laçın şəhəri müstəqilliyimizin bərpasının bir yaşı tamam olmamış, 1992-ci ilin may ayında işğala məruz qalmışdı. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi, hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün məkrli siyasi niyyətləri nəticəsində Şuşa və Laçın demək olar ki, düşmənə təhvil verilmişdi. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdı. Bu baxımdan bu görüşün məhz may ayında, xüsusilə də Müstəqillik Günündə keçirilməsinin tarixi rəmzi mənası var.
Azərbaycanın əldə etdiyi strateji əhəmiyyət daşıyan nailiyyətindən danışan ölkə Prezidenti bildirib ki, cari ilin aprel ayında Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsini quraraq öz ərazi bütövlüyümüzü tam bərpa etdik. Bu məntəqə Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətdə olan hərəkəti nəzarət altında saxlayacaq.
Cənab Prezident çıxışı zamanı xatırlatdı ki, bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan ayağa qalxa bildi, inkişaf yoluna qədəm qoya bildi, vətəndaş müharibəsinə son qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prezidenti seçilməsindən bu günə qədər Azərbaycan sabitlik məkanı kimi, dünyada nümunəvi ölkə kimi özünü təsdiqləyib.
Dünya miqyasında nadir ölkələrdənik ki, iqtisadi cəhətdən tam müstəqilik. Siyasi gücümüzü artırdıq, bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanla hesablaşırlar. Güclü ordumuz düşməni şanlı tariximiz olan İkinci Qarabağ Müharibəsində 44 gün ərzində darmadağın edib, onları diz çökdürüb və torpaqlarımızdan qovub. Milli ruhda yetişən gənc və vətənpərvər nəsil torpaqlarımızı işğaldan azad etdi, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq.
Artıq Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və bundan sonra artıq faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi manenin qalmadığını bəyan edən Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə sülh müqaviləsi imzalana bilər. Əks təqdirdə yenə də güclü tərəf və danışıqlar masasında və sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır.
Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etdiyi yubileyində “gün gələcək, biz Laçında daha gözəl evlər tikəcəyik” deyən Prezident İlham Əliyevin laçınlılara vədi həyata keçdi, həmin gün gəldi və həmin tarixdən 11 il keçəndən sonra laçınlılarla məhz Laçın şəhərində görüşməyin böyük xoşbəxtlik olduğunu qürur hissi ilə söyləyən dövlət başçısı bildirib ki, hər bir qarış torpaq bizim üçün əziz və doğmadır, hər şəhər, hər kənd bizimdir və torpaqdan pay ola bilməz. Qarabağımızın qala qapısı sayılan Laçın şəhəri qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək.
Məmmədli Günay
YAP Yasmal rayonu, “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri